RU
Azərbaycan strateji baxımdan
15:36
49490

Azərbaycan strateji baxımdan

Dünya bazarlarında neftin qiymətinin aşağı düşməsi fonunda bir sıra sahələrdə, xüsusilə İqtisadi sahədə həyata keçirilən islahatlar tədricən öz bəhrəsini verir. Birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nəzarəti altında həyata keçirilən bu islahatlar xarici ölkələrdə də maraqla izlənilir. Xüsusilə, dövlət başçısının xarici investorların Azərbaycana cəlb edilməsi barədə fikirlərindən sonra bir sıra ölkələrin iş adamlarının ölkəmizə olan marağı daha da artıb. Təkcə yaxın bir neçə gün ərzində xarici investorların Azərbaycana səfərləri fonunda bunu görmək mümkündür. Belə ki, Azərbaycan Respublikasının İran İslam Respublikasına rəsmi səfərindən sonra iranlı iş adamları, daha sonra Macarıstan və Qətərdən olan investorların hər iki ölkənin dövlət və hökumət başçılarının Azərbaycana səfərləri çərçivəsində ölkəmizdə olması Azərbaycanın artıq xarici investorlar üçün cəlbedici ölkəyə çevrildiyini söyləməyə əsas verir. Bəs görəsən bu amil, xarici investorların Azərbaycanda fəaliyyətinin genişlənməsi ölkə iqtisadiyyatına hansı müsbət töhfələr verəcək. Bu və ya digər məsələlərlə bağlı Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, siyasi icmalçı Azər Verdiyevlə söhbətləşdik.

-Azər müəllim, prezident İlham Əliyevin xarici investorların Azərbaycana cəlb edilməsi ilə bağlı fikirlərindən sonra xarici iş adamlarının Azərbaycana marağı nə dərəcədə artıb?

-Əvvəla onu qeyd edim ki, Azərbaycan strateji baxımdan etibarlı partnyordur. Ölkəmiz eyni zamanda sabit iqtisadi mühitə malikdir. Bu faktorlar öz-özlüyündə xarici investorların ölkəmizə axınını labüd edirdi. Lakin etiraf etmək lazımdır ki, bürokratik əngəllar artıq ciddi şəkildə investorları narahat etməyə başlayırdı. Təbii ki, prezident İlham Əliyevin proseslərə vaxtında müdaxiləsi gələcəkdə önümüzə çıxa biləcək bir çox problemləri elə yerindəcə həll etmiş oldu. -Ötən müddət ərzində bu istiqamətdə müsbət tendensiya müşahidə edilibmi? -Son bir ilin ictimai-siyasi və iqtisadi proseslərinə nəzər salsaq görərik ki, proseslərin gedişatı ölkəmizin xeyrinə inkişaf edir. Qlobal iqtisadi böhran, işsizlik, siyasi gərginliklər, qeyri-sabitlik bütün dünyanı öz cənginə alsa da, ölkəmiz
bundan maksimum dərəcədə sağlam şəkildə çıxmaqdadır. Bunun da əsas səbəbi ölkə başçısı Cənab İlham Əliyevin son bir ildə qətiyyətli addımları, sahibkarlara açıq dəstəyi və məmurlar qarşısında qoyduğu tapışrıqlardır. Müsbət tendesiyalar əlbəttə ki, hiss olunmaqdadır. Məndə tam statistika olmasa da təxminən 10 mindən çox əlavə iş yerlərinin açıldığını hər birimiz mətbuatda oxuduq. Bundan başqa regionlarda sahibkarlarla açıq masaların keçirilməsi birmənalı şəkildə problemlərin köklü həllinə xidmət etmiş olur.

-Sizcə, Macarıstan və Qətər rəsmilərinin Azərbaycana səfəri bu marağın göstəricisi deyilmi?

-Macarıstan və Qətər rəsmilərinin ölkəmizə gəlişinin həm siyasi, həm də iqtisadi tərəfləri var. Əvvəla Azərbaycan dünyada söz sahibi və güclü dövlət kimi tanınır. Bu mənada Azərbaycanla sağlam siyasi əməkdaşlıq bizdən çox bu dövlətlərin marağındadır. Eyni zamanda ölkəmizdə qeyri-neft sektorunun inkişafı və bu sahədə aparılan islahatlar bu ölkələr üçün bir model olaraq qəbul edilir. Hesab edirəm ki, qarşılıqlı siyasi, iqtisadi və sosial təcrübə mübadiləsi ölkələrimiz arasında olan xoş münasibəti yeni bir mərhələyə keçirəcək. -Ümumiyyətlə, bu amillər Azərbaycan iqtisadiyyatının inkişafına müsbət təsirini göstərəcəkmi?
-Ölkədə aparılan bütün islahatlar şübhəsiz ki, ölkə iqtisadiyyatına birmənalı şəkildə təsir edir. Bu gün biz çox həssas bir keçid dönəmindəyik. Dünyanın bir tərəfi gərgin müharibə ocağı, digər tərəfi isə ikili standartların “istehsalı” ilə məşğul olan qruplaşmalarla doludur. Belə bir dönəmdə ölkəmizdə olan siyasi və iqtisadi sabitlik biz əsas sərvətimizdir. Şübhəsiz ki, atılan addımlar, imzalanan müqavilələr də öz növbəsində iqtisadi inkişafı labüd etmiş olur. Artıq bir çox sahibkarlar dünya standartlarına uyğun fəaliyyət göstərmələri üçün ciddi şəkildə çalışmaqdadırlar. Bu sahədə şəffaflığın təminatı isə birbaşa olaraq vətəndaş cəmiyyətindən asılıdır. /olaylar.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ