47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd, politoloq Aydın Mirzəzadənin müsahibəsi:
“Müsavat”ın seçkiyə bir neçə gün qalmış prosesi boykot etməsi isə sadəcə, tragikomediyadır"
- Aydın müəllim, Müsavat Partiyasının boykot qərarını necə dəyərləndirirsiniz? Sizcə, onlar bu addımı öz istəkləri ilə müstəqil şəkildə atıblar, yoxsa, hansısa təlimat əsasında belə bir addıma gediblər?
- Bütün bunlar hamısı Müsavat Partiyası daxilində gedən ciddi böhranın artıq müəyyən bir mərhələsinin nəticəsidir. Müsavat Partiyası özünün radikallığı, reallıqdan uzaq siyasəti ilə cəmiyyətdə olan-qalan nüfuzunu itirib.
Axırıncı qurultaydan sonra isə faktiki olaraq ikiyə bölünməsi, parçalanması partiyanın bir çox tanınmış üzvlərinin bu qurumdan getməsinə, “Müsavat”ın qapalı bir dərnəyə cevrilməsinə səbəb oldu. Bu partiya artıq cəmiyyətdə gedən proseslərdə aktiv rol oynamayan, mövqeyi cəmiyyətdə maraq doğurmayan bir siyasi təşkilata çevrildi.
Onun seçkiyə bir neçə gün qalmış prosesi boykot etməsi isə sadəcə, tragikomediyadır. Çünki siyasi partiyanın əsas vəzifəsi seçkidə iştirak etməkdir. “Müsavat” və o tip partiyalar bələdiyyə seçkilərində ümumiyyətlə, iştirak etmirlər, prezident seçkilərinə müəyyən şərtlərlə qatılırlar və yaxud, bir çox hallarda boykot yolunu tuturlar, parlament seçkilərində də birinci dəfə deyil ki, yarı boykot şəklində qoşulurlar. Onun əslində parlament seçkilərində iştirakı da görünmür.
“Onların boykot qərarı həm də əslində özlərinin könüllü surətdə aktiv siyasətdən çəkilməsinin bir göstəricisidir”
Belə demək mümkünsə, Bakıda “Müsavat”ın namizədlərinin plakatlarına rast gəlinmədi, onun namizədləri mətbuatda təbliğat kampaniyası aparmırdı, görüşlər keçirmirdilər, bukletləri yoxuydu.
Onların parlamentə seçiləcəyi halda parlamentdə aparacağı siyasətlə bağlı hər hansı bir məlumat yayılmırdı. Yəni, bir sözlə, onların boykot qərarı əslində özlərinin könüllü surətdə aktiv siyasətdən çəkilməsinin bir göstəricisidir.
Bu gün “Müsavat” nə Azərbaycanın demokratik inkişafında, nə ölkədə cəmiyyət qarşısında duran problemlərin həll edilməsinə töhfə verməsində hər hansı bir rola malik deyil.
Onun boykot qərarı “Müsavat”ın zəifliyini göstərir, onun boykot qərarı həm də bir çox hallarda xaricdəki antiAzərbaycan mərkəzlərinin çağırışları ilə üst-üstə düşür. Mümkündür ki, xaricdən gələn çağırışların nəticəsi olaraq bu addım atılıb.
“Eyni tezislə də, eyni çağırışla da “Müsavat” çıxış edir...”
Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərmir. Eyni zamanda, xaricdə indidən müəyyən mərkəzlər seçkilərin demokratik olmayacağı, onun tanımayacları ilə bağlı çağırışlar səsləndirirlər.
Eyni tezislə də, eyni çağırışla da “Müsavat” çıxış edir. Əslində onlar məğlub olacaqlarını, iflasa uğrayacaqlarını açıq-aşkar görürlər və müəyyən yollarla, ucuz, cılız addımlarla bu ağır situasiyadan çıxmağa cəhd edirlər.
Bir tərəfdən də mümkündür ki, təlimat alıblar və indi də həmin təlimatı yerinə yetirməyə çalışırlar. Onların təsəvvüründə siyasi fəaliyyət bəyanatlar vermək, qəzet səhifələrində görünmək, partiya daxilində qovğalar yaratmaqdır. Amma bu, çox primitiv bir yanaşmadır və “Müsavat”ın bu fəaliyyəti əslində onun nəinki müxalifətdən, həm də siyasətdən uzaqlaşmasını göstərir.
“Azərbaycan özünün yeni qanunverici hakimiyyətini formalaşdıracaq, “Müsavat”sız da bu proses baş verəcək”
Amma bununla belə, seçkilər özünün qaynar çağındadır. Cəmi 2 gündən sonra Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. 700-dən çox namizəd isə seçkilər marafonunda iştirak edərək öz platformalarını açıqlayırlar.
Belə olan halda, “Müsavat”ın, o cümlədən, seçkidə iştirak etməyən digər partiyaların addımlarının da seçkilərə heç bir təsiri yoxdur.
Azərbaycan özünün yeni qanunverici hakimiyyətini formalaşdıracaq, “Müsavat”sız da bu proses baş verəcək. Parlamentə özünün demokratik düşüncəsi, özünün vətənpərvərliyi ilə, özünün seçicilərlə müntəzəm, səmərəli əlaqəsi olan onlarla dəyərli insanlar gələcək.
“Hansısa bir beynəlxalq təşkilatın Azərbaycana müşahidəçi göndərməməsi də onun öz problemidir, onun özünün daxilində gedən “proseslər”in nəticəsidir...”
- Necə hesab edirsiniz bu seçkilərə beynəlxalq qurumların hansı münasibəti olacaq?
- Azərbaycan beynəlxalq hüququn heç bir maddəsini pozmur. Azərbaycan beynəlxalq hüquqa, beynəlxalq birliyə heç bir problem yaratmır və beynəlxalq birliyə problem yaradacaq hər hansı bir addım atmır.
Hansısa bir beynəlxalq təşkilatın Azərbaycana müşahidəçi göndərməməsi də onun öz problemidir, onun özünün daxilində gedən “proseslər”in nəticəsidir.
Onun Azərbaycanla bağlılığı yoxdur. Eyni zamanda, Azərbaycan demokratik Konstitusiya qəbul edib, Azərbaycan Seçki Məcəlləsini daim təkmilləşdirir, seçki prosesinin demokratik, aşkar, şəffaf keçirilməsi və hər bir namizədə sivil mübarizə aparmaq üçün bərabər imkanlar, şərait yaradır.
Bu baxımdan, Azərbaycanda seçki keçirilməsi onun dövlətçiliyini möhkəmləndirməsində yeni bir mərhələdir və hesab edirəm ki, demokratik, hüquqi dövlət olan, beynəlxalq hüquqa hörmətlə yanaşan Azərbaycanın beynəlxalq birlikdə nüfuzu seçkidən sonra daha da artacaq./gun
7news.az








