Avropadakı "söyüş müxalifəti” özünü növbəti dəfə biabır etdi
Tural Sadıqlıdan qrant payını ala bilməyən Məhəmməd Mirzəli vədinə əməl edərək növbəti addımını atdı və bu gecə canlı yayıma çıxdı. Qeyd etdi ki, xarici təşkilatlardan 60-70-80 min avro qrant alan Tural ona heç nə verməyib. Hətta birgə hazırladıqları "Xalqın səsi” layihəsinə görə ona çatmalı olan məbləğin böyük hissəsini mənimsəyib. Belə ki, həmin layihə çərçivəsində 1000 avroya yaxın pul yığılıb. Məhəmməd pulun yarısını tələb edəndə, Tural ona maksimum 300 avro verə biləcəyini söyləyib. M.Mirzəlinin sözlərinə görə, o bundan əsəbləşərək deyib ki, "Avropada 300 avroya heç it də saxlamaq olmaz”. 2 ay Turaldan səs çıxmayıb. Məhəmməd yenidən öz payını tələb edəndə T.Sadıqlı ona əvvəl vəd etdiyi 300 avro əvəzinə cəmi 100 avro göndərib. Beləliklə, pul hərisliyi dünənədək bir-birinə "qardaş” deyən, Avropada Azərbaycan dövlətinə qarşı söyüş və təhqir kampaniyasının ön sıralarında gedən bu 2 üzdəniraq blogeri düşmənə çevirib.
Dünənki statusda qeyd etmişdik ki, əgər M.Mirzəli ifşa kampaniyasını davam etdirməsə, məlum olacaq ki, Turaldan öz payını ala bilib. Amma o, kampaniyanı davam etdirərək gecə canlı yayıma çıxdı və keçmiş "dostu” barədə növbəti ifşaedici məlumatları səsləndirdi. Bir qədər sonra isə həmin video gözlənilmədən "youtube”dan silindi. Buradan belə qənaətə gəldik ki, ifşanın davam etdirilməsindən qorxuya düşən T.Sadıqlı tələm-tələsik Məhəmmədi qane edən məbləği ödəyərək onu razı sala bilib.
Bu da Avropadakı "iaşə müxalifətimizin fədakarlığı” ...
Əziz gənclər, budur özlərini "demokratiya”, "azad söz” uğrunda "ardıcıl mübariz” kimi qələmə verənlərin əsl siması. Onları nə xalq, nə də dövlətçilik maraqlandırır. Onlar üçün əsas anti-Azərbaycan layihələrinə görə aldıqları qrantlardır. Zaman özü bu anti-milli ünsürlərin qələmini qırdı, onları ifşa etdi...








