RU
Ağsuya içməli suyun verilməsi mərasimi -
02:18
961

Ağsuya içməli suyun verilməsi mərasimi -

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 17-də Ağsuya içməli suyun verilməsi mərasimində iştirak edib.

Dövlətimizin başçısı “milli su təchizati və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində həyata keçirilən Ağsu rayonunda su təchizatı, çirkab su sistemləri və çirkab su təmizləyici qurğunun tikintisi” layihəsi ilə tanış oldu.

Prezident İlham Əliyevə məlumat verən “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirdi ki, Ağsu şəhərinin içməli suya tələbatını təmin etmək üçün suyun Külüllü ərazisində Girdimançayın məcrası altından və Ağsuçayın yuxarı hissəsində mövcud olan quzey bulaqlarından götürülməsi nəzərdə tutulub. Külüllü ərazisində dəniz səviyyəsindən 175 metr yüksəklikdə yerləşən mövcud su qəbuledici qurğudan içməli suyun borularla qəbul edilərək Ağsu şəhərinə və rayonun 8 kəndinə ötürülməsi məqsədi ilə həmin ərazidə məhsuldarlığı 52,5 litr/saniyə olan nasos stansiyası və magistral boru kəməri, o cümlədən nasos stansiyasından təzyiq tənzimləyici anbarına qədər magistral təzyiqli boru kəməri tikilib. Bundan başqa Ağsu rayonunun Padar, Gursulu, Kalağaylı, Yenilik, Pirhəsənli və Elabad kəndlərinin 5260 nəfər əhalisini içməli su ilə təmin etmək üçün magistral boru kəmərindən su çıxışı verilib. Eyni zamanda, su şəbəkəsindən rayonun Təklə və Muradlı kəndlərinin 1080 nəfər əhalisini içməli su ilə təmin etmək üçün su çıxışı da hazırdır.

Bildirildi ki, Ağsuçayın yuxarı hissəsində yerləşən quzey bulaqlarından Ağsu şəhərinə 2010-cu ildə Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına magistral su ötürücü xətti rayon icra hakimiyyəti tərəfindən inşa edilib. Quzey bulaqlarından həmin boru xətti ilə nəql edilən içməli su layihə çərçivəsində əsaslı təmir edilərək müasir avadanlıqla təchiz olunan 500 kubmetrlik su anbarına nəql olunur və buradan əhaliyə paylanır. Bundan əlavə, layihə üzrə təzyiq tənzimləyici və paylayıcı anbarlar inşa olunub, Ağsu şəhərindəki daha bir su anbarı əsaslı təmirdən sonra müasir standartlara cavab verən yeni avadanlıqla təchiz edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, artıq layihə üzrə müxtəlif diametrli içməli və magistral su xətləri, o cümlədən şəbəkə su xətti çəkilib və bunun üzərində 5493 ev birləşməsi və 481 yanğın hidrantı quraşdırılaraq nəzərdə tutulan işlər yekunlaşıb. Abonentləri içməli su ilə təmin etmək üçün 5020 sayğacın quraşdırılması başa çatdırılıb. Bundan əlavə, müxtəlif diametrli kanalizasiya xətləri, o cümlədən kollektor xətti çəkilib. Kanalizasiya şəbəkə xətləri üzərində 5301 ev birləşməsi və 3136 baxış quyusu quraşdırılıb. Çirkab su təmizləyici qurğunun tikintisi üçün Muradlı kəndinin ərazisində torpaq sahəsi ayrılıb və hazırlıq işlərinə başlanılıb. Çirkab su təmizləyici qurğusundan çıxan təmizlənmiş suyun mövcud Ağsu kollektoruna axıdılması nəzərdə tutulub.

Sonra Prezident İlham Əliyev Ağsu ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Bu gün biz çox əlamətdar hadisəni birlikdə qeyd edirik. Ağsu rayonunun içməli su layihəsi artıq başa çatır və nəhayət, bu problem öz həllini tapır. Artıq şəhərə təmiz, gözəl mənbədən içməli su verilir və hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Çünki siz də yaxşı bilirsiniz, mən də bilirəm ki, Ağsunun içməli su problemi həmişə çox ciddi problem kimi qalmışdı. Yadımdadır, birinci dəfə Prezident kimi Ağsuya gələndə vətəndaşlar bu məsələni qaldırmışdılar ki, içməli suyun keyfiyyəti çox aşağıdır və insanların sağlamlığına mənfi təsir göstərir. O vaxt müəyyən tədbirlər görüldü. Ancaq bu gün Ağsu şəhərinin içməli su problemi əsaslı şəkildə tam həll olunur. Təmiz mənbədən keyfiyyətli içməli su verilir. Kanalizasiya layihəsi də başa çatmaq üzrədir. Mənə verilən məlumata görə, gələn il bu layihə də başa çatacaq.

Eyni zamanda, bu içməli su layihəsi çərçivəsində bir neçə kəndə də suyun verilməsi nəzərdə tutulur. Gələcəkdə əlbəttə ki, başqa kəndlərə də içməli suyun verilməsi nəzərdə tutulmalıdır. İçməli su insanların sağlamlığı üçün əsas şərtdir və əminəm, indi yaradılan bu şərait imkan verəcək ki, insanlar daha da sağlam olsunlar. Xüsusilə, gənclər, yetişən gənc nəsil sağlam böyüyəcək. Çünki içməli su, təmiz hava, keyfiyyətli ərzaq məhsulları, tibbi xidmət, fiziki hərəkət və əlbəttə ki, sağlam həyat tərzi insanların sağlamlığı üçün əsas amillərdir. Onların da demək olar ki, hamısı indi Ağsuda var. Yalnız xəstəxana çatışmır. Keçən dəfə mən burada olanda stadion açıldı. Bu gün isə idman mərkəzi açılıb, şəhərə içməli su verilir. Mən artıq buradan Səhiyyə Nazirliyinə tapşırıq verirəm ki, xəstəxananın tikintisini sürətləndirsinlər. Tezliklə o da sizin sərəncamınıza veriləcək.

Ağsu sakini Akif MİRZƏYEV dedi: Çox sağ olun, cənab Prezident. Allah Sizdən razı olsun. Bu gün Siz suyun verilməsi mərasimində iştirak edirsiniz. Ömrünüz su qədər uzun olsun. Minnətdarıq. Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Ağsu rayonunun inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq edən Şəfəq BALIYEVA dedi: Möhtərəm cənab Prezident, icazə verin bir-iki kəlmə də mən öz ürək sözümü bildirim. Bu gün dünya çox çətin dövr yaşayır. İstər təbii fəlakətlər, istər hərbi münaqişələr. Mən bütün Azərbaycan xalqı adından cəsarət edib çox xoşbəxt olduğumuzu bildirmək istəyirəm ki, bizim Sizin kimi sipərimiz, Prezidentimiz var və biz arxayın, aramla öz zəhmətkeş həyatımızı sürdürürük. Allah Sizi qorusun ki, Siz də bizi qoruyasınız.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Ağsu rayonunun uğurlu inkişafı məni çox sevindirir. Çünki mən artıq dördüncü dəfədir ki, Prezident kimi rayona səfər edirəm və görürəm çox böyük inkişaf var. Abadlıq, quruculuq işləri, sosial məsələlər öz həllini tapır, müəssisələr yaradılır. Burada böyük bir şirə zavodu istifadəyə verilmişdir, indi müxtəlif ölkələrə öz məhsullarını ixrac edir. Kənd təsərrüfatı inkişaf edir. Son vaxtlar yaratdığımız iri fermer təsərrüfatları arasında Ağsu rayonunda olan təsərrüfat məhsuldarlığa görə birinci yerdədir, rekord göstəricidir. Sizi təbrik edirəm.

SAKİNLƏR: Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Taxılçılıqda orta məhsuldarlıq bu gün Azərbaycanda ilk dəfə olaraq 30 sentnerdən yuxarıdır. Ağsuda təqribən 35 sentnerdir. Amma iri fermer təsərrüfatında bu, 50 sentnerdir. Bu, görünməmiş nailiyyətdir, yüksək nəticədir. Biz bu təcrübəni gərək başqa təsərrüfatlarda da tətbiq edək ki, daha da bol məhsul yetişdirək. Çünki insanların məşğulluğu, ərzaq təhlükəsizliyi, ümumiyyətlə, iqtisadi inkişaf üçün kənd təsərrüfatı xüsusi yer tutur.

Biz neft siyasətində bütün lazımi işləri gördük. Bu gün ölkəmiz, xalqımız üçün onilliklər bundan sonra imkan yaradan “Cənub” qaz dəhlizi layihəsini icra edirik. İnfrastruktur layihələri demək olar ki, başa çatır. Bax, bugünkü layihə bunun bariz nümunəsidir. Kənd yolları tikilir. Mən bu gün Kürdəmir-Ağsu yolunu açmışam, o yolla gəlmişəm. Bakı-Şamaxı-Ağsu yolu. Bu da həll olunub. “Azərişıq” burada elektrik təsərrüfatının yenilənməsi ilə məşğuldur. Qazlaşdırma gedir. Mənə söz veriblər ki, Ağsuda qazlaşdırma ilin sonuna qədər 90 faizə çatacaq. Bu da tarixi nailiyyətdir. Bundan sonra yerli istehsal, kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı bizim üçün prioritet olmalıdır. Çünki bizim üstünlüyümüz ondadır ki, bizdə əhali artır. Demək olar ki, qonşu ölkələrin bir neçəsində demoqrafik tənəzzül yaşanır, xüsusilə Ermənistanda. Artıq orada yaşayanların sayı kəskin şəkildə aşağı düşüb. Ona görə ki, böyük köç var, orada insanlar artıq o şəraitə dözmürlər. Digər tərəfdən, təbii artım yoxdur. Ancaq bizdə əhali artır. Bu, bizim üstünlüyümüzdür və çox böyük üstünlükdür. Amma bununla bərabər, bizim iqtisadiyyatımız da buna uyğun şəkildə artmalıdır. Hər il Azərbaycanda əhalinin sayı təqribən 100 min nəfər artır, bəlkə də çox. Gələcəkdə daha da çox artacaq. Ona görə, bizim iqtisadiyyatımız buna uyğun şəkildə inkişaf etməlidir. Son illərdə 1 milyondan artıq yeni iş yeri yaradılıb. Ancaq bu, daimi proses olmalıdır. Ona görə, yeni əkin sahələrinin dövriyyəyə buraxılması, Taxtakörpü, Şəmkirçay kimi böyük su anbarlarının tikintisi, digər kiçik anbarların inşası kənd təsərrüfatının inkişafına dəstək olacaq. Çünki məşğulluq artmalıdır, işsizlik tam aradan qaldırılmalıdır və insanlar daha da yaxşı yaşamalıdırlar.

Gələcəkdə elə məhsul istehsal olunmalıdır ki, biz o məhsulu istənilən xarici bazara ixrac edə bilək. Sizin Ağsudakı zavodun məhsulları kimi. Belə zavodlar çox olmalıdır. Azərbaycan dünyaya özünü böyük həcmdə ərzaq istehsal və ixrac edən ölkə kimi də təqdim edəcək. Bu halda iqtisadi inkişaf dayanıqlı olacaq. Bizim iqtisadiyyatımız neftin qiymətindən daha da az asılı olacaq. Çünki indi dünyada gedən maliyyə-iqtisadi böhranı istər-istəməz bizə də təsir edir. Neftin qiyməti iki dəfədən çox aşağı düşüb, gəlirlərimiz azalıb. Amma biz bütün sosial layihələri icra edirik, biri də dayanmayıb. Bu gün göstəriş vermişəm ki, xəstəxana da tezliklə tikilib istifadəyə verilsin.

İnfrastruktur layihələri icra edilir, ölkəyə investisiyalar qoyulur. Azərbaycan dünyada yaşanan bu çətin dövrdə də nümunə göstərir. Ona görə də təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu inkişaf modeli haqqında məqalələr yazılır. Əminəm ki, yaxın gələcəkdə elmi əsərlər yazılacaq, dissertasiyalar müdafiə ediləcək. Azərbaycan möcüzəsi, doğrudan da möcüzədir. Belə bir geosiyasi vəziyyətdə inkişaf etmək, sabitliyi möhkəmləndirmək, ölkəni qabağa aparmaq doğrudan da Azərbaycan xalqının böyük qəhrəmanlığıdır.

Daha sonra xatirə şəkli çəkdirildi.

Sonda Prezident İlham Əliyev Ağsu şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ