Azərbaycan dünyaya multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınıb. Və bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu da təbiidir. Çünki cəmiyyətimizdə bütün din sahibləri, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir. Bu, tarixin bütün dönəmlərində, mərhələlərində eyni xətt üzrə inkişaf edib. Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Xalqımız qonaqpərvər, sülhsevər və humanist olduğu üçün respublikamızda yaşayan digər xalqlar özlərini hərtərəfli ifadə edə bilirlər. Azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında qeyri-azərbaycanlılar da örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə bilirlər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan, tarixən, sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etdi. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçdi və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çoxmədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ümumiyyətlə, sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik, qarşıdurma baş verməmiş, qarşılıqlı etimada, hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər hökm sürmüşdür. Ona görə bu gün sürətli inkişaf yolunda olan respublikamız həm də müxtəlif mədəniyyət və dəyərlərə malik olan xalqların, dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığı multikultural, tolerant məkandır. Çox ölkə və xalqlardan fərqli olaraq Azərbaycan onları özününkülərə və yadlara ayırmamış, hamıya eyni qayğı, məhəbbətlə yanaşmışdır. Ölkəmizdə müxtəlif millətlərə, dinlərə, adət və ənənələrə mənsub olan insanlar arasında tarixən mehriban münasibətlər mövcud olmuşdur. Müstəqillik illərində isə bu mühüm ənənənin daha da gücləndirilməsi müasir Azərbaycan dövlətinin ən böyük nailiyyətlərindən biridir. Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.
Multikulturalizmi beynəlxalq platformaya çevirmək istəyən Azərbaycan dünyada bu prosesə qarşı olan təhlükəni hiss edir və onun xilası naminə mühüm təşəbbüslər irəli sürür. Təsadüfi deyil ki, Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi beynəlxalq səviyyədə də tanınır və yüksək qiymətləndirilir. Məhz bundan irəli gələrək son illər ölkəmizdə sivilizasiyalararası dialoq və tolerantlıq mövzusunda çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq üçün bir mərkəzə çevrilib. Paytaxtımız isə qlobal əhəmiyyətli humanitar məsələlərin öz həllini tapdığı məkan kimi tanınır.
Xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rolu nəzərə alınmaqla müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platformasının təsis edilməsi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə tanıdılması məqsədilə Azərbaycanda 2011-ci ildən başlayaraq hər iki ildən bir Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil edilir. Bu forum göstərir ki, mədəniyyətlərarası dialoqun müxtəliflik və plüralizmlə səciyyələnən müasir cəmiyyətlərdə inkişafı yönündə Prezident İlham Əliyevin təşəbbüskarlığı dünyanın diqqət mərkəzindədir.
2015-ci ilin may ayında keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında Prezident İlham Əliyev haqlı olaraq qeyd edib ki: "Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və ləyaqət şəraitində bir ailə kimi yaşamışlar. Biz fəxr edirik ki, bu müsbət meyillər müstəqillik illərində daha da güclənmişdir. Bizim tarixi abidələrə nəzər salmaq yetər ki, Azərbaycanın mədəni müxtəlifliyi aydın görünsün. Biz tarixi və mədəni irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən olan, 743-cü ildə inşa edilmiş məscid Azərbaycanın qədim Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri - Qafqaz albanlarının kilsəsi Azərbaycanın digər qədim Şəki şəhəri yaxınlığındadır. Pravoslav və katolik kilsələr, sinaqoqlar, atəşpərəstlər məbədi bizim mədəni irsimizin tərkib hissəsidir və biz bununla fəxr edirik. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturializm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk”.
Xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin dünyaya təqdim edilməsi işində Azərbaycan dövləti ilə yanaşı, dünyada maddi və qeyri-maddi irsin qorunmasında və təbliğində böyük fədakarlıq göstərən, xeyirxah əməlləri ilə bəşəriyyəti mərhəmətə, qarşılıqlı köməyə, sülhə çağıran Heydər Əliyev Fondunun da böyük əməyi var. Multikulturalizm və tolerantlıq məsələləri Heydər Əliyev Fondunun fəaliyyətində başlıca yer tutur. Fond fəaliyyəti ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına, ölkəmizdə formalaşmış gözəl ənənəyə töhfələrini verməkdədir. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünya çərçivəsində dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan edilməsi ölkəmizin multikultural dəyərlərin inkişafına və möhkəmləndirilməsinə verdiyi önəmin göstəricisidir. Multikulturalizm və tolerantlıq tarixən azərbaycanlılara məxsus həyat nümunəsi olub. Bu gün də bu xüsusiyyət milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının dəyər verdiyi ənənədir. Bu baxımdan Azərbaycanda həyata keçirilən multikulturalizm bütün dünyaya nümunədir və ölkəmizin inkişafında, vətəndaş həmrəyliyinin daha möhkəm olmasında mühüm rol oynayır.
Bu gün isə Azərbaycan dünyaya tolerantlıq nümunəsi ilə təqdim olunur. Ölkəmizdə mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın xarici imicini formalaşdırır və eyni zamanda bir vizit kart rolunu oynayır. Cənab Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi mütəmadi beynəlxalq toplantılar, konfranslar, tədbirlər buna sübutdur.








