Zəngin təbii
sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan Azərbaycan İkinci Dünya
müharibəsi illərində də iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu.
Onlar Azərbaycana böyük maraq göstərirdilər, Almaniya Bakı neftini ələ
keçirməklə Şərqə — İran körfəzinə və Hind okeanına hərəkət etmək niyyətində
idi. Hitlerin tapşırığı əsasında hətta Bakının sənaye və hərbi əhəmiyyətli
obyektlərinin dəqiq xəritəsi hazırlanmışdı. Nasist rəhbərləridən biri olan
Rozenberqin hazırladığı «Qafqazın idarə olunması planı»na əsasən Azərbaycanda
Qafqaz reyx Komissarlığına tabe olan xüsusi komissarlıq idarə üsulu yaradılmalı
idi.
Digər bir plana görə SSRİ məğlub edildikdən sonra onun ərazisində olan
türklərin «Böyük Türküstan» dövləti yaradılmalı idi. Azərbaycan da onun
tərkibinə daxil edilməli idi. Hitlerin «Edelveys» adlanan Qafqaza hücum
planında Bakının tutulmasının dəqiq vaxtı da göstərilmişdi. Qafqaza xüsusi
maraq göstərən ABŞ və Böyük Britaniya tərtib etdikləri «Vilvet» planında
Azərbaycanı öz nüfuz dairələrinə çevirmək göstərilirdi. Öz növbəsində SSRİ-nin
də azərbaycanlıları Mərkəzi Asiyaya və Qazaxıstana köçürmək şərtilə Azərbaycanı
öz tərkibində saxlamaq planı var idi.
Sovet Azərbaycanı SSRİ-nin tərkibində olaraq hələ 1939-cu ilin payızından
müharibəyə cəlb olunmuşdu. Onun da igid oğul və qızları sovet-fin müharibəsi
cəbhəsinə getmişdilər. 1941-ci ilin iyununda Sovet İttifaqının Böyük Vətən
Müharibəsi başlanandan sonra o da faşizmə qarşı müharibəyə cəlb olundu.
Azərbaycanda da cəbhəyə kütləvi səfərbərlik elan olundu. Müharibə illərində
Azərbaycan döyüşən cəbhəyə 600 minə yaxın oğlan və qız göndərdi. Ondan 40 mini
könüllü olaraq cəbhəyə yollanmışdılar. Azərbaycanlılardan 77-ci, 223-cü, 271-ci
402-ci, 416-cı, diviziyalar formalaşdırıldı. 227-ci və 396-cı diviziyaların
tərkibində də azərbaycanlılar çoxluq təşkil edirdilər.
Azərbaycan oğul və qızları da faşizmə qarşı döyüş cəbhələrində igidliklə
vuruşmuşdular. Onlar fərdi və kütləvi igidliklər göstərmişdilər, 40 nəfər
azərbaycanlı Brest qalasının müdafiəsində iştirak etmiş və son nəfəsinədək qala
uğrunda mərdliklə döyüşmüşdülər. 1941-ci ilin payızında Leninqrad (indi
Sankt-Peterburq) səmasını qoruyarkən Hüseynbala Əliyev misilsiz qəhrəmanlıq
göstərmişdi. O, düşmənin ona qarşı döyüşən 6 təyyarəsindən ikisini məhv etmiş,
17 yara almasına baxmayaraq öz təyyarəsini salamat uçuş meydançasına
endirmişdi. Lakin özü həlak olmuşdu. O, ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı
fəxri adına layiq görülmüşdü
1941-ci ilin dekabrında Novqorod yaxınlığındakı Pustinka kəndi uğrunda
döyüşlərdə kiçik leytenantİsrafil Məmmədovmisilsiz igidlik
göstərərək azərbaycanlılar arasında ilk dəfə Sovet İttifaqı Qəhrəmanı fəxri
adına layiq görülmüşdü.
Şimali Qafqazı faşistlərdən azad etmək uğrundakı döyüşlərdə Azərbaycan
diviziyaları böyük rəşadət göstərmişdilər. 1942-ci ildə 402-ci diviziya Mozdok
ətrafındakı yaşayış məntəqələrinin, 416-cı diviziya Şimali Qafqazın bir sıra
yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etmişdilər. Şimali Qafqaz
uğrunda gedən döyüşlərdə göstərdikləri igidliyə görə Qafur Məmmədov və İdris
Süleymanov Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Stalinqrad (indi Volqoqrad) uğrunda döyüşlərdə azərbaycanlılar
şücaətlə vuruşmuşdular. Baloğlan Abbasovun snayperlər qrupu, Həzi Aslanovun
tank alayı Stalinqrad döyüşlərində böyük mətanət göstərmişdilər. Stalinqrad
uğrundakı döyüşlərdə göstərdiyi rəşadətə görə 1942-ci il dekabrın 22-də Həzi
Aslanov ilk dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. O ikinci dəfə
Sovet İttifaqı Qəhrəmanı fəxri adına Berezina çayını keçərək Pleşeni şəhərini,
habelə 508 yaşayış məntəqəsini azad etdiyinə görə almışdı. Bu barədə fərman
onun ölümündən 47 il sonra 1991-ci ildə həyata keçirilmişdi. 1943-cü ildə
Ukraynanın azad olunması uğrunda döyüşlərdə, xüsusən Dnepr çayını keçməkdə
göstərdikləri misilsiz rəşadətə görə M.Məhərrəmov, M.Ələkbərov, Ə.Məmmədov,
F.Səfərov Sovet İttifaqı Qəhrəmanı fəxri adını almışdılar.
Müxtəlif cəbhələrdə faşist qoşunlarına qarşı döyüşlərdə göstərdikləri rəşadətə
görə 416-cı diviziya «Taqanroq diviziyası», döyüşçülərinin əksəriyyətini
azərbaycanlılar təşkil edən 227-ci diviziya «Temryuk divİziyası», 271-ci
diviziya «Qarlov diviziyası», 77-ci diviziya «Simferopol diviziyası» və 223-cü
diviziya «Belqrad diviziyası» adını qazanmışdılar. 223-cü və 416cı diviziyalar
Odessa və Kişinyovu, 271-ci diviziya Polşa və Çexoslovakiyanı, 223-cü diviziya
Yuqoslaviyanı azad etməkdə fəal iştirak etmişdilər. 416-cı diviziya Qafqazdan
Berlinə kimi böyük döyüş yolu keçmiş, Berlinin zəbt olunmasında iştirak
etmişdi, Polşa və Çexoslovakiyanın faşistlərdən təmizlənməsi uğrundakı
döyüşlərdə göstərdikləri igidliyə görə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.1944-cü
ildə Şimali Transilvaniyanın Mağara şəhəri uğrunda döyüşlərdə göstərdiyi
misilsiz igidliyə görə Gəray Əsədov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı
fəxri adına layiq görülmüşdü.
Azərbaycan oğulları faşizmə qarşı partizan və müqavimət hərəkatında da fəal
iştirak etmişdilər. Onlar Krımda, Ukraynada, Belorusiyada, Şimali Qafqazda,
Baltikyanı ölkələrdə, Polşada, Çexoslovakiyada, Macarıstanda, Yuqoslaviyada və
İtaliyada partizan dəstələri sıralarında, Fransada antifaşist müqavimət
hərəkatında igidliklə vuıuşmuşdular. İsmayıl Əliyev Smolensk vilayətində
fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi, Məmməd Əliyev Krımda
partizan dəstəsinin başçısı, Ələkbər Əliyev Belorusiyada «Dyadya Kolya»
partizan birləşməsinin qərargah rəisi olmuşdu. Ukraynada 400 azərbaycanlı
partizan dəstəsi təşkil etmişdilər. 1942-ci ildə Polşada faşist hərbi əsir
düşərgəsində Hadi Qiyasbəyovun və Mirzəxan Məmmədovun başçılığı ilə gizli
təşkilat yaranmışdı.
Müharibə dövründə üç mindən çox azərbaycanlı Qərbi Avropa ölkələrində, xüsusən
Fransada müqavimət hərəkatında iştirak etmişdilər. Onlardan Fransa müqavimət
hərəkatında vuruşan Əhmədiyyə Cəbrayılovun adı yaddaşlarda daha çox qalmışdır.
O, «Armed Mişel» (Xarqo) adı ilə müqavimət hərəkatında fəal iştirakına görə
Fransanın 5 ordeni və en yüksək fəxri adı — «Fransanın Milli Qəhrəmanı», şəxsi
igidliyinə görə paradda əskərə generaldan qabaqda getmək hüququ verən hərbi
medalı ilə də təltif olunmuşdu.
Azərbaycanın igid oğlu Mehdi Hüseynzadə (Mixaylo) Yuqoslaviyada faşistlərə
qarşı mübarizədə əfsanəvi qəhrəmanlıqlar göstərmişdi. O, Yuqoslaviya Xalq
Azadlıq Ordusunun kəşfiyyat təxribatçı qrupuna rəhbərlik edərək 1000 nəfərdən
çox fa-şist zabitini məhv etmiş, 700 nəfər hərbi əsiri azad etmişdi. 1944-cü
ildə faşistlərlə qeyri-bərabər döyüşdə həlak olmuşdu. 1957-ci ildə ona
ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdi.
Partizan dəstəsində onunla yanaşı T.Əliyev, D.İsmayılov, Ə.Məmmədov, M.Seyidov
və b. da döyüşmüşdülər. Bunlardan başqa Yuqoslaviya Xalq Azadlıq ordusu
sıralarında onlarla azərbaycanlı faşizmə qarşı vuruşmuşdu. Onlardan 50 nəfəri
Yuqoslaviyanın orden və medallarına layiq görülmüşdülər. Onlardan partizan
qərargahının rəisi D.Həkimli, bölmə komandirləri M.Abdullayev və A.Məmmədov,
pulemyotçu V.Hüseynov, həkim R.Ağazadə, feldşer M.Qulubəyov və b.
fərqlənmişdilər.
İtaliyada partizan dəstələrində vuruşan Ə.Babayev, H.Nadirov, M.Nəzərov,
İ.Məmmədov, V.Hüseynov, Ş.Məcidov, A.Mirzəyev, M.Nəcəfov, H.Əskərov,
M.Abdullayev, S.Səfıyev və b. Şimali İtaliyanın azad edilməsində fəal iştirak
etmişdilər. Əli
Babayev Qaribaldi adına batalyonun komandiri olmuş, «Hərbi şücaətinə görə»
gümüş medalla təltif olunmuşdu. Vilayət Hüseynov İtaliya faşistlərinin lideri
B.Mussolini həbs edənlərdən biri olmuşdu.
Azərbaycandan cəbhəyə səfərbər edilmiş 600 minə yaxın adamdan 200 mindən çoxu
həlak olmuş və itkin düşmüşdü. Müharibə cəbhələrində göstərdikləri şücaətə görə
xalqımızın 121 nəfər mərd oğlu Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq
görülmüşdü.
Müharibə illərində azərbaycanlılar
antisovet hərəkatında da iştirak etmişdilər. Baltikyanı ərazilər uğrunda gedən
döyüşlər zamanı əsir düşən Əbdürrəhman (Əbo) Fətəlbəyli Düdənginski Hitlerin
razılığı ilə azərbaycanlılardan ibarət hərbi dəstələr yaratmışdı. Azərbaycanlılardan
yaradılan hərbi legion Fransanın cənubunda müttəfiqlər əleyhinə döyüşlərdə
iştirak etmişdilər.
Hitler hökumətinin Şərq nazirliyi 1941-ci ilin
payızında M.Ə.Rəsulzadəni Almaniyaya dəvət etmişdi. Onunla azərbaycanlı əsirlərin
azad edilməsi, onlardan milli ordu yaradılması məsələləri müzakirə edilmişdi.
Hitler 1941-ci il dekabrın 22-də başqa milli hərbi hissələrlə yanaşı, Qafqaz
müsəlmanlarından xüsusi hərbi hissə yaradılması barədə əmr vermişdi. Qafqaz müsəlmanlarından
təşkil edilmiş hərbi hissələr 1942-ci ilin yayında Qafqaz cəbhəsindəki döyüşlərdə
iştirak etmişdilər. Azərbaycanlılardan təşkil olunmuş 7 min nəfərdən çox
döyüşçüsü olan «Aslan», «Dönməz», «Qafqaz», «Vətən» və b. hərbi dəstələr də bu
döyüşlərdə iştirak etmişdilər.
1943-cü ilin yazında antisovet hərəkatına rəhbərlik
etmək üçün Berlində Milli Azərbaycan Komitəsi yaradılmışdı. Həmin ilin may
ayında xüsusi azad türk diviziyası (162-ci piyada diviziyası) yaradılmışdı.
Diviziyanın tərkibində Azərbaycan legionu da var idi.
Hitlerin Azərbaycanı işğal etmək niyyətlərindən
xəbər tutan M.Ə.Rəsulzadə hitlerçilərlə əlaqəni kəsmişdi. O, Almaniyanı tərk
etməli olmuşdu. 1943-cü ilin payızında
Hitler hökumətinin himayəsi ilə Berlində Azərbaycan parlamenti və hökuməti
yaradılmışdı. Ona Əbo bəy Fətəlibəyli Düdənginski başçılıq etmişdi. Bu hökumət
1944-cü ilin qışınadək fəaliyyət göstərmişdi.
1942-ci ilin iyul ayında DTK-nin işçisi erməni
Aruşanovun uydurma ittihamı əsasında Bakının müxtəlif Ali və Orta ixtisas məktəblərindən
olan 8 nəfər tələbə həbs olunmuşdu. Onlar əsassız olaraq antisovet millətçi təşkilat
yaratmaqda təqsirləndirilmişdilər. Erməni müstəntiqləri Aruşanovun, Qriqoryanın
və Arustamovun əsassız ittihamnaməsi əsasında onlar 1942-ci ilin oktyabrın 31-də
mühakimə olunmuşdular. Mühakimə prosesi cəmi 45 dəqiqə çəkmişdi. Mühakimə
olunanlardan İsgəndərov Süleyman ƏliAbbas oğlu, Tağıyev Ələsgər Əli Səttar oğlu
və Rzayev Məmmədhüseyn Həbib oğlu məhkəmənin hökmü ilə 1942-ci il dekabrın 24-də
güllələnmişdilər. Mustafayev Çingiz Seyfulla oğlu, Ağayev Hüseynağa Mirhəşim
oğlu, Məmmədov Ağa Ələsgər Rza oğlu, Rzayev Saleh Əbdülhüseyn oğlu və Mehdiyev
Zaman Zeynal oğlu 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər. Həmin işdə
adları çəkilən Həbibzadə Şükür 1942-ci ilin noyabrında 8 il həbsə və Rüstəmov
Ramiz isə dekabr ayında güllələnməyə məhkum olunmuşdu. Lakin 1943-cü ilin
fevralında onun cəzası 10 il həbslə əvəz edilmişdi. Lakin sonradan apardan
yoxlamalar nəticəsində sözügedən iş üzrə hökmün əsassız və uydurma olduğu
sübuta yetirilmiş, 1960-cı il yanvarın 5-də isə ona xitam verilmişdir.
Müharibə illərində Azərbaycanın bütün
iqtisadiyyatı da müharibə tələblərinə uyğun qurulmuşdu. Fəhlə və qulluqçular
üçün iş günü 11-12 saata qaldırılmışdı. Məzuniyyətlər ləğv olunmuşdu. Ərzaq və
çox işlənən sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq edilmişdi.
Orduya səfərbər edilmiş işçilərin yerinə qadınlar və yeniyetmələr cəlb
olunmuşdular. Müharibənin ilk ilində neft sənayesində işləməyə 11 min qadın gəlmişdi.
Gənclərdən ixtisaslı kadrlar hazırlanması genişləndirilmişdi.
Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsal
etməyə başlamışdılar. O zaman SSRİ-nin əsas duru yanacaq-neft bazası olan
Bakının rolu artmışdı. Müharibə illərində Bakı ölkə neftinin 70-75 faizini,
benzinin 85-90 faizini verirdi. Motorlu hərbi texnika demək olardı ki, əsasən
Bakının verdiyi yanacaqla işləyirdi. 1941 1945-ci illərdə
Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdi.
Bakı döyüşən ordunun cəbbəxanalarından birinə
çevrilmişdi. Bakıda «Katyuşa» raketi, «Şpakin pulemyotu» istehsal edilir, «YAK
— 3» qırıcı təyyarəsi yığılırdı. Ümumən Bakıda 130-dan çox silah və onun hissələri
hazırlanırdı.
Azərbaycanın kənd əməkçiləri də müharibə illərində
döyüşən cəbhəyə əllərindən gələni etmişdilər. Onlar ölkəyə 500 min ton pambıq və
digər strateji xammal məhsulları vermişdilər.
Azərbaycan zəhmətkeşləri təmənnasız olaraq
müdafiə fonduna milyardlarla rubl könüllü vəsait və qiymətli əşyalar vermişdilər.
1941 — 1943-cü illərdə Azərbaycan vətəndaşları müdafiə fonduna 15 kiloqram
qızıl, 952 kq gümüş, 311 milyon manatlıq istiqraz vermişdilər. Cəbhəyə 1,6
milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərmişdilər. Öz vəsaitləri
hesabına tank və təyyarə kolonnaları təşkil etmişdilər.
Azərbaycanın alimləri də müharibə illərində şərəflə
işləmişdilər. Məşhur akademik Yusif Məmmədəliyev başda olmaqla kimyaçı alimlər
müharibə illərində 38 növ sürtkü yağı, 9 adda təyyarə benzini və 8 növ dizel
yağı istehsalını təşkil etmişdilər.
Bütün ziyalıların, o cümlədən yaradıcı
ziyalıların fəaliyyəti faşizm üzərində qələbəyə yönəldilmişdi.
Beləliklə, ikinci dünya müharibəsində faşizm və
militarizm üzərində qələbənin əldə edilməsində Azərbaycan da öz böyük töhfəsini
vermişdi.
Azərbaycanlılar müharibədə
Dünya ağalığı iddiasında olan və ildırım sürətilə hücuma keçən Hitler
orduları özlərinin məğlübedilməzliyi haqqında əfsanəni bütün Avropaya yayaraq
elə güman edirdilər ki, onlara qarşı müqavimət göstərə biləcək qüvvə yoxdur.
Ancaq Hitler və onun generalları yanılmışdı. Faşistlər müharibənin ilk
günlərindən sovet xalqlarının yetişdirdiyi əsgərlərin, ölümü gözünün altına
alan və vətən torpağı uğrunda inadkar savaşa qatılan igid bahadırlarının sərt
müqaviməti ilə qarşılaşdılar.
Müharibənin elə ilk dəqiqələrində faşist ordularının basqınına məruz qalmış
əfsanəvi Brest qalasının müdafıəsində 40 nəfərdən çox həmyerlimiz iştirak
etmişdi.Onlardan M.Qədirovun, İ.Səfərovun, D.Abdullayevin, İ.Dadaşovun,
A.İmanovun, M.Məmmədovun, A.Qafarovun, Ə.Mansurovun, Ə.Əliyevin və bir çox
başqalarının göstərdikləri mərdlik və igidlikləri indi də iftixar hissi ilə
xatırlanır.9 1941-ci il iyunun 30-da düşmən mühasirəsindən çıxmaq uğrunda
əlbəyaxa döyüşdə A.İmanov və İ.Səfərov igidlik göstərmiş, faşistləri geri
oturtmuşdular. Leytenant D.Cəfərovun başçılığı altında kiçik döyüşçü dəstəsi 7
gün düşmən hücumuna sinə gərib onlarla faşisti məhv etmişdi. Prut çayı
yaxınlığında gedən döyüşdə siyasi işçi Kamal Qasımov 6 döyüşçü ilə birlikdə 3
gecə arasıkəsilməyən atəş altında 3 körpünü partladaraq düşmənin çaydan
keçməsinin qarşısını almış, dördüncü gün igidliklə həlak olmuşdu.
Leninqrad müdafıəçisi, snayperçi M.İsmayılov iyulun 22də Sovet sərhədini
keçmək istəyən 11 düşməni sərrast atəşlə məhv etmiş və igidliyinə görə Lenin
ordeninə layiq görülmüşdü. Azərbaycanlı şahin, dəniz aviasiyası leytenantı
Hüseynbala Əliyevin əfsanəvi igidliyi heç vaxt unudulmayacaq. Bu cəsur
təyyarəçi Leninqrad səmasında gedən ilk döyüşlərdə 4 faşist təyyarəsini vurub
yerə salmışdı. 1941-ci il iyulun 17-də Hüseynbala Əliyev döyüş tapşırığını
uğurla yerinə yetirib geri qayıdarkən 3 düşmən təyyarəsi ilə üz-üzə gəlir.
Qeyri-bərabər döyüşdə sərrast atəşlə düşmən təyyarələrinin üçünü də məhv edən
cəsur döyüşçü 17 yara almasına baxmayaraq öz qırıcısını yerə endirə bilmişdi.
Hüseynbalanın hava döyüşünü və onun aldığı ölümcül yaralara baxmayaraq, yerə
enmək bacarığını müşahidə edən döyüş yoldaşları onun qəhrəmanlığına heyran
qalmışdılar. Göstərdiyi igidliyə görə H.Əliyev ölümündən sonra Lenin ordeni ilə
təltif edildi. Digər təyyarəçi Yusif Quliyev 1941-ci ilin yayında Leninqrad
müdafıəsində yüksək cəsarət göstərmişdi. Yusif 4 faşist təyyarəsi ilə təkbaşına
döyüşə girərək onlardan ikisini məhv etmişdi. Müharibənin dördüncü günü, iyunun
25-də Qara Dəniz Donanmasının 63-cü aviasiya briqadasının təyyarəçisi Məzahir
Abbasov hitlerçilərin bazasını bombalamaq tapşırığını yerinə yetirərkən düşmən
təyyarələrinin hücumuna məruz qalır. Qorxmaz şahin təyyarəsini düz düşmən
təyyarəsinin üstünə şığıyır, onlardan birini vurub yerə salır, digər düşmən
təyyarəsini isə qaçmağa məcbur edir. Ancaq təyyarəsinin yandığını görən Məzahir
onu ustalıqla dənizə endirə bilmiş və bir neçə gün su üzərində qalmışdı.
Göstərdiyi igidliyinə görə Qırmızı Bayraq ordeni ilə təltif edilmişdi. Baltik
səmasının qorunmasında Rizvan Zeynalov da fərqlənmiş və igidlik göstərmişdi.
Məzahir Abbasov və Rizvan Zeynalov 1941-ci ildə ilk dəfə olaraq Berlinin
bombardman edilməsində iştirak etmişlər.
1941-ci ilin yayında Poltava yaxınlığında gedən döyüşlərdə R.Rəfıyevin
tankçılar bölməsi düşmənin 2 tankını, 16 topunu, 50-dən artıq əsgərini məhv
etmişdi.
Müharibənin ilk günlərində Qərb cəbhəsində gedən döyüşlərdə 11 min
həmyerlimiz iştirak etmiş, böyük igidliklər göstərmişlər. Moskva uğrunda qanlı
vuruşmalarda Azərbaycan döyüşçüləri fərqlənmişdilər. Tank hissəsinin komandiri,
kapitan Həzi Aslanov qeyri-adi sərkərdə bacarığına və göstərdiyi qəhrəmanlığa
görə Qırmızı Ulduz ordeni ilə təltif olundu. 1941cü ilin noyabrında Moskva
ətrafında göstərdiyi şücaətə görə Müseyib Allahverdiyev Qırmızı Ulduz ordeninə
layiq görülmüşdü. Leytenant M.Paşayevin zenitçiləri Moskva ətrafında 10 düşmən
təyyarəsini vurmuşdu. M.Paşayev Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu.
Pulemyotçu İdris Vəliyev Borodino çölündə ağır yaralanmasına baxmayaraq, 75-dən
artıq faşisti məhv etmişdi. İ.Vəliyev Qırmızı Bayraq ordeni ilə təltif
edilmişdi. Moskva uğrunda gedən döyüşlərdə baş serjant İsrafıl Məmmədovun
əfsanəvi igidliyi bütün ölkəyə yayıldı. İ.Məmmədovun dəstəsi Novqorod
vilayətinin Pustınka kəndi yaxınlığında mövqe tutmuşdu. Güclü top atəşindən
sonra minə qədər faşist bu mövqeyə hücum etdi. İ.Məmmədov cəsarətli əmr verdi:
düşmən 10-15 metr məsafəyə buraxılsın. 10 saat qanlı vuruşma getdi, sonra
əlbəyaxa vuruşma başladı. Döyüşlərdə yüksək iradə və qəhrəmanlıq göstərən
İ.Məmmədov özü təkbaşına 700 faşist öldürdü. Göstərdiyi igidliyə görə İsrafıl
Məmmədova 1941-ci il dekabrın 11-də Sovet İttifaqı Qəhrəmanı adı verildi.
İsrafıl Məmmədov Sovet İttifaqı Qəhrəmanı adını alan ilk azərbaycanlı idi.
Düşmənə qarşı ölüm-dirim mübarizələrində göstərdiyi şücaətə və igidliklərə görə
gənc zabit N.Bağırov Qırmızı Ulduz, kapitan A.Abbasov Qırmızı Bayraq
ordenlərinə layiq görülmüşdülər. Stalinqrad yaxınlığında döyüşlərdə fərqlənən
pulemyotçu Ə.Rəcəbov Lenin ordeni ilə, A.Axundov Qırmızı Bayraq və Qırmızı
Ulduz ordenləri ilə, təyyarəçi qadın Züleyxa Seyidməmmədova «Stalinqradın
müdafıəsi uğrunda»medalı ilə təltif edilmişlər. Stalinqrad ətrafında 55-ci
xüsusi tank alayının komandiri podpolkovnik Həzi Aslanov mahir hərbi sərkərdə
istedadı nümayiş etdirdi. Həzi Aslanovun tank briqadası ağır döyüşlər apararaq
bir neçə yaşayış məntəqəsini düşmənlərdən azad etdi. Bu döyüşlərdə düşmənin 49
tankı, 14 minamyot batareyası, 3 piyada rotası, 50 avtomobili məhv edildi, 1400
hitlerçi əsir götürüldü. 1942-ci il dekabrın 31-də SSRİ Ali Sovetinin Rəyasət
Heyyətinin fərmanı ilə Həzi Aslanova Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Qeyd etmək lazımdır ki, Sovet ordusu Stalinqrad uğrunda gedən vuruşmada
alman-faşist qoşunlarına sarsıdıcı zərbə endirdi, Hitlerin ən çox inandığı,
feldmarşal Paulüs başda olmaqla 24 general, 330 min nəfər əsgər və zabit əsir
alındı. Faşistlər Stalinqrad uğrunda gedən döyüşlərdə 1,5 milyon canlı qüvvə, 3
mindən çox tank, top və minamyot, 4,4 min döyüş və nəqliyyat təyarəsi
itirdilər. Stalinqrad döyüşlərində böyük və həlledici dönüş baş verdi və Sovet
ordusunun əks — hücum
əməliyyatları genişləndi.
Kəşfıyyatçı Əli Kərimov və baş leytenant Həmzə Sadıxov qorxmaz kəşfıyyat işləri
apararaq feldmarşal Paülsün əsir alınmasında fəal iştirak etdiklərinə görə
Qırmızı Ulduz ordeninə layiq görülmüşlər. 1600-dən artıq azərbaycanlı «Stalinqradın
müdafıəsi uğrunda» medalı ilə təltif olunmuşdur.
Hitlerin işğal planında Qafqaz, o cümlədən Azərbaycan, xüsusilə Bakı diqqət
mərkəzində idi. Moskva yaxınlığında darmadağın edilən faşist orduları Hitleri
qəzəbləndirdi və cənub istiqamətində güclü hücum planını hazırladı. Stalinqrad
və Qafqaz uğrunda ağır döyüşlər aparılırdı. Qafqaz uğrunda döyüşlər 1942-ci
ilin iyulunda başlandı. Qafqazı işğal etmək üçün Hitler nəhəng ordu və canlı
texnikanı bu istiqamətə yeritdi. Qafqaz xalqlarının ağır günləri başlandı.
Zaqafqaziya xalqlarının faşist əsarəti altına düşmək təhlükəsi ilə bağlı
Azərbaycanda mürəkkəb vəziyyət yarandı. Cəbhəni təchiz etmək üçün şimaldan
əlaqə kəsildi. Mərkəzlə əlaqə Orta Asiya vasitəsilə saxlanırdı. Bu isə işi
xeyli çətinləşdirirdi. Belə bir zamanda Azərbaycanda olan iri müəssisələrlə
yanaşı, xırda müəssisələr də gecə-gündüz işləmək zorunda qaldı. 1942-ci il
avqustun 23-də Tbilisidə Zaqafqaziya xalqlarının antifaşist mitinqi keçirildi.
Mitinqdə Səməd Vurğun alovlu nitq söylədi və bütün Zaqafqaziya xalqlarını
düşmənə qarşı ölüm-dirim mübarizəsinə səslədi. Beş ay davam edən Qafqaz uğrunda
döyüşlərdə (25 iyul — 31 dekabr 1942) yüz mindən çox həmyerlimiz həlak oldu.
Qafqaz uğrunda gedən döyüşlərdə Xanqulu Sadıqov bir döyüşçü ilə 1942-ci ildə
avqustun 25-dən 29-dək düşmənin 300 canlı qüvvəsini məhv etmişdi. X.Sadıqov
igidliyinə görə Lenin ordeni ilə təltif olundu. 1942-ci ilin oktyabrında Qafur
Məmmədov şücaət və igidlik göstərərək 13 faşisti məhv etdi. Qafur Məmmədov
alman avtomatçısının rota komandiri Z.Santskini nişan aldığını görərək, sürətlə
irəli atıldı və öz həyatı bahasına onu xilas etdi. 1943-cü il martın 31-də SSRİ
Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qafur Məmmədova ölümündən sonra Sovet
İttifaqı Qəhrəmanı adı verildi.
«Bir addım da geri çəkilməməli, irəli, yalnız irəli!»- deyə döyüşçü yoldaşlarını
qələbəyə ruhlandıran və döyüş meydanında igidlik göstərən İdris Süleymanov
Mozdok rayonunda qəhrəmanlıq nümunələri göstərmişdir. 13 dekabr
1942-ci il tarixli fərmanla İ.Süleymanov Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdür.
Mozdok rayonunda 402-ci atıcı diviziyasının 833 saylı alayının komandiri Akim
Abbasovun döyüşçüləri düşmənin 96 tankını, 2 zirehli maşınını və çoxlu faşist
məhv etmişdi. Göstərdikləri igidliyə görə alayın 72 döyüşçüsü orden və
medallarla, mayor A.Abbasov isə Qırmızı Bayraq ordeni ilə təltif olunmuş, ona
podpolkovnik hərbi rütbəsi verilmişdi.
Qafqazın müdafıəsi uğrunda döyüşlərdə leytenant Ziya Bünyadovun bölməsi
düşmənin xeyli canlı qüvvəsini və texnikasını məhv etmişdi. Göstərdiyi igidliyə
görə Z.Bünyadov Qırmızı Ulduz ordeni ilə təltif olunmuşdu. 1945-ci ilin
yanvarında Plitsa çayı üstündəki körpü uğrunda göstərdiyi şücaətə görə Ziya
Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Tibb işçisi Qüdrət İsmayılov
igidliyinə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdi.
İgid şahin Adil Quliyev düşmənin 18 təyyarəsini məhv etdiyinə görə Sovet
İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Kursk qövsündə 800 faşisti məhv edən
və qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına həlak olan İ.İlyasova ölümündən
sonra Sovet İttifaqı Qəhrəmanı adı verilmişdi. Pulemyotçu Ağaşirin Cəfərov
500-dən artıq faşist öldürmüşdü. Göstərdiyi igidliyə görə A.Cəfərov 1943-cü il
1 noyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
1943-cü ilin oktyabrında 300 hitlerçini məhv edən Mehdi Quliyev
1943-cü il 17 noyabr tarixli fərmanla Sovet İttifaqı
Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr tarixli Fərmanla Məmməd
Ələkbərov Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü. Ukrayna
torpaqlarının azad edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir.
Dneprin keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27də Məlik
Məhərrəmova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Dneprin keçilməsində
igidliyinə görə Məmməd Məhərrəmova və Səlahəddin Kazımova Sovet İttifaqı
Qəhrəmanı adı verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə Xıdır
Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı Qəhrəmanı adına
layiq görülmüşdür. Döyüşdə göstərdiyi igidliyə görə Əmir Piriyevə 1944-cü il
mayın 7-də Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.
Belarusiyanın azad olunmasında qvardiya general mayoru, Sovet İttifaqı
Qəhrəmanı Həzi Aslanovun komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük
müvəffəqiyətlər qazandılar. Həzi Aslanovun tank briqadası və şəxsən özü əsl igidlik
və qəhrəmanlıq nümunələri göstərdilər. Onun briqadası Ali Baş Komandanın
təşəkkürünə layiq görüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı
adına layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ona çox gec
— 1991-ci il iyunun 21-də verildi. 1945-ci il yanvarın 24-də Həzi Aslanov
müəmmalı şəkildə yaralandı və həlak oldu.
Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə Qəzənfər Əkbərov, Bəhyəddin
Mirzəyev, Yusif Sadıxov və başqaları Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüşlər.
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yaradılan dörd milli diviziya
— 77-ci, 223-cü, 402-ci və 416-cı diviziyalar şərəfli döyüş yolu keçərək
Azərbaycan xalqının və Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil
oldu. Bu diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da
komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 70%-ə qədəri
azərbaycanlı idi. Simferopolun azad edilməsində göstərdiyi qəhrəmanlığa görə
77-ci diviziyaya SSRİ Ali Soveti Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli
Fərmanı ilə «Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfınə
Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol diviziyası adı ilə daxil
olan bu şanlı hərbi birləşmə 1922-ci il iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz
Komissarlığının 207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının
varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik etmişdi. Qambay
Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi azərbaycanlı hərbiçilər bu diviziyada
böyük hərbi məktəb keçmişlər. Qafqazın müdafıəsində və bütövlükdə Şimali
Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna torpaqlarının düşməndən
təmizlənməsində 77-ci diviziyanın böyük rolu və tarixi xidmətləri olmuşdur.
Suvorov ordenli 77-ci diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu
keçmiş, yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 11.237
nəfər əsgər və zabiti orden və medallarla təltif olunmuşdur. 77-ci diviziyanın
döyüşçüləri düşmənin 26.400 əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir
götürmüş, 2333 avtomobilini, 18 təyyarəsini məhv etmişlər.
416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci il noyabrın 30-dan
1945-ci il mayın 2-dək olan dövrdə — 27 ay fasiləsiz vuruşmalarda 2500 km-dən
artıq şərəfli döyüş yolu keçmiş, 7900 kv.km-lik Sovet ərazisini düşməndən azad
etmiş, 40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı qüvvəsini
məhv etmiş, 5474 nəfəri əsir götürmüş, onlarla tankını, 195 topunu, 210
pulemyotunu, 31 minomyotunu, 800 atəş nöqtəsini, 68 anbarını məhv etmiş, 17
tank, 8 özüyeriyən qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240
parovoz ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet ittifaqı Qəhrəmanı
adını almış, 11 nəfəri Lenin ordeni, 358 nəfəri Qırmızı Bayraq ordeninə layiq
görülmüşdür. Diviziyanın 14.369 nəfər döyüşçüsü orden və medallarla təltif
olunmuşdur. Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri ilə
416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. Qafqazdan Berlinədək şərəfli
döyüş yolu keçən 416-cı Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin
Brandenburq darvazasına qələbə bayrağı sancmışdı.
Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, Polşanın, Çexoslovakiyanın,
Rumıniyanın, Macarıstanın, Yuqoslaviyanın azad edilməsində fəal iştirak
etmişlər. Ukrayna ərazilərinin alman — faşist işğalçılarından azad olunmasında
fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, Macarıstanın,
Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində böyük xidmətlər göstərmişdir. Bu
diviziya Yuqoslaviyanın paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə
«Belqrad diviziyası» fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 km
qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini işğalçılardan azad etmiş,
düşmənin 55 min əsgər və zabitini məhv etmiş, faşistləri ağır itkilər verməyə
məcbur etmişdir. Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfındən
qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, marşal F.İ.Tolbuxin
diviziyanın döyüşçülərinin qəhrəmanlığını xüsusi qeyd etmişdir.
271-ci Azərbaycan diviziyası Polşanın və Çexoslavakiyanın faşistlərdən
təmizlənməsi uğrunda aparılan döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin
sentyabrında «Donetsk» əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya
fəxri «Qorlovka» adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən olan
Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülmüşlər.
Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci atıcı diviziya Taman
yarımadasının faşistlərdən azad edilməsində fərqləndiyinə görə ona «Temyurq»
fəxri adı verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda
vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 əsgər və zabitini
məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 avtomobilini, 7000 at və çoxlu
qənimət ələ keçirmişlər. Göstərdiyi şücaətə görə diviziya Qırmızı Bayraq ordeni
ilə, 2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç alay isə
fəxri «Sevastopol"» adına layiq görüldü. Diviziya Yassı-Kişinyov
əməliyyatında, Macarıstan və Çexoslovakiyanın azad edilməsində iştirak
etmişdir.
Azərbaycanın oğul və qızları partizan müharibələrində və antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar göstərmişlər. Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi Hüseynzadənin İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 11-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir. Fransız generalı Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı tarixinə şanlı səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan Əhmədiyyə Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, dövlət bayrağından irəli getmək şərəfınə layiq görülmüşdür. Azərbaycan övladları Vətəndən uzaqda olmalarına baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölümdirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra bölgələrdə belə mübariz və döyüşən dəstələrə rəhbərlik etmişlər.








