Ceyms Kemeronun dünya şöhrətli “Avatar” filmində Pandora planetindən gəlmiş insanabənzər məxluqların çıxardıqları səs, monqol müğənnisi Nomin Erdeneyə məxsus imiş. Təəssüf ki, filmin rejissoru və musiqi tərtibatçısı həmin səs sahibinin razılığını almağı ya “yaddan çıxarıblar”, ya da “özlərinə sığışdırmayıblar”. 7News.az bildirir ki, bu barədə Monqolustan Milli Televiziyası məlumat verib.
Açıqlamada vurğulanır ki, hələ 2008-ci ildə Erdenenin solisti olduğu “Şuranxay” folklor ansamblının konsertindən sonra özünü xarici studiyalardan birinin prodüseri kimi qələmə verən bir nəfər əcnəbi vətəndaş müğənniyə yaxınlaşıb, onun maraqlı repertuarına və ecazkar səsinə heyran olduğunu bildirib və Monqolustanda özünün filialını açmaq niyyətindən bəhs edib.
Bir müddət sonra onlar səsyazma studiyasına gediblər və Erdene orada “urtın duu” janrında bir neçə ifa yazdırıb. Elə bu audiolent də sonradan müəllif haqları pozulmaqla Kemeronun “Avatar”ında gen-bol istifadə edilib.
Monqollar bu yöndə iki versiya da səsləndiriblər – ya həmin prodüseri Monqolustana xüsusi sifarişlə Kemeronun özü göndərib, ya da bu ecazkar səs yazısını fırıldaqçı prodüser filmin yaradıcılarına çox baha qiymətə satılıb.
“Urtın duu” ulduzu Nomin Erdenenin müəllif haqlarını pozduğuna görə Ceyms Kemeronu və onun üçqat “Oskar”lı “Avatar”ını məhkəməyə verib-verməyəcəyi isə açıqlanmır.








