Avropa Parlamenti növbəti qərəzli mövqeyini sərgilədi.Özü də yenə son vaxtlar sanki özünə düşmən gördüyü Azərbaycana qarşı .Qəbul edilən qətnamənin lehinə səs verənlər siyahısına baxanda, görmək çətin deyil ki, həmin rəsmilərdən bir neçəsi Azərbaycanda olarkən ölkəmizin sürətli inkişaf etdiyini vurğulamış və bunu açıq şəkildə büruzə vermişlər.Bu faktın özü artıq qəbul edilən qətnamənin obyektivliyini şübhə altına alır.Əslində, Avropa təşkilatlarının xüsusi sifarişlə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamələr zaman keçdikdən sonra öz hüquqi qüvvəsini itirib, heç bir əhəmiyyəti olmayan kağız parçasına çevrilir.Çünki, qəbul edilən qətnamələrdə həqiqətdən başqa hər şeyə rast gəlmək olar.
Bu qətnamə Avropa ictimaiyyətinin deyil, bir qrup qərəzli siyasətçinin mövqeyini əks etdirir!
“Avropa demokratiyası” bəzəkli söz terminin bir çox ölkələri viran qoymaq məqsədi ilə istifadə edilməsi siyasətçidən tutmuş, sadə insana qədər hər kəsə bəlli olan bir yanaşmadır.Demokratiyaya əsassız iddialarının həyata keçirilməsi vasitəsi kimi baxan Avropa rəsmiləri görürlər ki, ölkəmizdə əsassız ajiotajlar, çaxnaşmalar yaratmaq mümkün deyil.Məhz, buna görə müxtəlif üsullardan istifadə edərək, ölkəmizi dünya ictimaiyyətinə mənfi formada təqdim etmək istəyirlər.
Avropa Parlamentinin ciddi bir qurum olması artıq şübhə altındadır.Daimi mövqeyi olmayan, konkret şəxsdən və ya şəxslərdən məlumat alaraq mövqeyini formalaşdıran Parlament prezidenti və üzvlərinin bir hissəsi yeni sifarişlər alaraq, hərəkətə keçiblər.Son dövrdəki fəaliyyətlərinin başlıca istiqamətlərindən olan Azərbaycana qarşı qarayaxma kompaniyası artıq geniş vüsət almaqdadır.Ölkəmizin siyasi reallığı-xalqla iqtidar arasında olan birlik, iqtisadi güc, siyasi sabitlik, tolerantlıq görünür, qərb dairələrini ciddi formada anti-azərbaycançı mərkəzlərə çevirib.Avropa Parlamenti sadəcə olaraq, formal qərarlar qəbul etməklə gündəmə gəlir.Dünya əhəmiyyətli mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi bizə onu deməyə əsas verir ki, Azərbaycan etibarlı mövqeyini qorumaqdadır.Avropa parlamenti isə daha yaxşı olardı ki, Avropa insanını ciddi formada narahat edən və hər gün daha da güclənən daxili iğtişaşlar, polis zorakılığı, dini, irqi zəmində baş verən ayrı-seçkilik və bu kimi başqa məsələlərə diqqət ayırsın.Bəlkə, o zaman avropalı rəsmilər konkret iş görmüş olarlar.








