Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ABŞ-ın iki türk nazirə qarşı sanksiyaların tətbiq ediləcəyi barədə bəyanatına cavab verib.
7news.Az-ın "Haber7” saytına istinadən verdiyi məlumata görə, türkiyəli nazir ABŞ-ın bu addımının cavabsız qalmayacağını bildirib.
"ABŞ-ın iki nazirimizə qarşı sanksiyaları tətbiq etməsinə cəhd göstərməsi cavabsız qalmayacaq. ABŞ rəhbərliyi qeyri-qanuni tələblərini bu üsulla əldə edə bilməyəcəyini idrak etmədiyi müddətdə, aramızdakı problemləri həll edə bilməyəcəyik”, - Çavuşoğlu tvitter hesabında yazıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə bəyanatında ABŞ Maliyyə Nazirliyinin açıqladığı sanksiya qərarını şiddətlə qınayıb.
"İki hörmətli nazirimizə qarşı tətbiq edilən sanksiya nə dövlətin ciddiyyəti ilə uyğunlaşır, nə də hüquq və ədalət anlayışları ilə izah edilir. ABŞ adminitrasiyası bu yanlış qərardan geri dönməyə çağırırıq. Bu qərarın qarşılığı tez bir zamanda veriləcəkdir”, - bəyanatda deyilir.
Daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders bildirib ki, ABŞ-ın Maliyyə Nazirliyi amerikalı rahib Andrey Kreyk Brunsonun işi ilə əlaqədar Türkiyənin daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülə qarşı sanksiyalar tətbiq edəcək.
"Prezidentin sərəncamı üzrə Maliyyə Nazirliyi Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə qarşı sanksiyalar tətbiq edəcək. Onlar rahibin tutulması və həbsində aparıcı rolu oynayırdılar”, - Sanders brifinqdə deyib.
O qeyd edib ki, nazirlərin ABŞ-dakı bütün hesabları və aktivləri dondurulacaq.








