RU
Avtomobillərə texniki baxış başlanıb
01:08
287

Avtomobillərə texniki baxış başlanıb

Bu il üçün avtomobillərin texniki baxışına bir həftədir start verilib, ancaq müayinə mərkəzində tək-tək avtomobil gözə dəyir. “VAZ”, “QAZ”, “Moskviç” və MDB dövlətlərində istehsal olunan digər minik avtomobillərinin texniki baxışdan keçirilməsinə başlanıb.

7news.az xezerxeber-ə istinadən məlumatına görə, sürücülər texniki baxış müddətinin aprelin sonuna qədər davam edəcəyinə arxayın olduqlarından texniki baxışı son günə saxlayırlar.

Nəticədə isə texniki baxış müddətinin son günlərində mərkəzdə avtomobil sıxlığı müşahidə olunur və sürücülər də bu vəziyyətdən narazı qalırlar.

Bununla belə, az sayda da olsa, bəzi sürücülər öz avtomobillərini daha erkən texniki baxışdan keçirməyə üstünlük verirlər.

Mərkəzin nəzarətçiləri isə MDB istehsalı olan avtomobillərin digər xarici avtomobillərlə müqayisədə daha tez sıradan çıxdığını deyirlər.

Ötən ildən etibarən nəqliyyat vasitələrinə tətbiq olunan yol vergisi ləğv edildiyindən, texniki baxışa gedən sürücülər yalnız baxış üçün 20 manat dövlət rüsumu ödəməlidirlər. Avtomobillər istehsal olunduğu vaxtdan hesablanmaqla 5, 7, 9 və 11-ci illərində, daha sonrakı tarixlərdə isə hər il texniki baxışdan keçirilməlidir. Sürücülərə avtomobillərini indidən texniki baxışa təqdim etmələri məsləhət görülür. Ona görə ki, hər hansı problem aşkar edildikdə onu aradan qaldırıb təkrar baxışa gəlmək üçün vaxt olsun.

Qeyd edək ki, avtomobili texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 300 manat cərimə olunur. Nasazlıqları aradan qaldırıb yenidən texniki baxışa gəlməyə görə ödəniş tələb edilmir.

7news.az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ