Millət vəkili Astan Şahverdiyevin xaricdə yaşayan soydaşlarımızı təhqir etməsi bir neçə gündür ki, ölkə gündəminin əsas müzakirə mövzusuna çevrilib.
Deputatın Rusiya bazarlarında işləyənləri millətin "otxod”ları, "tör-töküntü”ləri adlandırması ictimaiyyətin və soydaşlarımızın qəzəbinə tuş gəlib.
Deputat işlətdiyi ifadəsinə görə Azərbaycan xalqından üzr istəsə də, bu məsələnin mahiyyətini dəyişməyib.
Məsələyə Prezident Administrasiyası səviyyəsində də reaksiya verilib.
İctimaiyyət, xüsusilə də xaricdə yaşayan soydaşlarımız millət vəkilinin mandatından məhrum edilməsi tələbi ilə çıxış edirlər.
Bəs hüquqi cəhətdən bu mümkündürmü?
Bildiyiniz kimi, sentyabr 26-da Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı keçirilmiş referendumda Konstitusiyanın 89-cu maddəsinə 6 və 7-ci bəndlər əlavə olunub. Əlavə edilmiş 7-ci bəndin mahiyyəti odur ki, deputat üçün qanunla müəyyən edilmiş etik-davranış qaydalarını kobud surətdə pozduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
Məsələ ilə bağlı açıqlama verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, etik-davranış qaydaları geniş bir məfhumdur:
"İndi bu davranış qaydalarının kriteriyaları müəyyən olunmalıdır. Hələlik Astan Şahverdiyevin fikirlərindən söhbət gedir. Fikir ifadə etmək etik-davranış qaydalarına şamil olunmur. Sadəcə olaraq o, öz fikrinə görə hansısa məsuliyyət daşıya bilər.
Parlament iclaslarında millət vəkilləri müxtəlif fikirlərini ifadə edə bilirlər və buna görə məsuliyyət daşımırlar. Parlamentdən kənar məsələlərə fikir bildirmək isə İntizam Komissiyasının səlahiyyətinə daxildir”.
Milli Məclisin İntizam Komissiyasının üzvü Fazil Mustafa qeyd edib ki, məsələnin mandatdan məhrum edilmə kimi sərt şəkildə qoyulması bir qədər mübahisəlidir:
"Çünki burada işlənmiş müəyyən fikir var və bundan sonra edilmiş üzrxahlıq var. Bura çox güman ki, töhmət variantı daha çox uyğun gəlir. Deputat mandatından məhrum edilmə çox sərt bir cəzadır. Hər hansı bir şəkildə xüsusi bir cinayət törətmək, hansısa şəxsin həyatına qəsb etmək, vətənə xəyanət, dövlətlərarası münasibətlərə zərər verən addımlar olarsa, bunun üzərinə gəlmək olar. İndiki halda isə verilmiş açıqlamaya görə üzr istənməsi halı var. Hər halda məsələ Komissiyada müzakirə olunanda fikirlər səslənəcək. İntizam Komissiyanın bilavasitə hüququ olan məsələ tənbeh verməkdir”.//Qafqazinfo
7News.az








