RU
Atası qəzada, körpəsi həkimlərin əlində öldü...
16:44
555

Atası qəzada, körpəsi həkimlərin əlində öldü...

Üç yaşlı körpənin babası klinikalara qarşı iddia qaldırıb.
 
3 yaşlı nəvəm Novruzova Səkinə Samir qızının yanlış diaqnoz və müalicə taktikası nəticəsində vəziyyəti ağırlaşıb, bir müddətdən sonra vəfat edib. Bizə dəymiş mənəvi və maddi ziyana görə məhkəməyə müraciət etmişik”. Bunu "Bizim Yol”a Əliyev Elman Tahir oğlu bildirib. 
İddiaçının müraciəti əsasında Nəsimi rayon Məhkəməsinin hakimi Emin Mehdiyevin sədrliyi ilə işə baxılıb. Məhkəmə iddiaçının iddiasını qismən təmin edib. E.Əliyev bu qərardan apellyasiya şikayəti verib. 

O, iddia ərizəsində cavabdeh olaraq Bakıda yerləşən Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasını, bu xəstəxananın həkimi Orucova Samirə Ruslan qızını, "Mərkəzi Klinika” MMC-ni və burada işləyən Abdullayeva Sevinc Cəmil qızını göstərib. 

"Nəvəm Səkinənin atası Samir Novruzov avtomobil qəzasında həlak olduqdan sonra mənim himayəmdə olub. 2015-ci ildə nəvəmin səhhətində yaranmış problemlə bağlı olaraq Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına müraciət etdik. Burada həkim Samirə Orucova nəvəmə "neyrotoksikoz, kəskin pankreatiti” diaqnozu qoyub, müalicə yazılıb.  Xəstənin hərarəti dəyişmədiyindən və vəziyyəti ağırlaşdığından yenidən S.Orucova müraciət edib. O da Mərkəzi Kilnikaya müraciət etməyi məsləhət gördü. Biz xəstəni 2015-ci ilin iyun ayında bu tibb müəssisəsində ilkin müayinədən sonra cavabdeh həkim Sevinc Abdullayevaya təhvil verildi. O, xəstəni stasionara qəbul etdikdən sonra müxtəlif müayinələr aparıb, çoxlu sayda qan analizləri alıb, nəticədə xəstəyə "FMF (İrsi Aralıq dənizi qızdırması)”  diaqnozu qoymaqla müalicə aparıb. Lakin müalicə heç bir effekt verməyib, xəstənin vəziyyəti daha da ağırlaşıb. İradımızı bildirmişik”,-deyə  E.Əliyev bildirib.

O deyir ki, Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasında pasient müalicə aldığı müddətdə onlar 3383 manat, Mərkəzi Klinikada isə 2351 manat xərləyiblər. 

E.Əliyev deyir ki, tanışların vasitəsi ilə Bakıda yerləşən "Güvən” Klinikasının həkimi Telman Şimşəyə müraciət edib: "Həkim bizə bildirdi ki, hər iki xəstəxanada düzgün diaqnoz qoyulmayıb və düzgün olmayan müalicə metodları seçiblər. Nəticədə dərman preparatları xəstəliyi daha da sürətləndirilib. Xəstədə onkoloji əlamətlər müşahidə olunur və "FMF” diaqnozunun Azərbaycan klinikalarında qoyulması mümkün deyil. Bu məqsədlə qan kütləsi Türkiyəyə və yaxud Almaniyaya göndərilməlidir. Biz maliyyə problemi səbəbindən İrana getməli olduq. Tehran Tibbi Genetika laboratoriyasında Almaniyaya göndərmək üçün xəstədən qan götürülüb və göndərilib. Tehrana çəkilən xərclər 884 manat təşkil edir. Almaniyadan İrana göndərilmiş analizlərin nəticələrindən görünür ki, xəstə "FMF” xəstəliyinə yoluxmayıb. Moskva şəhərində Morozovski adına Uşaq Şəhər Xəstəxanasına müraciət etdik. Burada qaldığımız müddətdə 7280 dollar xərclənib. Xəstəxanadan bildirildi ki, müalicələr əks təsir göstərərək şişin böyüməsinə və onun bədxassəli şişə çevrilməsinə, xəstənin vəziyyətinin kəskin ağırlaşmasına səbəb olub. Burada tövsiyyə olunduğu üçün Bakıya dönən kimi Milli Onkologiya Mərkəzinə müaraciət olunub. Burada nəvəm Səkinə Novruzovaya "peritonaraxası nahiyyəsinin noyroblastoması, 4-cü mərhələ T4N1M1, qaraciyərə, sümükiliyinə və qarın boşluğu limfa düyünlərinə MTS, TPOG” diaqnozu qoyulub. 30 iyul 2015-ci il tarixdə burada cərahiyyə əməliyyatı aparılıb. Bütün səylərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı”.

Məhkəməyə təqdim olunan iş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin məhkəmə-tibbi ekspertiza rəyinə əsasən Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasını 08 iyun 2015-ci il tarixdə azyaşlı S.Norvuzovada aşkar edilən kliniki əmalətlərə əsasən qoyulan "neyrotoksikoz, kəskin pankreatiti” diaqnozu həmin vaxt üçün düzgün hesab etmək olar. Lakin sonradan uşaqda müəyyən edilən aşağı differensiasiya neyroblastoma təyin edə bilməyiblər”.

İddiaçı Elman Əliyev cavabdehlər Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasına, bu xəstəxananın həkimi Orucova Samirə Ruslan qızına, "Mərkəzi Klinika” MMC-yə və burada işləyən həkim Abdullayeva Sevinc Cəmil qızına qarşı "şəxsin sağlamlığına və əmlakına vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, vurulmuş 12490 manat maddi zərərin cavabdehlərdən müştərək qaydada, vurulmuş mənəvi zərərə görə S.Orucova və S.Abdullayeva qızının hər birindən 10000 manat təzminatın tutulmasına dair qətnamənin çıxarılmasını tələb edib. 

Məhkəmənin 11 avqust 2016-ci il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi qismən təmin edilib. Cavabdehlər Ə.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasından 500 manat maddi, 500 manat mənəvi, Mərkəzi Klinikadan isə 792 manat maddi, 500 manat mənəvi zərər iddiaçı Elman Əliyevə ödənilsin.

Qətnamədə o da bildirilib ki, məhkəmədə iclasında iştirak edən Səhiyyə Nazirliyinin nümayəndəsi Ramid Yusifbəyli iddia tələbini qəbul etməyib, hər iki xəstəxanada qoyulan diaqnozlar azyaşlı S.Novruzova da aşkar edilən kliniki əlamətlərə əsasən həmin vaxt üçün düzgün hesab edildiyini bildirib.

Mərkəzi Klinikanın və S.Abdullayevanın nümayəndəsi Ramin Rzayev də iddia tələbinə etiraz ediblər. O bildirib ki, iddia tələbi qeyri-obyektiv və ədalətsiz olmaqla işin faktiki tərəfini əks etdirmir. 

İddiaçı Elman Əliyevin şikayəti əsasında Nəsimi rayon Məhkəməsinin məlum qətnaməsindən verilən iddia ərizəsi əsasında Bakı Apelyasiya Məhkəməsində yanvar ayının 11-də işə baxılacaq.
E.Əliyevin şikayəti əsasında Səhiyyə Nazirliyinə göndərilən sorğu cavabsız qalıb. İddia ərizəsində adı cavabdeh kimi keçən həkim Sevinc Abdullayeva isə bu barədə danışmaqdan imtina edib.//bizimyol.info
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ