“Aİ təmkinli olmağa dair çağırışını təkrar edir”.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet məsələdir.
7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Brüsseldə bazar ertəsi axşam saatlarında baş tutan Avropa İttifaqı-Ermənistan əməkdaşlığı üzrə Şuranın bəyanatında deyilir.
“Aİ status-kvonun yolverilməz olduğunu və məsələnin Aİ üçün prioritet olaraq qaldığını təsdiqləyib”, - bəyanatda deyilir.
Şura vurğulayır ki, Azərbaycan və Ermənistan arasında təmas xətti və sərhəd boyu təhlükəsizlik vəziyyəti ciddi narahatlıq doğurur.
“Aİ təmkinliyə dair çağırışını təkrar edir və ATƏT-in rəhbərliyi altında danışıqları davam etdirməyə çağırır.
Bundan başqa, Aİ ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin tənzimlənməsinə yönəlmiş danışıqları dəstəklədiyini təsdiqlədi”, - bəyanatda deyilir.
Aİ Ermənistan və Azərbaycan arasında, o cümlədən prezidentlər səviyyəsində dialoqu davam etdirməyə çağırıb.
“Bundan başqa, Aİ sülh müqaviləsinə nail olduqdan sonra sülhməramlı səyləri dəstəkləmək, eləcə də regionlarda rekonstruksiya işlərində və münaqişə zamanı zərərçəkənlərin reabilitasiyasına yardım etməyə hazır olduğunu bildirib”, - Şurada vurğulanıb.








