Strasburqda Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin "Yerli və regional səviyyələrdə etik standartlar və şəffaflıq" mövzusuna həsr edilmiş 31-ci plenar sessiyası keçirilib.
7News.az-ın xəbərinə görə,bu barədə Konqresin plenar iclasında iştirak edən Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov məlumat verib. O, bildirib ki, sessiya öz işinə başlamazdan öncə Avropa Şurasında təmsil olunan partiyaların görüşü keçirilib. Azərbaycan nümayəndə heyətinin üzvləri aid olduqları müvafiq partiyaların iclaslarında iştirak ediblər. Hümbət Hüseynov Konqresin 31-ci plenar sessiyasında yerli və regional səviyyələrdə Avropa Şurasının üzv ölkələri tərəfindən demokratiyaya dair sənədlər qəbul olunduğunu, həmçinin Konqresin prezidenti, idarə heyəti və komitələrin seçkilərinin baş tutduğunu bildirib. Konqresin tarixində ilk dəfə prezident qadın Qudrun Mosler-Ternstrem seçilib. Bələdiyyə sədri sonda qeyd etdi ki, Konqresdə yerli və regional səviyyələrdə etik standartlar və korrupsiya, radikalizasiya ilə mübarizə, həmçinin seçki kampaniyalarının gedişində inzibati resurslardan sui-istifadə problemi və yerli və regional seçki nümayəndələrinin rolu və bir sıra məsələlər ətrafında müzakirələr aparılıb, eyni zamanda toplantıda Azərbaycan nümayəndə heyətinin üzvləri ayrı-ayrı mövzularla bağlı müzakirələrə qatılıb çıxışlar ediblər. Çıxışlar zamanı Azərbaycandan olan nümayəndələr 15 iyul 2016-cı il tarixində Türkiyədə uğursuzluqla nəticələnən çevrilişə cəhddən sonra dövlətin terrorizmə qarşı başladığı mübarizədə Türkiyə bələdiyyələrinin ön sıralarda olmasını, bu mübarizənin Türkiyə hakimiyyətinin və xalqının haqqı olduğunu və Azərbaycan bələdiyyələrinin də Türkiyənin bu haqlı mübarizəsində onun yanında olduğunu bildirib.








