Dəhşətli hadisələrin şahidi olduğumuz dünyada Qərb mediası müharibə, aclıq və ya ölümün, əslində, nəyə bənzədiyini göstərməyə çəkinir.
Medianın auditoriyanı məyus etməkdən və başqalarının çəkdiyi əziyyətdən mənfəət güdürmüş kimi görünməkdən çəkinməsi başa düşüləndir. Ancaq narahatlıq və kədərə səbəb olsa da, bəzi şəkillər görünməyi tələb edir, məhz ona görə ki, onlar reallığı olduğu kimi əks etdirir, dünyanı, törədilən vəhşilikləri bizim olmasını istədiyimiz kimi yox, olduğu kimi göstərirlər.
Bu şəkillərdən biri də ötən həftənin dördüncü günü dünyanın ən məşhur qəzetlərinin ön səhifəsində çıxan şəkildir: çimərlikdə üzü üstə uzanan kiçik, cansız cəsəd. Bu cansız cəsəd 3 yaşlı Aylan Kurdidir. Yunanıstanın Kos adasına keçməyə çalışarkən Bodrum sularında batan ən az 12 nəfər suriyalıdan biri idi. Egey dənizinin bu hissəsi uzun müddət avropalıların əyləncə yeri olsa da, ötən bir neçə ay ərzində getdikcə artmaqda olan çarəsiz mühacirlərin keçidinə, bəzən də məzarına çevrilib.

Avropanı bürüyən bu böhranın, sadəcə, bir həll yolu yoxdur. Ancaq ən azından bir şey aydınlaşdı: Avropa bu böhranın öhdəsindən gələ bilmir. Avropa Birliyi artıq Dublin razılaşması ilə sərhədlərin ləğv edildiyi Şengen zonasında əmək mobilliyi (işçilərin bir ölkədən digərinə sərbəst hərəkəti) ilə uzlaşa bilmir. Belə ki, bu razılaşmaya əsasən, sığınacaq axtaranlar ilk gəldikləri Avropa ölkəsində sığınacaq üçün müraciət etməli və adətən, işləri həll olunana qədər həmin ölkədə qalmalıdırlar. Müflisləşmiş və böhranla qarşı-qarşıya olan Yunanıstanın ölkəyə axın edən qaçqınları saxlamağa isə gücü çatmayacaq.
Dublin razılaşması ya ləğv edilməli, ya da dəyişdirilməli, çoxlu sayda sığınacaq axtaran mühacirlər işsizlik səviyyəsinin yüksək olduğu Aralıq dənizi regionuna məhkum edilməməlidirlər. Bu, Avropanın problemidir və Avropa tərəfindən həll edilməlidir. Avropa İttifaqının ətrafındakı ölkələr bu problemləri həll edə bilmirlər və buna məcbur da edilməməlidirlər.
Avropa özü-özünü təşvişə salır
Aydındır ki, Avropaya girmək istəyən qaçqınlar böhran vəziyyətindədir - ancaq Avropa niyə özünü böhrandaymış kimi aparır?
Bəli, 2015-ci ilin birinci yarısında Avropaya 3000-dən çox miqrant gəldi. Ancaq bu rəqəm Avropa Birliyinə daxil olan ölkələrin ümumi əhalisinin yalnız 0,1 faizini təşkil edir. Hər il əhalisinin 1 faizi qədər miqrant qəbul edən Kanada nəticə etibarilə, böhran vəziyyətində deyil, əksinə burada vəziyyət olduqca yaxşıdır.
Avropanın məntiqsiz Dublin qaydalarını ifşa edən yunanlar sadə şəkildə miqrantlara Makedoniyaya, oradan da bacararlarsa, şimala keçməyə imkan verdilər.

Son mənzil olaraq Macarıstan daha arzu olunan ölkə, eyni zamanda qitənin daha firəvan bölgələrinə doğru gedərkən müvəqqəti dayanacaqdır, lakin Macarıstan siyasətində hökm sürən mədəni və etnik millətçiliyin də bəzi ağır nəticələri var. Avstriyanın Macarıstanla sərhədə yaxın bölgəsində yük maşınında aparılan miqrantların 71-i dünyasını dəyişib. Avstriya, Almaniya və İsveçə gedən qatarlara minməyə çalışan miqrantlarla polislər arasında xoşagəlməz hallar yaşanıb. Macarıstan hökuməti miqrantların ölkəni tərk etmələrinə kömək etmir.
Almaniya kansleri Angela Merkel ölkəyə rahat şəkildə 800 minə qədər miqrant qəbul edə biləcəyini bildirib.
Humanizmdir, Bibliyadakı "şəfqətli səmariyyələrin lütfü"nün təkrarıdır?
Sadəlövh olmayaq, siyasətin zahiri təzahürlərini gerçəklik kimi qəbul etməyək.
Acı olsa da, gerçəklik odur ki, Almaniya rəhbərliyinin şəfqəti ,əslində, sırf merkantil maraqlardır.
"Dəmir kansler" Bismarkdan bir dəfə soruşmuşdular: "Prussiya siyasətində şəfqətin səviyyəsi nə qədərdir"? Otto fon Bismark da bığaltı gülümsəyərək söyləmişdi: "Ağcaqanadın pəşovunu görübsünüzmü? Bax, siyasətdə şəfqət o qədərdir".
Almaniya miqrantları yerbəyer etməsi, alman şəhərlərindəki vağzallara çıxan insanları "Velkommen!", yəni "Xoş gəlibsiniz!" deyərək miqrantları qarşılamaları spontan addımlar deyil.

Statistika var və o göstərir ki, Almaniyada əhalinin orta yaş həddi son 20 ildə 4 il artıb. Almaniya "qocalır", işçi qüvvə azalır, ucuz işçi qüvvə isə lap qəhətə çıxır.
Yaxın Şərq, Əfqanıstan, Banqladeş, Şimali Afrika ölkələrindən qaçan on minlərlə insan isə Almaniya üçün ucuz, hətta çox ucuz işçi qüvvədir.
Bu insanlar almanlardan fərqli olaraq, ən az maaşa işləməyə razıdırlar.
Təki qovulmasınlar, deportasiya olunmasınlar.
Belə olmalı deyildi?
Suriyalı, iraqlı, əfqan, somalili, sudanlı və digər miqrantlar müharibə zonalarından gəlirlər. Müharibə və yoxsulluq isə bir-birilə sıx bağlıdır.
O yoxsulluğun səbəbi isə indi miqrant probleminin həlli üçün əl-ayağa düşmüş Avropa Birliyinin yürütdüyü siyasət də sayıla bilər.
Suriyada, İraqda, Liviyada, Əfqanıstandakı humanitar fəlakətlər indi yaranmayıb: bu bəlaların kökü "demokratiya və humanizm" şüarları ilə illər, on illər əvvəl Qərbin həmin ölkələrin işlərinə qarışması, sonra da hakimiyyətləri devirmək üçü ən müxtəlif ssenariləri gerçəkləşdirməsidir.
"Ərəb baharı" adlı çevrilişlər dalğasının ilkin mərhələsi "zanbaqlar", "lalələr", "qızılgüllər" inqilabları oldusa, sonradan proseslər "maydan hərəkatı"na çevrildi.

Hədəf Qərbin göstərişlərini yerinə yetirməyən, siyasətdəki "Qərb standartları"na uyğunlaşmaq istəməyən hökumətlər, dövlət başçıları idi.
Belə siyasətə istənilən adı vermək, hansısa pərdə ilə ört-basdır etmək olar, amma məzmun eynidir - neomüstəmləkəçilik.
Ötən əsrin ortalarında Britaniya, daha əvvəl İspaniya və Portuqaliya, Hollandiya və Belçika Afrikada, Asiyada, Cənubi Amerikada ölkələri müstəmləkələrə çevirəndə o məmləkətlərin insanlarına "Avropa dəyərləri", "Ağ insanın fələsəfəsi və yaşamı"nı vəd edirdilər. Belə vədlərə şirnikənlər az olmadı.
Vədlərsə adi işğala, sərvətlərin qəsbinə, ölkələrin talanmasına, insanların kölə durumuna salınmasına çevrildi.
Avropa əsrlər, qərinələr, onillər əvvəl Yaxın Şərqə və Afrikanın şimalına vurduğu zərbələrin cavabını bumeranq kimi alır.
Xaos hələ uzun müddət davam edəcək: ta o vaxtadək ki, ya Qərb siyasətinin mənhusluğunu və özünü intihara sürüklədiyini anlayacaq, ya da Şərq köləlikdən bilmərrə qurtulacaq.

Baş verənlərin digər məqamı odur ki, indi İŞİD-i və başqa terror təşkilatlarını hədəfə alan, vuran, bombalayan, həmçinin terrorçu dövlət siyasətinə çevirmiş rejimlərin hakimiyyətdən kənarlaşdırılmasını və onların qəddarlığına tuş olmuşlara hər cür yardımların göstərilməsini zəruri sayan Qərb gec ayılıb.
Çox gec, təxminən 25 il sonra.
25 il əvvəl, Ermənistan Dağlıq Qarabağı qəsb etmək üçün terrorizmə başlayanda Qərb susdu.
Daha sonra Azərbaycanın bir neçə rayonu erməni işğalına məruz qaldı, 1 milyona yaxın məcburi köçkün və qaçqın ordusu yarandı.
Qərb yenə susdu
Ermənilər hələ də aqressivdir, hədələyirlər, müharibədən qorxsalar da, işğalı boyunlarına alıb geri çəkilmirlər.
Qərb aqressorun davranışını sakitcə izləyir.
Belədirsə, Avropa Birliyi və ABŞ indi miqrant selinə təəccüblənirsə, saxtakarlıqdır, yalandır.
Məşumluq o səviyyədədir ki, miqrant dalğalasında vurnuxan Qərb bölgədə onun diqtəsini qəbul etməyən, normal ikitərəfli münasibətlər istəyən dövlətlərdəki durumu anarxiyaya döndərmək, siyasi potensialını və ictimai təsir qüvvələri çox əvvəllər itirmiş marginal qruplaşmalardan "müxalifət" formalaşdırmaq üçün səylərini daha da aktivləşdirir.
Azərbaycana qarşı yürüdülən kampaniyanın, Avropa Birliyi və ABŞ-ın bir para mediasında "Xəbəriniz var, Bakıda diktaturadır?" tipli xəbərlər, şərhlər və reportajların qayəsi də primitivdir.
Əsas ticarət tərəfdaşlarından olan İtaliya mediası, Azərbaycan investisiyalarında maraqlı olan bəzi Balkan ölkələrinin KİV-ləri də bu və ya digər şəkildə çirkin anti-Azərbaycan kampaniyasına cəlb edilirlər.
Bu həm də Azərbaycanla Avropa İttifaqı ölkələri arasında inkişaf edən siyasi-iqtisadi əlaqələri korlamaq üçün növbəti cəhddir.
Uğursuz cəhd./milli
7news.az








