Azərbaycan Alpaqut Federasiyası qanvermə aksiyası keçirdi- FOTOLAR
Federasiyadan 7NEWS.az-a verilən məlumatda bildirilir ki, Azərbaycan Alpaqut Federasiyasının (AAF) rəhbərliyi, məşqçi
və idmançı heyəti talassemiyadan və hemofiliyadan əziyyət çəkən insanlar üçün
yardım məqsədi ilə Mərkəzi Qanvermə Bankında qanvermə aksiyası keçirib.
Aksiyada federasiyanın prezidenti Aqil Acalov, birinci vitse prezident Qüdrət
Nuriyev, vitse prezident Nuranə Şıxəliyeva, "Aypara” sistemi üzrə koordinator
Elşən Məmmədov və 30-a yaxın idmançı iştirak edib. AAF-nın prezidenti Aqil
Acalov bildirib ki, bu kimi aksiyalar birinci dəfədir keçirilmir və demək olar
ki, ənənə şəklini alıb.”Federasiyamız hər il bənzər sosial layiəhləri təşəbbüskar
olaraq reallaşdırır”-deyə qeyd edən Aqil Acalov həmçinin bildirib ki, bu,
xeyriyyəçilik məqsədi ilə yanaşı cəmiyyətdə maarifləndirmə işini aparmağa
istiqamətləndirilmiş aksiyadır: "Biz istəyirik ki, cəmiyyətimiz hər zaman
talassemiya və hemofiliyadan əziyyət çəkən insanların yanında olsunlar, onların
talelərinə biganə yanaşmasınlar. Fürsətdən istifadə edərək, hər kəsi belə
sosial layihələrdə iştirak etməyə səsləyirik. Çünki bu eyni zamanda bizim vətəndaşlıq
və insaniyyətlik borcumuzdur”. Federasiyanın birinci vitse prezidenti Qüdrət
Nuriyev də bu kimi aksiyalarda iştirak etməkdən məmnunluq hissi duyduğunu
deyib. "Verilən hər bir qan bir xilas mənbəyidir”-deyə qeyd edən Qüdrət Nuriyev
əlavə edib ki, bənzər təşəbbüsslərdə iştirak etmək hər kəsin vətəndaşlıq borcu
olmaqla yanaşı, həm də humanizmə verdiyi dəyər olmalıdır: "Bu baxımdan,
aksiyamıza qoşulan hər kəsə minnətdarlığımızı bildiririk”. AAF-ın vitse
prezidenti Nuranə Şıxəliyeva də bildirib ki, bu cür sosial layihələrin keçirilməsi,
xüsusilə talassemiya və hemofiliyadan əziyyət çəkən insanlar üçün bu kimi təşəbbüslərin
reallaşdırılması vacibdir. "İlk növbədə, vətəndaş olaraq düşünürəm ki,
talassemiya və hemofiliyalı insanlar üçün belə kampaniyaları tez-tez keçirməliyik.
Çünki bu gün dünyada bu xəstəliklərdən əziyyət çəkən insanlar kifayət qədərdir”-deyə
bildirən Nuranə Şıxəliyeva həmçinin qeyd edib ki, Azərbaycan dövləti istər
talassemiyadan, istərsə də digər xəstəliklərdən əziyyət çəkən insanlar üçün çox
böyük işlər görür, uğurlu səhiyyə məqsədli proqramlar icra edilir: "Bizlər isə
hər zaman dövlətimizin yanında olaraq, vətəndaşlıq borcumuzu layiqincə təmsil
etməliyik, öz təşəbbüslərimizlə fəallığımızı artırmalı, xeyriyyəçilik məqsdədlərimizi
davamlı olaraq həyata keçirməliyik. Hazırkı aksiyamız da məhz bu istiqamətə yönəlib
və AAF gələcəkdə də həmin fəaliyyətini uğurla davam etdirməyi qarşısına məqsəd
qoyub”.