RU
Azərbaycan kinosunun “Qaynanası” 100 yaşında
10:42
2079

Azərbaycan kinosunun “Qaynanası” 100 yaşında

Bu gün Azərbaycan teatr və kino səhnəsində bir-birindən əvəzsiz obrazlar yaradan xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyidir.

7News.Az xəbər verir ki, Milli Musiqili Komediya Teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə xanım 20 aprel 1916-cı ildə Bakıda doğulub.

Atası Kərbəlayı Cahangir tanınmış tacir və sevimli aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana gedib. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdə rəhmətə gedib.

Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb və şöhrətlənib.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmayıb.

Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov ) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

N.Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisanın Xanpəri (“Dərviş Məstəli şah”, musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Nargilə (“Gözün aydın”,), Şərəf və Nisə (“Durna”, Süleyman Rüstəm), Məsmə (“Toy kimindir?”, Məhərrəm Əlizadə və Ağası Məşədibəyov), Züleyxa (“Ulduz”, Sabit Rəhman) Tükəz və s. rollarının əvəzsiz ifaçısı sayılır.

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbbi reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur.

Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, tele-tamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib.

Kino obrazları içərisində Fatmanisə (“Ögey ana”), Telli (“Böyük dayaq”), Züleyxa (“Ulduz”), Cənnət xala (“Qaynana”), Gülsüm (“Molla Fətəlinin sərgüzəşti”), Əsli xala (“Bəyin oğurlanması”) rolları daha canlı və daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə əməkdar, 1967-ci ildə isə xalq artisti fəxri adına layiq görülüb. “Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatını alıb.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.

Məlumat üçün bildirək ki, yubiley tədbirlərinin yüksək səviyyədə qeyd olunması ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixli sərəncam imzalayıb.

Mədəniyyət və Turizm Nazirliyi Dövlət Musiqili Teatrı ilə birgə Nəsibə Zeynalovanın 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər həyata keçirəcək.

Bu gün ilk tədbir Mədəniyyət və Turizm Nazirliyi rəsmilərinin, Musiqili Teatr kollektivinin və sənətçinin yaxınlarının, doğmalarının iştirakı ilə çoxəsrlik zəngin mədəniyyət salnaməmizdə silinməz iz qoyan böyük sənətkar, bənzərsiz gülüş ustasının Fəxri Xiyabandakı məzarının ziyarət edilməsi ilə başlayıb.

2016-cı ilin noyabr ayında isə Musiqili Teatrda korifey sənətkarın yubiley gecəsi keçiriləcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ