"Azərbaycan İran əlaqələri yeni bir mərhələyə qədəm qoyub. Hər iki ölkə arasında ticarət əlaqələri əhəmiyyətli dərəcədə artıb. 538 İran şirkəti Azərbaycanda qeydiyyatdan keçib”.
7news.Az xəbər verir ki, bu sözləri İqtisadi inkişaf naziri Şahin Mustafayev İranda keçirilən biznes formununun nəticələri ilə bağlı mətbuat konfransında deyib.
O, qeyd edib ki, bu sahədə potensial daha yüksəkdir və qeyri-neft sektorunda əməkdaşlıq artırılacaq: "Şirkətlərimiz də İranda biznes qurmağa meyillidir. Bir çox şirkətlər artıq yerli bazarı öyrənir. Strateji layihələr artacaq. Energetika sahəsində güclü layihələr və artıq sazişlər imzalanıb. Azərbaycan İrana enerji satacaq və bu səpkidə işlər aparılır. Azərbaycan tərəfində dəmiryolu tikintisi başa çatdırılıb. İranda da yaxın zamanda tamamlanacaq. Bu da iki ölkə arasında tranzit imkanlarını genişləndirir. Avtomobillər üçün 2017-ci ildə icazələrin artırılması razılığı əldə olunub. 10 mindən çox avtomobil keçəcək”.
Şahin Mustafayev əlavə edib ki, turizm sahəsində son 3 ildə böyük işlər görülüb:
"Viza rejimi sadələşdirilib. Naxçıvanda keçid məntəqələrində, Azərbaycanda hava limanlarında viza almaq hüququ verilib.
Bu ayın 22-23-də 65 nəfərdən ibarət Azərbaycan nümayəndə heyəti İrana səfər edib. İlk olaraq Ərdəbildə rəsmi görüşlər keçirildi. 400 nəfərdən çox iş adamı forumda iştirak etdi. Marağın böyük olması bizi sevindirdi. İran rəsmiləri ilə bankçılıq sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu bildirdik. Azərbaycan banklarından birinin İranda filialı açılacaq. Beləliklə əməkdaşlığımız daha da artacaq. 3 il əvvəl İran biznesmenlərinin qarşılaşdığı problemlər artıq gözə görünmür. Artıq bircə işləmək qalıb və iş adamlarında da bu həvəsi biz görə bildik”.
Nazir bildirib ki, Görüşlərdə qərbi Azərbaycan vilayəti ilə Naxçıvan arasındakı əlaqələrin vacib olduğunu qeyd olunub:
"Qərbi Azərbaycan vilayəti bizim üçün həmişə vacib olub və orada kənd təsərrüfatı inkişaf edir. Yaxın gələcəkdə Azərbaycan, Türkiyə və İranın üçtərəfli görüşünü keçirmək istədiyimizi bildirdik. Hətta Naxçıvanda Gürcüstan da daxil olmaqla dördlü görüşün keçirilməsi ilə bağlı təkliflərimiz də irəli sürülüb”.
***
Çıxışında "Xudafərin Qız Qalası” layihəsindən danışan nazir bu layihənin vacib hesab etdiyini bidirib: "Səfər çərçivəsində bu sazişin həyata keçirildiyi ərazidə də olduq. İran tərəfi artıq bəndin tikintisini hazır edib. Azərbaycan tərəfi layihəyə baxıb 50%-ni qarşılayacaq. Layihədə hər iki tərəfin suverenliyi xüsusi vurğulanıb. Hər iki ölkənin ərazi bütövlüyü nəzərə alınıb və bu, bizim üçün vacib faktordur. Sazişdə İran tərəfi təhlükəsizliyi təmin edəcəyi göstərilib.
Biz həmin zamanda Azərbaycan torpaqlarında olduq. İşğal altında olan Xudafərin körpüsündə olduq, kənd tamam yerlə-yeksan olunub. Biz bir daha erməni vandalizminin şahidi olduq. Bu saziş nəticəsində gələcəkdə həmin ərazilərdə fəaliyyətimiz bərpa olunacaq".
7news.Az








