Azərbaycan yığmasının üzvü Kamran "Ego1st” Qasımlı Cakarta şəhərində (İndoneziya) keçirilən Kompüter Oyunları üzrə 8-ci Dünya Çempionatında (8-th e-Sports World Championship) "HearthStone” oyunu üzrə ikinci yer qazanıb.
Azərbaycan Kiber İdman Federasiyasından 7News.Az-a verilən məlumata görə, təmsilçimiz finalda Avstriya nümayəndəsinə 2:3 hesabı ilə məğlub olub.
Fərdi növlə yanaşı ölkəmiz, həmçinin iki komanda oyununda - "CounterStrike: Global Offensive (5x5)” və "League of Legends (5x5)”-da da təmsil olunub. Yekun nəticədə Azərbaycan ümumi komanda hesabında 5-ci yeri tutub.
Qeyd edək ki, Dünya Çempionatı Beynəlxalq Kiber İdman Federasiyasının (International e-Sports Federation) himayəsi altında keçirilir. Bu il turnirdə 32 ölkədən 320 idmançı iştirak edib.








