Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aviagənclər” layihəsi çərçivəsində ilk təlim Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində keçirilib.
7News.Az xəbər verir ki, tədbirin açılış nitqində gəncləri salamlayan Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin Tələbə Həmkarlar Təşkilatının sədr müavini Tural Əliyev Gənclər Fondunun fəaliyyəti barədə əhatəli məlumat verib. O, gəncləri layihələr vermək işində daha aktiv olmağa çağırıb.
Çıxış edən layihə rəhbəri Zakir Qurbanov bildirib ki, layihənin keçirilməsində əsas məqsəd gəncləri mülki aviasiya sahəsində beynəlxalq və daxili aviadaşımaların təşkili ilə bağlı yeni texnologiyalar, innovasiyalar, preventiv tədbirlər haqqında məlumatlandırmaq və gələcəkdə onların bu istiqamətdə uğurlu karyera qurmasında yardımçı olmaqdır: “Sürətlə inkişaf edən ölkəmizə hər sahədə olduğu kimi mülki aviasiya sahəsində də ixtisaslı, bacarıqlı kadrlar lazımdır. Düşünürəm ki, belə layihələrlə gənclərimizin diqqətini Azərbaycan üçün böyük perspektiv vəd edən bu sahəyə yönəldə bilərik”.
Layihə rəhbərinin çıxışından sonra təlimçi tərəfindən iştirakçı gənclərə mülki aviasiya sahəsində yeniliklər, aviasiya sahəsi üzrə personalın hazırlığı sahəsində səmərəliliyini artırmaq üçün praktik tövsiyələr, beynəlxalq aviadaşımalar, yeni texnologiyalar, müasir hava gəmiləri və s. barədə geniş məlumatlar verilib.
Sonda layihə rəhbəri və təlimçi gəncləri maraqlandıran sualları cavablandırıblar.











