Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçə səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində aparıcı diaspor təşkilatlarımızın rəhbərləri və nümayəndələri ilə görüşüb.
Azərbaycanın İsveçdəki səfiri Adış Məmmədov Mübariz Qurbanlının İsveçə səfəri və keçirdiyi görüşlər haqqında məlumat verərək, bu səfərin ölkəmizdəki tolerant, multikultural mühitin və dövlətin din sahəsindəki siyasətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
M.Qurbanlı görüşdə Azərbaycanda dövlət-din münasibətləri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı məlumat verib.
O, Azərbaycanın müxtəlif mədəniyyətlərin qovuşduğu mühüm bir coğrafi məkanda yerləşdiyini, dini dözümlülüyə və böyük mədəniyyətə malik ölkə olduğunu vurğulayaraq ölkəmizdə müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümayəndələrinin dinc şəkildə yaşaması üçün dövlət tərəfindən bütün zəruri şəraitin yaradıldığını bildirib.
Son günlər Ermənistanın təxribatı nəticəsində qoşunların təmas xəttində baş vermiş hadisələrdən söhbət açan komitə sədri Azərbaycan ordusunun qısa müddətdə torpaqlarımızı erməni işğalından təmizləməyə qadir olduğunu söyləyib.
O, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında daha sıx birləşərək Vətənin müdafiəsinə qalxan Azərbaycan xalqının torpaqlarımızın bir qarışını da işğal altında qoymayacağına əminliyini ifadə edib.
Xarici ölkələrdə yaşayan azərbaycanlıların dövlətimizin başçısının daim diqqət mərkəzində olduğunu bildirən M.Qurbanlı diasporun daha fəal olması, siyasi baxışlarından asılı olmayaraq xaricdəki azərbaycanlıların azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi üçün Azərbaycan dövlətinin lazım olan bütün dəstəyi verdiyini və bundan sonra da verəcəyini bildirib./gun.az
7News.Az








