Bu barədə "Azəravtoyol”un mətbuat katibi Anar Nəcəfli öz facebook səhifəsində şərh yazıb. Belə ki, insan tələfatı ilə nəticələnən qəza haqqında fikirlərini bölüşən A.Nəcəfli daha çox yol təsərrüfatına dəyən ziyanı qabardıb. Sosial mediada ciddi şəkildə narazılıqla qarşılanan münasibəti olduğu kimi dərc edirik:
"Ağır qəza nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib
Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 88-ci kilometrliyində baş vermiş ağır avtomobil qəzası nəticəsində yol təsərrüfatına ciddi ziyan dəyib.
"Kamaz” markalı 22 BC 360 dövlət nömrə nişanlı qoşqulu yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yol ayrıcındakı əyri-xətli dəmir tirləri dağıdaraq, aşıb. Qəza zamanı 140 paqon metrə yaxın dəmir arakəsməsıradan çıxıb və bununla da dövlət büdcəsinə ilkin hesablamalara əsasən 8 min manata yaxın ziyan dəyib.
Dəymiş ziyanla bağlı fakt aktlaşdırılaraq, aidiyyatı üzrə göndərilib.Hazırda qəzanın fəsadları "Azəravtoyol” ASC-nin əməkdaşları tərəfindən aradan qaldırılır.
Qeyd edək ki, baş vermiş ağır qəza zamanı yük maşınında olan sərnişin 1988-ci il təvəllüdlü Hüseynov Elvin Rabit oğlu dünyasını dəyişib. Sürücü Goranboy rayon sakini 1986-cı il təvəllüdlü Ələkbərov Rövşən Əli oğlu ağır yaralanıb.”/vətəninfo.az
7News.az










