RU
Azər Verdiyev: “Prezident xalqı narahat edən problemləri bir-bir özü sadalayır”
14:37
738

Azər Verdiyev: “Prezident xalqı narahat edən problemləri bir-bir özü sadalayır”

“Dövlət başçısının son çıxışı ölkə iqtisadiyyatında yeni səhifə açacaq”

Son iki ay ərzində ölkənin maliyyə sektorunda baş verən xoşagəlməz proseslər, dünya bazarında neft qiymətlərinin aşağı düşməsi nəticəsində dolların manata nisbətən məzənnəsinin yüksəlməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşmədi. Biri-birinin ardınca baş verən iki devalvasiya prosesi ölkədə bir sıra mal və məhsulların qiymətinin artmasına gətirib çıxartdı. Yaranmış vəziyyət bird aha onu sübuta yetirdi ki, hökumət neftdən gələn gəlirlərin qeyri-neft sektoruna yönəldilməsində haqlı imiş. Əgər zamanında bu siyasət həyata keçirilməsəydi hazırda Azərbaycan daha ağır bir vəziyyətə düşərdi. Ancaq son proseslər həmçinin bir reallığı da ortaya çıxardı ki, Azərbaycanda qeyri-neft sektorunun daha da inkişaf etdirilməsinə ciddi zərurət var. Belə bir zərurətin gündəmdə olması Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də qeyd edildi. İclasda çıxışı zamanı dövlət başçısı bəyan etdi ki, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi 2016-cı ildə də iqtisadi sahədə əsas prioritet olacaq. Neftdən asılılığın minimum səviyyəyə endirilməsini vacib hesab edən prezidentin sözlərinə görə, xarici sərmayənin ölkəmizə cəlb edilməsinə çalışmaq lazımdır: “Xüsusi ilə qeyri-neft sektoruna. O, sahələrə ki, onların inkişafı Azərbaycanın ixrac potensialını gücləndirəcək və idxaldan asılılığını azaldacaq”. Dövlət başçısı yerli sahibkarların da Azərbaycan iqtisadiyyatına daha çox sərmayə qoymalarını məqsədəuyğun sayıb. Bunun üçünsə dövlət başçısının dediyi kimi dövlət qurumları, həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları iş adamları üçün bütün şəraiti yaratmalıdırlar.

Bəs görəsən bundan sonra Azərbaycanda qeyri-neft sektorunu daha da inkişaf etdirmək nə dərəcədə mümkün olacaq? Ümumiyyətlə, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün əsas nəyə diqqət etmək lazımdır? Bu və ya digər məsələlərlə bağlı ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Azər Verdiyev müsahibədə bunun üçün atılmalı vacib olan addımlardan da danışıb.

-Azər müəllim, son aylar neftin qiymətinin aşağı düşməsindən yaşanan iqtisadi problemlər ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsinin zəruriliyini ortaya qoydu və bunu prezident İlham Əliyev də Nazirlər Kabinetinin iclasında qeyd etdi. Sizcə, qarşıdakı ildə qeyri-neft sektorunu daha da inkişaf etdirmək nə dərəcədə mümkün olacaq?

- Azərbaycan uzun illər Sovet imperiyasının tərkibində iqtisadi asıllıq mexanizmi ilə idarə olunub. O zaman xammal bir ölkədən gətirilirdi, istehsalat isə tamam başqa bir ölkədə həyata keçirilirdi. Müstəqillik əldə etdikdən sonra isə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə uzun müddətə hesablanmış iqtisadi strategiya həyata keçirilməyə başlanıldı. Bu strategiyanın mühüm hissəsini isə qeyri-neft sektorunun inkişafı təşkil edirdi. Bu gün bu sahədə bir çox islahatlar həyata keçirilib və proses günümüzdə də davam etdirilir. Tək paytaxda deyil, eyni zamanda regionlarda kompleks tədbirlər həyata keçirilir. Lakin bu sahədə ciddi problemlər hələ də qalmaqdadır. Bunun da obyektiv və subyektiv səbələri var. Əgər iqtisadi cəhətdən dünyanın ən güclü dövlətlərinə nəzər salsaq görərik ki, onlar müstəqillik əldə etdikdən 40-50 il sonra hansısa nəticəni əldə edə biliblər. Azərbaycan 25 illik müstəqilliyi dövründə bəzi dövlətlərin 50-100 ilə həyata keçirə bildiklərini edə bilmişdi. Lakin bu elə bir spesifik mərhələdir ki, proseslər uzun müddətli zaman itkisini həzm edə bilmir. Qısa zaman kəsiyində böyük işlərin görülməsi modeli daha əlverişli hesab olunur.

- Sizcə, qeyri-neft sektorunda əsas hansı istiqamətlərə üstünlük verilməlidir?

- Mən mediada bu barədə dəfələrlə danışmışam. Məsələyə kompleks yanaşmaq lazımdır. Bank sektorunda ciddi islahatların aparılması, devolvasiya ilə əlaqədar sadə vətəndaşlara dəyən ziyanın minimuma endirilməsi, biznes mühitinin yaxşılaşdırılması, şərtlərin yumşaldılması, TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi, idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin olunması, pensiya və əmək haqlarının istehlak səbətinə uyğun olaraq artırılması, struktur islahatlarının həyata keçirilməsi lazımdır. Eyni zamanda çevik idarəetmə mexanizmlərinın yaradılması, lazımsız qurumların ləğv olunması, bütün iqtisadi və sosial əməliyyatların "ASAN"laşması, maliyyə vəsaitlərinin xərclənməsinə İctimai Nəzarətin gücləndirilməsi, regionlarda çevik sosial-iqtisadi islahlatların aparılması, mövcud problemlərin müəyyənləşməsi və onların həll edilməsi zəruridir. Bütün bunlarla yanaşı süni bahalaşma ilə mübarizənin gücləndirilməsi və bu hala yol verənlərə qarşı təkcə inzibati deyil, eyni zamanda cəza tədbirlərinin də görülməsi, ölkənin turizm potensialının yenidən nəzərdən keçirilməsi və inkişafı üçün konsepsiyanın yaradılması, xarici investorların ölkəyə cəlb olunması üçün münbit, güzəştli mühitin yaradılması, QHT-lərin yuxarıda sadaladığımız istiqamətlərdə fəaliyyətinin səmərələliyini artırmaq üçün beynəlxalq və yerli donorlardan qidalanmasının təmin edilməsi, regionların spesifikasına uyğun olaraq bəlli iqtisadi sahələrin inkişafı üçün güzəştli paketlərin hazırlanması, təhsil və Səhiyyə sistemində ciddi islahatların aparılması birmənalı şəkildə qeyri-neft sektorunun inkişafını stimullaşdıracaq.

- Heç şübhəsiz ki, bu sahənin inkişafı üçün əlverişli biznes mühit də yaradılmalıdır. Sizcə dövlət başçısının bu tapşırığı müvafiq dövlət qurumları tərəfindən necə icra olunacaq?

- Əgər son 3 ilin illik hesabatlarına baxsaq görərik ki, Cənab Prezident xalqı narahat edən problemləri bir-bir özü sadalayır və bu problemlərin həlli üçün kompleks yanaşma ortaya qoyur. Eyni zamanda yerindəcə müvafiq tapşırıqlar verərək xalqın sosial rifahının yaxşılaşdırılması istiqamətində atılacaq addımları sadalayır. Yəni hər dəfə Prezident demək olar ki, hər şeyi tam aydın şəkildə icraçılara təqdim edir. Burada sadəcə verilən tapşırıqlara vaxtında və səmərəli riayət etmək faktoru qalır. Çox təəssüflə qeyd etməliyik ki, bəzi qurumların rəhbərlərinin yerində olmaması da bu problemlərin sonrakı mərhələdə daha ciddi şəkildə biruzə verməsi ilə nəticələnir. Sonucda isə bir qurumun cəmiyyətdəki nüfuzuna ciddi xələl gəlir. Bu qətiyyən yolverilməzdir. Cənab Prezidentin damla-damla topladıqlarını heç bir məmur israf etməməlidir. Bu yolverilməzdir. - Bəs lisenziyaların sayının azaldılması, bürokratik əngəllərin aradan qaldırılması qeyri-neft sektorunun inkişafına hansı imkanlar yarada bilər? - Tarixə nəzər salsaq görərik ki, istənilən bürokratik əngəl tək iqtisadiyyatı deyil, bütövlükdə cəmiyyəti çökdürür. Heydər Əliyev də zamanında bürokraik əngəllərin aradan qaldırılması məqsədi ilə əməli tədbirlər görərək hər bir sahədə sağlam inkişafa nail olurdu. Bu siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Lakin bir məqamı xüsusi olaraq vurğulamalıyam. Bu elə bir prosesdir ki, gecə yatıb tezdən durmaqla məsələ öz həllini tapmır. Bunun üçün kompleks tədbirlər həyata keçirilməlidir. İlham Əliyevin dünya üçün nümunə hesab edilən ASAN xidmət modeli artıq cəmiyyətin əsas güvən simvoluna çevrilib. Bu proses bütün sahələrdə olmalıdır. Vətəndaşlara qarşı tətbiq edilən hər hansı zorakılıq birmənalı şəkildə həmin sahədə süquta gətirib çıxaracaqdır. Hesab edirəm ilk növbədə TENDER mühitinin şəffaflaşdırılması və imkanların genişləndirilməsi daha məqsədəuyğun olardı. Bu ilk növbədə yüzlərlə yeni iş yerlərinin açılması və infrastruktur yeniliklərinin reallaşması deməkdir. Hesab edirəm ki, beynəlxalq donorları, maliyyə resurslarını ölkəmizə cəlb etmək üçün ciddi, şəffaf biznes mühiti yaradılmalı və şərtlər yüngülləşdirilməlidir. Cənab Prezidentin çıxışında qeyri-neft sektorunun inkişaf etdirilməsinin vacibliyi daha çox diqqət cəlb etdi. Elə bilirəm ki, bu istiqamətdə ən mühüm işlərdən biri də turizm sektorunun inkişaf etdirilməsidir. Araşdırmalar göstərir ki, Azərbaycanda turizm sektorunda xidmətin səviyyəsi aşağı, qiymətlər isə olduqca yüksəkdir. Bu istiqamətdə turizm şirkətləri üçün xüsusi proqram hazırlanmalı və xaricilərin ölkəmizə cəlb edilməsi üçün bütün innovativ metordlardan istifadə edilməlidir.

- Xarici sərmayəçilər Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün investisiya qoymağa maraqlı görünəcəklərmi?

- Azərbaycan xarici investorların cəlbi baxımından Cənubi Qafqazda neçə illərdir ki, liderliyini qoruyub saxlayır. Təbii ki, bu prosesdə ölkədəki siyasi və iqtisadi sabitlik önəmli səbəb kimi göstərilir. Lakin dünyada baş verən qlobal iqtisadi böhranla əlaqədar devolvasiya prosesinin getməsi bir daha onu göstərdi ki, atılan addımlar yetərli deyil. Xarici investorların ölkəmizə cəlb olunması üçün yerli biznes mühiti onlar üçün münbitləşdirilməli, şərtlər yüngülləşdirilməlidir. Eyni zamanda regionların sosial-iqtisadi inkişafını daha da sürətləndirmək, nefdən asıllığını aradan qaldırmaq üçün yerli və xarici sahibkarlara özündə güzəştli şərləri ehtiva edən paketlər təqdim olunmalıdır. İstənilən halda Prezident İlham Əliyev demək olar ki, bütün sahələr üzrə təhlillər apardı və problemlərin həlli üçün ciddi mesajlar verdi. Prezidentin son çıxışı ölkə iqtisadiyyatında yeni səhifə açacaq. Mətbuat və QHT-lər isə prezidentin çağırışına qoşulmalı, ictimai nəzarət funksiyasını layiqincə yerinə yetirməlidirlər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ