RU
Azərbaycan “cəmiyyətin sosial bəlası”na qarşı prinsipial mübarizə aparır
17:07
1104

Azərbaycan “cəmiyyətin sosial bəlası”na qarşı prinsipial mübarizə aparır

XX əsrin bəlalarından sayılan narkomaniya indiki əsrin də ən ağır problemləri sırasında qalmaqdadır. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin, cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Məhz bunlara görə ümummilli liderimiz Heydər Əliyev bu növ cinayəti “cəmiyyətin sosial bəlası” adlandırmışdır.

BMT Baş Assambleyasının 1987-ci ildə dekabrın 7-də qəbul etdiyi 42/112 saylı qətnaməyə əsasən, 26 iyun narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü elan edilib. Statistikaya görə, dünyada 110 milyon nəfər ən azı ayda bir dəfə narkotikdən istifadə edir və təxminən 25 milyon nəfər narkoman var. Narkotikdən istifadə maddi mənfəətin itirilməsinə, müalicəyə böyük xərclərin çəkilməsinə, ailələrin dağılmasına gətirib çıxarır. Xüsusən də narkotik maddələrin inyeksiyası dünyanın bir çox yerlərində HİV/AİDS və hepatitin sürətlə yayılmasına səbəb olur.

Məlumdur ki, narkotiklər, narkomanlar və narkoticarətlə cinayətkarlıq və zorakılıq arasında birbaşa əlaqə mövcuddur. Çünki, narkotik kartelləri dövlət hakimiyyətini korrupsiyaya sürükləməklə bərabər, qanuni biznes fəaliyyətini də sarsıdır. Narkotiklərin qanunsuz dövriyyəsindən daxil olan gəlirlər ən qanlı münaqişələrin də maliyyələşdirilməsi üçün istifadə olunur.

Narkotiklə mübarizə işi üçün xərclənən vəsait də həddən artıq çoxdur. Polis və məhkəmə sistemi, müalicə proqramları və narkomanların reabilitasiyası işinin gücləndirilməsi üçün böyük məbləğdə vəsait sərf olunur. Bu bəla küçə cinayətləri, müxtəlif qruplar arasında gedən münaqişələr, şəhərin tənəzzülü və s. kimi böyük sosial gərginliklər və qorxu yaradır.

Narkomaniyanın miqyasını nəzərə alaraq BMT bir çox səviyyədə qlobal problemləri həll etməyə çalışır. Bu məqsədlə BMT-də yaradılmış komissiya əsasən narkotiklərə nəzarət üzrə tədbirlərin inkişafını əlaqələndirmə siyasətini həyata keçirən əsas hökumətlərarası orqandır.

53 üzv ölkəni birləşdirən BMT Komissiyası dünya miqyasında narkomaniya və narkotik problemlərini təhlil edir və beynəlxalq səviyyədə narkotiklərə nəzarətin gücləndirilməsi üçün təkliflər hazırlayır. Eyni zamanda, narkotiklərə nəzarətlə bağlı Baş Assambleya tərəfindən qəbul olunmuş təlimat və tədbirlər haqqında beynəlxalq müqavilələrin yerinə yetirilməsinə nəzarət edir.

Öz coğrafi mövqeyinə görə əsas narkotrafik marşrutların üzərində yerləşən Azərbaycan  Əfqanıstan və İrandan Avropaya o, cümlədən Rusiyaya narkotiklərin qanunsuz daşınmasında tranzit ölkələrdən biri hesab olunur. Lakin Azərbaycan dövlətinin sayıqlığı və bu ümumbəşəri bəlaya qarşı barışmaz mübarizə xətti götürməsi narkotacirlərin istəklərinin reallaşmasının əhəmiyyətli şəkildə qarşısını alır.

2016-cı ilin aprel ayında BMT-nin Baş Assambleyasının dünyadakı narkotik probleminə həsr olunmuş xüsusi sessiyası toplanan təcrübə və fikir mübadiləsinə imkan yaratmış, habelə 2019-cu ilədək Siyasi Bəyannamə və Fəaliyyət Planında təsbit olunmuş məqsədlərə çatmaqda yardım etmişdir. Ölkələrin müxtəlif tarix, mədəniyyət və adət-ənənələrini nəzərə alaraq, hər birindən razılıq əldə etmək heç bir halda asan vəzifə olmamışdır. Lakin Birləşmiş Millətlər Təşkilatı hər zaman razılığın əldə olunması və dostluğun qurulması ilə məşğul olur.

Bir neçə ay ərzində keçirilən yüksək səviyyəli danışıqlar və geniş müzakirələrin nəticəsində ərsəyə gələn sənəd bu dramatik problemlərin həllinə nail olmaq üçün ən mükəmməl cəhd idi. Beləliklə, həyatı daha yaxşı istiqamətə yönəltmək məqsədilə sənəd gözəl ifadələri təsirli və cəsarətli əməllərə çevirməyə çalışır. Bundan əlavə, sənəd narkotiklərə nəzarət üzrə beynəlxalq konvensiyaların narkotik istifadə və sui-istifadə problemlərinə sinə gərmək üçün kifayət qədər çevik olmasını vurğulayır.

Bəs, praktik baxımından bu nə deməkdir ? Bu, kiçik həcmli cinayətlərə görə həbs qəti - imkan tədbirinə alternativ tədbirlərin tapılması və tibbi məqsədlər üçün narkotik vasitələrə çıxış imkanının təmin edilməsi mənasını daşıyır. Sözügedən hərtərəfli və balanslaşdırılmış yanaşma bir tərəfdən sağlam həyata dəstək verir, digər tərəfdən isə narkotik vasitələrin qanunsuz təchizatı ilə mübarizə aparan hüquq-mühafizə orqanlarının imkanlarını artırır.

Bununla belə, sənədin əsasında daha ali məqsəd durur: siyasətimiz insanlara və icmalara dəstək olmaqdır. Yəni ki, ən vacib amil insanın özüdür!

Təzyiq altında narkotik qəbul edən uşaqlar, məcburiyyət qarşısında narkotik vasitələrin qaçaqmalçısına çevrilən həssas qrupdan olan qadınlar və alternativ qazanc mənbəyi məqsədilə qeyri-qanuni bitkiləri əkən yoxsul kəndlilər ərsəyə gələn sənədin əsas hədəfləridir.

Narkotiklərə nəzarət üzrə beynəlxalq konvensiyaların əsas prinsiplərindən biri ortaq məsuliyyətə olan tələbatdır. Heç bir ölkə bu problemi tək həll edə bilmir və Azərbaycan da daxil olmaqla, heç bir ölkə həllərin axtarışından özünü təcrid edə bilməz. Nyu-Yorkda təqdim olunacaq yekun sənəd bu prinsiplə birbaşa bağlıdır- bu, hər kəsi razı salmağın çətin olmasına baxmayaraq, əməkdaşlıq və tərəfdaşlığı təşviq edən bir bəyanatdır. Dünya belə yekdil mövqedən faydalana bilər.

Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin (MARİƏM/CARICC) formalaşdırılması narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə regional səyləri artırmaq üçün atılan konkret addımların nümunəsidir. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi tərəfindən icrasına başlanılan MARİƏM Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarını bir araya gətirir və transsərhəd informasiya mübadiləsi və daha mükəmməl əlaqələndirməni və narkotiklərə qarşı  əməliyyatların həyata keçirilməsini asanlaşdırır.

BMT-nin yeni iddialı Dayanıqlı İnkişaf Gündəliyi hamı üçün şərəfli bir həyat təmin etmək  məqsədinə xidmət etməlidir. Bu iddialı hədəf, əldə edildiyi halda, narkotik vasitələrin ticarəti və narkomaniyanın səbəbləri kimi icmalar və fiziki şəxslərə ölümcül zərərlər də daxil olmaqla, müxtəlif maneələri aradan qaldırmalıdır. Sözü gedən çağırışlara ortaq cavab narkotiklərə nəzarət üzrə beynəlxalq konvensiyalara əsaslanır. İnsan hüquqları standartlarına və normalarına tam uyğun şəkildə Birləşmiş Millətlər Təşkilatı nəzarət olunan narkotik vasitələrə dair beynəlxalq siyasətinin yenidən və ehtiyatla balanlaşdırılmasının tərəfdarıdır. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya ilə beynəlxalq mübarizə günündə və Dayanıqlı İnkişaf üzrə BMT-nin sammiti ərəfəsində qanunsuz narkotiklərin ətraf mühit, təhlükəsizlik və inkişafa zərbə yetirməsini xatırlamaq vacibdir. Balanslı və insan hüquqlarına əsaslanan yanaşmadan istifadə edərək onların təsirinə qarşı mübarizə bəşəriyyətin sağlamlığını və rifahını qorumaq və təşviq etmək üçün önəmlidir.

Xatırladaq ki, biz – Azərbaycan tərəfi BMT- yə müraciət etmişdik ki, daha mükəmməl və vahid konvensiyanın qəbul edilməsi tələb olunur. Belə ki, dünyada narkomaniyanın qarşısının hərtərəfli alınmasına ehtiyac var. Azərbaycan həmişə olduğu kimi bu dəfə də təşəbbüskarlığı ilə seçilir.  Ölkəmiz BMT Konvensiyalarını tam dəstəkləyir və öz prinsipiallığı ilə fərqlənir.

Beləliklə, ümumbəşəri bəla sayılan narkomaniya və psixotrop maddələrin yayılmasının qarşısının alınmasında BMT-nin təşəbbüsləri və qəbul etdiyi konvensiyalar dünyada bu təhlükənin böyüməsinə daha geniş arealı əhatə etməsinə sözün həqiqi mənasında mühüm əngəllər yaradır. Bu məsələyə ölkələrin yanaşması və prosesdə iştirakı fərqli olduğundan mübarizə bəzi yerlərdə effektli, bəzilərində isə effektsiz ola bilər. Lakin Azərbaycan dövləti bu dünya miqyaslı  təhlükənin yayılmasında ölkəmizin rolunun olmaması üçün bütün lazımi addımları atır. Azərbaycan dövlətinin gənc nəslin bu zərərli və hətta öldürücü vərdişə mübtəla olmaması üçün narkomaniyaya qarşı mübarizəsi  effektivlik baxımından  təqdirəlayiqdir./xalqqazeti

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ