RU
Azay Quliyev:
21:44
344

Azay Quliyev: "Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur"

Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur

İyulun 12-də Tovuz istiqamətində işğalçı Ermənistanın hərbi təxribatı baş verəndən dərhal sonra Azərbaycan ordusu cavab tədbirləri görərək düşmənə sarsıdıcı zərbələr endirdi və  onun çoxlu sayda  hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını və 100-dən çox canlı qüvvəsini məhv etdi. 
Hamımız bilirik ki, müharibə təkcə döyüş meydanlarında aparılmır, müharibə həm də beynəlxalq müstəvidə, diplomatiya sahəsində aparılır. Beynəlxalq müstəvidə uğur qazanmağın sınanılmış düsturu  dövlətin maraqlarını özündə ehtiva edən  məlumatı dolğun, inandırıcı, çevik və vaxtında vermək, düşmənin informasiya həmlələrinin qarşısını  tutarlı faktlarla və gecikmədən almaq  və bütün diplomatik resurslardan peşəkar formada faydalanmaqdan ibarətdir. 
Bu baxımdan hadisədən dərhal sonra cənab Prezident tərəfindən Təhlükəsizlik Şurasının iclasının çağırılmasını xüsusilə qeyd etmək lazımdır. Prezident iclasda həm ölkə, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Ermənistanın hərbi təxribatının detallarını açıqladı və bildirdi ki, işğalçı ölkə heç bir səbəb  olmadan bizim hərbi posta artilleriyadan atəş açaraq əsgərlərimizi şəhid edib. Daha sonra dövlət başçısının qeyd olunan faktları sübut etmək üçün operativ vəziyyət imkan verən kimi jurnalistləri, səfirliklərin nümayəndələrini həmin bölgəyə dəvət etməsi heç bir beynəlxalq və yerli skeptikdə erməni təxribatının doğruluğuna şübhə yeri qoymadı. İyulun 14-də isə cənab prezidentin təşəbbüsü ilə Milli Məclis tərəfindən 54 ölkə parlamentinin  dostluq qruplarının üzvlərinə, 19 beynəlxalq parlamentlərarası assambleyaların rəhbərlərinə məktublar göndərildi və Ermənistanın son təxribatı haqqında onlara ətraflı məlumat verildi.
Hesab edirəm ki, cənab İlham Əliyevin dəqiq və özünəinamlı şəkildə verdiyi açıqlamalar, müxtəlif səviyyələrdə təşkil etdiyi diplomatik həmlələr  beynəlxalq aləmdə və dünya siyasətini müəyyən edən paytaxtlarda ölkəmizə qarşı ola biləcək hər hansı bir mənfi addımı öncədən neytrallaşdırdı və tam əksinə Azərbaycanın maraqlarını müdafiə edən bəyanatlar səslənməyə başladı. Mən bunu xüsusilə ona görə qeyd edirəm ki,  Ermənistan həmişə olduğu kimi çox məkrli və iyrənc plana hazırlayaraq hərbi təxribatı  Qarabağ istiqamətində yox, bu dəfə Azərbaycanın strateji iqtisadi layihələrinin keçdiyi Tovuz istiqamətində başlamışdı. Məqsəd isə guya  Azərbaycanın dövlət sərhədini pozaraq Ermənistana hücum etməsi təsəvvürünü yaratmaq, xarici ölkələri, beynəlxalq təşkilatları və xüsusilə üzv olduğu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəmizə qarşı istifadə etmək idi. 
Azərbaycan prezidenti Ermənistanın bu planını qarşısını məharətlə almağı bacardı. Heç kim Ermənistanın bu fitnəsinə uymadı və bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanı açıq şəkildə müdafiə etməyə başladılar. Təbii ki, ilk dəstək  bizə dost və qardaş Türkiyədən gəldi. Türkiyənin Prezidenti cənab Ərdoğan açıq və bir mənalı şəkildə qeyd etdi ki, Türkiyə yaranmış vəziyyətdə Azərbaycana heç bir tərəddüd etmədən hər-tərəfli dəstək verəcək.  
Bundan başqa Ukrayna, Pakistan, Moldova, Kolumbiya, İtaliya və digərləri bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsipini  müdafiə etdi. Onlarla ölkələr hərbi əməliyyatların dayandırılmasını və gərginliyin aradan qaldırılmasına çağırış etdilər. 
Beynəlxalq təşkilatlardan  İƏT, TÜRKPA, Türk Şurası və  GUAM birmənalı şəkildə Azərbaycanı müdafiə edən bəyanatlar verdilər.  ATƏT PA-nın prezidenti Georgi Sereteli və  Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand verdikləri açıqlamada yaranmış vəziyyətdən narahat olduqlarını və münaqişənin BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini bildiriblər.
Ermənistana isə nə bir ciddi ölkə, nə də bir beynəlxalq təşkilat dəstək vermədi. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası keçirilməsi haqqında xəbəri Ermənistan diplomatik uğur kimi təqdim etməyə çalışsa da, görüş bir neçə saat sonra təxirə salındı, müvafiq xəbər isə qurumun rəsmi saytından silindi. Əksinə KTMT-də üzv olmasına baxmayaraq Qazaxıstan, Özbəkistan və  Qırğızıstan  TÜRKPA və Türk Şurası çərçivəsində Azərbaycanın milli maraqlarına tam  cavab verən bəyanatları dəstəklədi.
Bütün sadaladığım faktlar onu göstərir ki, Ali Baş Komandan tərəfindən Ermənistana təkcə döyüş meydanında deyil, həm də beynəlxalq sahədə də ciddi zərbələr vurulub və əminəm ki,  bundan sonra da vurulacaq. Cənab Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində ölkəmiz haqqında həqiqətlər artıq dünyaya bəllidir,  işğalçı Ermənistanın yalanlarına və hiylələrinə beynəlxalq aləmdə artıq heç kim inanmır. Bu isə bizə imkan verəcək ki, qarşımızda duran milli vəzifələri uğurla tamamlaya bilək.
Sonda isə yeni Xarici İşlər Naziri təyin edilmiş Ceyhun Bayramovu təbrik edir və ona bu məsuliyyətli və çətin vəzifədə bol- bol uğurlar arzulayıram.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ