RU
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı bəyanat yaydı
16:11
1812

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı bəyanat yaydı

2 aprel 2016-ci il tarixdə Ermənistan Silhalı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində təmas xətti boyunca növbəti təxribata əl ataraq, Azərbaycan möqelərinə hücum etmiş, iriçaplı silahlardan və ağır texnikadan istifadə etməklə yaşayış məntəqələrini güclü atəşə məruz qoymuşdur.  Bunun nəticəsində əraziyə yaxın kəndlərdə yaşayan dinc sakinlər həlak olmuş, yaralanmış, mülki obyektlərə və əhalinin təsərrüfatına xeyli zərər vurulmuşdur. Bu təxribat və hücum əməliyyatlarının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələri cavab tədbirləri görmək məcburiyyətində qalıb və işğalçıların təxribatını dəf edərkən Azərbaycan ordusunun 12 hərbi qulluqçusu həlak olmuşdur.

Azərbaycan tərəfinin dəfələrlər bəyan etdiyi və beynəlxalq təşkilatlara ünvanladığı müraciətlərdə deyildiyi kimi bu təxribatlar Ermənistanın beynəlxalq hüquqa məhəl qoymamasının, dünya və regional təşkilatların qərarlarını heçə saymasının, bölgədə sülhə hər an təhlükə yaratmasının və bütünlükdə bu işğalçı dövlətin Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür.

Təəssüflər olsun ki, nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən, BMT, ATƏT və Avropa Şurası Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyri-şərtsiz boşaltması, yerli mülki əhalinin bu torpaqlara qayıtması və burada dinc birgəyaşayışı təmin etmək haqqında dəfələrlə qətnamə və qərarlar qəbul etsələr də işğalçı dövlətdən bunların icrasını tələb etməkdə hələ ki acizlik və ikili siyasət nümayiş etdirir. ATƏT-in Minsk Qrupu və onun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri bu müddətdə heç bir əməli addım atmamış, Ermənistana təzyiq göstərmək əvəzinə işğalçının himayəçisi və bu münaqişənin monopolisti rolunda çıxış etmişdir. Bunu konkret olaraq Avropa Şurası Parlament Assambleyasının son sessiyasında “Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair” qətnamə qəbulunun qarşısının alınması məqsədilə ATƏT Minsk Qrupu həmsədrlərinin işğalçı Ermənistanın müdafiəçisi rolunda Avropalı parlamentarlara təzyiq xarakterli muaciətində bir daha gördük.    

Beynəlxalq hüquqa və üzv olduğu təşkilatların qarşısında həmişə öhdəliyinə sadiq olan Azərbaycan bu dəfə də sülhpərvər missiyasına uyğun olaraq təmas xəttində birtətəfli qaydada atəşkəs elan etmiş, lakin Ermənistan tərəfinin təxribatı bu gün də davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi bu dəfə də məsuliyyət Ermənistanın kriminal rəhbərliyinin üzərinə düşür.

Biz ADTGT olaraq, Ermənistanın son günlər cəbhədə törətdiyi təxribat və hücumları pisləyərək, Sizlərdən bu işğalçı dövlətə himayədarlıq etmək siyasətinizdən əl çəkmənizi və Azərbaycanın işğal olunmuş torpaqlarından Ermənistan Silahlı Qüvvələrinin çixarılması mexanizmlərini konkret işə salmağınızı tələb edirik.

Biz eyni zamanda 22 ildir mandata sahib olan, lakin münaqişənin həllində heç bir konkret addım atmayan ATƏT-in Minsk Qrupunun fəaliyyətini qeyri-qənaətbəxş hesab edərək, yaxın vaxtlarda bu Qrupun tam formatda Zirvə Toplantısının çağrılmasını, münaqişənin qısa vaxtda həll edilməsi istiqamətində yeni konkret addımların atılmasını və Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünün və  sərhədlərinin bərpa edilməsini tələb edirik.

Azərbaycanın ərazi bütövlüyünün bərpasına hazır olan gəncliyi BMT Nizamnaməsi və Azərbaycan Respublikasının Konstitusiyası ilə verilən hüquq və öhdəliyə sadiq qalaraq, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində hər bir mübarizəyə hazır olduğunu bəyan edir və beynəlxalq gücləri Azərbaycana dəstək verməyə cağırırıq.   

Müharibə şəraitində yaşayan Azərbaycan gəncləri olaraq, biz dünyada və regionda sülh və əmin-amanlığın bərpa olunmasına, Ermənistanın regionda stabilliyin pozulması məqsədilə apardığı işğalçılıq siyasətinin dayandırılmasına Sizləri əməli töhfələr verməyə çağırırıq.

 

ADTGT İdarə Heyəti adından

Asif Əsgərli

ADTGT Sədri

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ