Son günlər bir neçə saytda Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və onun sədri Azay Quliyev haqqında müxtəlif məzmunlu, həqiqətə uyğun olmayan yazılar yayımlandı. “Kamil Nəzərov” adlı psevdo-şəxsin göndərdiyi informasiyalara əsaslanaraq yayımlanan bu məlumatların böhtan olduğu, heç bir fakta əsaslanmadığı, qərəzli kampaniya aparıldığı istər Şura rəsmiləri tərəfindən, istərsə də ictimai sektorun tanınmış simaları tərəfindən bəyan edilib.
Bu dəfə təkzib həmin məlumatı yayan saytlardan gəlib.
JAM.az (Jurnalist Araşdırma Mərkəzi) açıqlamasında bildirir:
JAM.AZ-ın həm göndərilən məlumatlar, həm də göndərən şəxslə bağlı apardığı araşdırmalardan dolayı belə bir qənaətə gəlib ki, Kamil Nəzərov adlı şəxs mövcud deyil və bu məlumatları da mətbuata hansısa maraqlı bir şəxs, başqa bir ad altında ötürür. Məsələn, bizə bəlli elektron ünvandan məlumatları göndərən Nəzərova dəfələrlə yazmağımıza baxmayaraq, heç bir şəkildə bizimlə əlaqə saxlamayıb, hətta cavab belə yazmayıb. İsrarlı xahişlərimizin nəzərə alınmaması və heç bir cavab verilməməsi təbii ki, belə bir təəssürat yaradıb ki, bu adam mövcud deyil, hətta mövcud olsa belə açıq şəkildə ortaya çıxmaqda maraqlı görünmür.
Bundan başqa, Kamil Nəzərovun QHT Şurasına qarşı irəli sürdüyü iddiaların bəzilərini də araşdıraraq, onların uzlaşdırılmasını aparmışıq. Məsələn, Qubada fəaliyyət göstərən və profil üzrə kənd təsərrüfatı sahəsini əhatə edən QHT-nin Gəncədə vətənpərvərliklə bağlı tədbir keçirməsinə dair məlumat heç bir şəkildə təsdiqini tapmayıb. Bununla bağlı QHT Şurasının məlumat bazasından da yararlanmışıq və orada belə bir hala rast gəlinməyib.
Digər tərəfdən, QHT Şurasında alınan qrantlara görə, "otkad" tələb olunması məsələsi reallığı əks etdirməyib və bu məlumat qurumun ictimai nüfuzuna xələl gətirməyə hesablanıb. "Kamil Nəzərov"un göndərdiyi xəbərdə QHT nəşriyyatının direktoru Azay Quliyevin qayınatası Ramil Suleymanovun olduğu göstərilir və araşdırma zamanı bəlli olur ki, bu da reallığı əks etdirmir və nəşriyyatın direktoru Rafiq Hüseynovdur. Ən maraqlı məqamlardan biri də odur ki, “mənbə” Şuranın icraçı direktoru Fərasət Qurbanovu da Azay Quliyevin bacısının əri kimi təqdim edib. Məlum olub ki, bu da digər "məlumat"lar kimi saxtadır və bu iki şəxs arasında heç bir qohumluq əlaqəsi yoxdur. Ümumiyyətlə, isə Şuranın 25 nəfərlik işçi heyətində Azərbaycanın hər bölgəsi təmsil olunur və işə götürmə prinsipi müsabiqə əsasında həyata keçirilir.
Daha sonra Şuranın guya İlham Bayramov adlı şəxslə alqı-satqı əməliyyatı etdiyini araşdırdıq və bu məlumat da öz təsdiqini tapmadı. Adı daha çox hallanan Azər Rəhimova gəldikdə isə məlum oldu ki, son iki ayda öz ərizəsi ilə başqa işə keçməsi səbəbindən Şuradan ayrılan bir neçə əməkdaşdan biridir və onun haqqında yazılanlar da həqiqəti əks etdirmir.
Biz onu da öyrənə bildik ki, Şuranın nə Kemoneks, nə də Konterapart təşkilatı ilə heç bir əməkdaşlığı yoxdur.
Bundan başqa, göndərilən digər mətləblərlə də bağlı apardığımız araşdırmalar təsdiqini tapmayıb. Və belə bir qənaətə gəlmişik ki, bu məlumatı ötürən şəxs mövcud deyil, məlumatlarında qərəzçilik xüsusi diqqəti çəkir, habelə şəxsi maraqlarını güdmək niyyəti ilə QHT Şurasının və onun sədri Azay Quliyevin ünvanına böhtan atır. Bu səbəbdən də JAM.AZ-da yayımlanmış məlumata istinadən xəbər vermiş digər həmkarlarımızdan da xahiş olunur ki, bu məsələdə diqqətli olsunlar.
JAM.AZ olaraq belə bir dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatın mətbuatda yayılmasından dolayı üzüldüyümüzü bildirir və QHT Şurasına keçmiş olsun deyirik.
Jam.az-ın açıqlamasından sonra həmin məlumatı yayan criminal.az saytı da anoloji addımı atıb. (http://criminal.az/xeber/1666.html).
Bu saytın rəhbərliyi də araşdırmalar nəticəsində faktların qeyri-səhih olduğunu, məlumatların yalnış, heç bir həqiqətə uyğun olmadığını etiraf ediblər.
7News.Az








