RU
Azərbaycan turistlərin diqqətini cəlb edən nüfuzlu ölkələr sırasındadır
11:11
2253

Azərbaycan turistlərin diqqətini cəlb edən nüfuzlu ölkələr sırasındadır

Azərbaycan turistlərin diqqətini cəlb edən nüfuzlu ölkələr sırasındadır.

Turizmin inkişaf etdirilməsi hər bir ölkə üçün prioritetdir. Eləcə də Azərbaycan üçün. Müasir dövrdə ölkəyə turist axının gəlməsinə səbəb olmaq çox vacibdir. Çünki bu iqtisadiyyatın inkişafı deməkdir. Olduqca gəlirli sahə olan turizm ölkəyə xarici valyuta axınını gətirən sahələrdən sayılır. Məhz bu səbəbdən də bu gün Azərbaycan turizmin inkişafı üçün mümkün addımlar atır. “Hər bir ölkə, xüsusilə Azərbaycan kimi belə gözəl yerlərə, təbii sərvətlərə malik olan bir ölkə mütləq turizmi inkişaf etdirməlidir. Çünki bu, daimi gəlir mənbəyidir. Təbii sərvətlər, neft, qaz - bunlar tükənən sərvətlərdir. Ancaq ölkəmizin dayanıqlı inkişafı üçün daim gəlir gətirən sahələr mütləq inkişaf etməlidir. Onların içərisində turizm xüsusi yer tutur”. Prezident İlham Əliyevin çıxışlarından olan bu sözlər göstərir ki, Azərbaycanda turizmin inkişaf etrilməsinə dövlət səviyyəsində yanaşılır. Dünyanın ayrı-ayrı ölkələrinin iqtisadiyyatında mühüm yer tutan turizmin Azərbaycanda da geniş inkişaf perspektivləri var. Ölkə başçısı Azərbaycanda turizmin inkişafını qeyri-neft sektorunun əsas istiqamətlərindən biri elan edib və bu istiqamətdə atılan addımlar artıq öz bəhrəsini verir. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, möhkəm daxili sabitlik respublikamıza turist axınının gəlməsinə səbəb olub. Daima bu sahəyə diqqət ayıran ölkə başçısı çıxışlarının çoxunda turizmə yer ayırır. Prezident turizmin inkişafı üçün nə lazım olduğunu belə şərh edir: “İlk növbədə gərək səni tanısınlar. Biz ölkəmizi tanıtdırırıq, dünya miqyasında, xarici ölkələrdə təqdimatlar, mədəniyyətimizlə, inkişafımızla bağlı tədbirlər keçiririk. Eyni zamanda, Azərbaycanda mötəbər beynəlxalq yarışlar, mədəni tədbirlər, festivallar, müsabiqələr təşkil olunur. Avropa Oyunlarından sonra Azərbaycana dünyada maraq daha da artdı. Biz bundan istifadə etməliyik. Nə qədər çox turist gəlsə, Azərbaycanı o qədər də çox adam tanıyacaq və turistlər ölkəmizə valyuta gətirəcəklər”. Dövlət başçısı bildirir ki, bu gün elə bir ölkə tapmaq çətindir ki, böhran ona təsir etməsin - hansısa ölkələrə daha çox, hansısa ölkələrə daha az: “Amma Azərbaycan böhranlı illərdə inkişaf edir, belə gözəl əsərlər yaradır . İnfrastruktur layihələri icra edilir, neftin qiymətinin aşağı düşməsi əlbəttə ki, bizim gəlirlərimizə mənfi təsir göstərir, az pul qazanırıq, amma bununla bərabər, iqtisadiyyatımızın şaxələndirilməsi hesabına yaradılan potensial imkan verir ki, Azərbaycan vətəndaşı bunu hiss etməsin. Dayanıqlı inkişaf bu istiqamətdə gedəcək. Biz nefti, qazı kənara qoymalıyıq, ümumiyyətlə unutmalıyıq. Gün gələcək neft qiymətləri bizim üçün heç bir əhəmiyyət daşımayacaq. Çünki sənaye, kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları - Azərbaycanda bu sahələr inkişaf edir və daha da sürətlə inkişaf etməlidir”. Səyahət etməyi hamı sevir. Kimi dünya turuna çıxır, kimi sevdiyi şəhərləri kəşf edir, bir sözlə kimin gücü nəyə çatsa tətilini o cür keçirir. İlin çox hissəsini iş başında keçirənlər məzuniyyətləri boyunca heç olmasa bir həftə təbiətin qoynuna sığınıb, şəhərin səs-küyündən uzaq olmaq istəyir. Məhz bu səbəbdəndir ki, ilbəil dünyada turistlərin sayı və turizmdən qazanan valyutanın həcmi kəskin artır. Beynəlxalq Turizm Təşkilatının məlumatına görə, digər sənaye sahələri ilə müqayisədə turizm sənayesi inkişaf tempinə görə ilk yerlərdən birini tutur. Turizm DMM-in 12 faizini verir, 2002-ci ildə turizmdən əldə edilən gəlir 474 milyard dollara çatıb. Məhz turizm bir çox ölkələrə iqtisadi böhranı yumşaltmağa, iqtisadiyyatın digər sahələrini inkişaf etdirməyə imkan verir. Turizm zəruri ictimai funksiyanı yerinə yetirir, əhalinin məşğulluğunu təmin edir. Beynəlxalq Turizm Təşkilatının qiymətləndirməsinə görə, hazırda dünyada 260 milyon insan turizm işi ilə məşğuldur . Proqnozlara görə, 2020-ci ildə turistlərin sayı 1561,1 milyon nəfərə çatacaq. Ümumdünya Turizm Təşkilatı (ÜTT) mütəxəssislərinin proqnozlarına görə, 2020-ci ildə 2000-ci ilə nisbətən səyahət edən turistlərin sayı 1,6 milyard nəfərə, turizmdən əldə olunan gəlirlərin miqdarı isə 481 milyard ABŞ dollarından 2 trilyon dollara qədər artacaq. Getdikcə sayı artan turist və gələn gəlirdən təbii ki, ölkəmizə də pay düşür. Belə ki, ötən il Azərbaycana 2 milyon 300 minə yaxın turist gəlib. Ötən il ərzində turizm xidmətlərindən ölkəmizin maliyyə dövriyyəsinə ən azı 1 milyard manat həcmində vəsaitlər daxil olub. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2011-ci ilin Azərbaycanda “Turizm ili” elan edilməsi bu sahənin daha da inkişaf etdirilməsinə güclü təkan verib. Demək olar ki, qısa müstəqillik tarixində Azərbaycan dövləti ölkəmizdə turizmin inkişafını stimullaşdıran qanunvericilik bazası yaradıb. “2009-2018-ci illərdə Azərbaycan Respublikasında kurortların inkişafı üzrə Dövlət Proqramı” respublikamızda istifadəsiz qalan turizm-kurort obyektlərinin bərpasına və yenilərinin yaradılmasına təkan verib. Azərbaycanda turizmin inkişafı ilə bağlı 2010-2014-cü illəri əhatə edən Dövlət Proqramının uğurla icra olunması nəticəsində respublikamızda turizm sənayesi yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza rəsmiləşdirilməsi sahəsində təxirəsalınmaz tədbirlər haqqında” 2012-ci il 30 noyabr tarixli Sərəncamı respublikamıza turistlərin gəlib-getmələrini asanlaşdırmaqla ölkəmizin turist cəlbediciliyini əhəmiyyətli dərəcədə artırıb. Belə ki, bu sənədə əsasən onlayn viza sisteminin tətbiqi ilə Azərbaycana gəlmək istəyən əcnəbilər vizaları elektron qaydada əldə edə bilirlər. Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “ASAN Viza” sistemi vasitəsilə elektron viza ala bilərlər. Elektron qaydada verilən birdəfəlik vizada ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Bu sistem sənədləşmənin daha asan aparılmasına və vaxta qənaət edilməsinə şərait yaradır. Ölkəmizdə həyata keçirilən uğurlu turizm siyasətinin nəticəsidir ki, Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) 2013-cü il 24-29 avqusttarixində keçirilən XX Baş Assambleyasında qurumun İcraiyyə Şurasına üzv qəbul olunub. Hazırda Azərbaycan turizm sahəsində geniş beynəlxalq əlaqələr qurub. Belə ki, respublikamızla turizm sahəsində inkişaf etmiş 21 ölkə arasında “Turizm sahəsində əməkdaşlıq haqqında” hökumətlərarası saziş imzalanıb, 29 ölkə ilə isə saziş layihəsi hazırlanıb. Respublikamızın turizm təşkilatları Dünya Turizm Təşkilatının tədbirlərində yaxından iştirak edir. Artıq ölkəmizin çoxlu sayda turizm müəssisəsi DTT-nin assosiativ üzvləri sırasına daxil olub. Bu isə, öz növbəsində, DTT-yə üzv ölkələrdə respublikamızın tanınmasına və turizm potensialının təbliğinə geniş imkanlar açır. 2009-cu ildə Azərbaycan Turizm Assosiasiyasının yaradılması ölkəmizdə turizmin inkişafına yeni təkan verib. Assosiasiya Dünya Turizm Təşkilatının üzvüdür. Bu quruma 100-dən çox turizm şirkəti və 80-dən çox mehmanxana kompleksi daxildir. 2002-ci ildən bəri respublikamızda təşkil olunan Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisinə marağın ildən-ilə artması da təsdiqləyir. Əgər 2002-ci ildə sərgiyə cəmi 14 ölkə qatılmışdısa, 2015-ci ildə onların sayı 42-yə çatıb. Ötən il bu ölkələrdən gələn 371 şirkət sərgidə ümumilikdə 80-dək turizm istiqamətini təqdim edib. 2006-cı ildə Prezidentin Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Azərbaycan Turizm İnstitutu (ATİ) , 22 dekabr 2014-cü il tarixli Sərəncamı ilə isə Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) yaradılıb. Turizm həm iqtisadiyyatın güclü amili, həm təsirli sosial institut, həm də cəmiyyətdə ictimai rifah və mədəniyyətin göstəricisi kimi insanın həyat səviyyəsinin yüksəlməsinə, mənəvi zənginləşməsinə kömək edir. Turizm əsasən XIX əsrin ortalarından inkişaf etməyə başlayıb. Bu dövrə qədər isə turizm fərdi gəzinti və səyahət xarakteri daşıyıb, qeydiyyata düşməyən müxtəlif əraziləri, ölkələri gəzən adamlara “turist” deyilib. 1954-cü ildə Birləşmiş Millətlər Təşkilatının yığıncağında “turizm” sözü müzakirə olunub, onun beynəlxalq mahiyyəti, sosial-kulturoloji əhəmiyyəti müəyyənləşdirilib. “Turizm” fransız sözü olan “tur” sözündən yaranıb, mənası “gəzinti, istirahət və əyləncə” deməkdir. Respublikamızın turist cəlbediciliyinin yüksəlməsi ölkəmizə gələn turistlərin sayının artmasında da öz əksini tapır. Belə ki, son bir neçə ildə dünyada və Avropa ölkələrində turistlərin gəlməsində cəmi 5 faiz artım müşahidə edilmişdirsə, Azərbaycana turist axınının artım dinamikası 10 faiz səviyyəsində olub. Azərbaycan turizm sahəsində böyük imkanlara malik olmasına baxmayaraq bəzi problemlər də mövcuddur. Peşəkar kadr çatışmazlığı probleminin mövcud olması ölkəmizin böyük perspektivlərə malik turizm sahəsinin inkişafına mane olan səbəblərdəndir. Digər bir problem isə qiymətlərin baha olmasıdır. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Turizm İnstitutunun birgə apardığı araşdırmalar da onu göstərir ki, 2023-cü ilə kimi ölkəmizin turizm sahəsində kadrlara olan tələbatı tam ödənilməyəcək. Həmin müddətə kimi turizmin ayrı-ayrı sahələri üzrə kadra olan tələbatın (sahələrdən asılı olaraq) 10-da birinin, yaxud 5-də birinin ödəniləcəyi gözlənilir. Kadrlara olan ehtiyac müəyyənləşdirilərkən həm ATİ-də, həm də ölkənin bir sıra ali təhsil müəssisələrində, o cümlədən kolleclərdə turizm sahəsi üzrə hazırlanan kadrlar nəzərə alınıb. Turizm xidmətlərinin səviyyəsini yüksəltməkdən ötrü savadlı, peşəkar kadrlara daha çox ehtiyac var. Məhz bu zərurəti nəzərə alaraq, kadr hazırlığının daha geniş miqyasda həyata keçirilməsi üçün yeni universitetin yaradılması qərara alınıb. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib ki, hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir. Son 10 il ərzində ölkəmizə gələn turistlərin sayı 5 dəfədən çox artıb. Ölkəmizə turist axınının güclənməsi dövlət büdcəsinə gələn gəlirlərin artmasına səbəb olub. Ə.Qarayev turizmin Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet sahələrdən biri olduğunu bildirib. O, qeyd edib ki, son bir neçə ildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın turizm sənayesi özünün inkişaf dövrünü yaşayır: "Bu gün turizm dünya iqtisadiyyatının üç əsas istiqamətlərindən biri kimi sürətlə inkişaf etməkdədir. Ölkəmiz müstəqillik əldə etdikdən sonra turizm sənayesinin inkişafı üçün böyük layihələr icra olundu. Dünya miqyasında tanınan brend hotellər istifadəyə verildi. İndi ölkəmizdə ümumi daxili məhsulun 4,5 faizini turizmdən gələn gəlirlər təşkil edir. Təsadüfi deyil ki, Dünya İqtisadi Forumunun 2015-ci il üçün "Səyahət və Turizm Rəqabətliliyi Hesabatı"nda Azərbaycan 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı yerdədir. Hazırda Azərbaycanda 300-ə yaxın turizm şirkəti və 570-dən çox yerləşdirmə yerləri fəaliyyət göstərir". Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxışlarında daim ölkənin turizm potensialının inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırır. Ə. Həsənov deyir ki, yeni beynəlxalq səviyyəli istirahət mərkəzləri yaradılıb, dünyanın ən məşhur otel brendləri Azərbaycana gəlib, 300 yeni mehmanxana inşa olunub. Bütün bunları Azərbaycan neftdən gələn pullar hesabına həyata keçirib. Azərbaycanın zəngin turizm potensialı paytaxt Bakı ilə yanaşı, ölkənin bütün bölgələrində cəmləşib. Regionlarda bütün turist marşrutları üzrə mükəmməl infrastruktur şəbəkəsi yaradılıb. Bakıda, Gəncədə, Naxçıvanda və ölkənin digər şəhərlərində xarici qonaqları qəbul edə bilən müasir mehmanxana və hotellər fəaliyyət göstərir. Ölkəmizin turizm siyasəti kompleks xarakter daşıyır. Təsadüfi deyil ki, hazırda respublikanın ayrı-ayrı regionlarında yüksək şəraitə malik turizm obyektləri böyük uğurla fəaliyyət göstərir. Son 12 il ərzində Azərbaycanda 300-ə yaxın mehmanxana tikilib. Bizim indi dünya səviyyəli kurortlarımız var -Şahdağ kurortu, Naftalan kurortu, Qalaaltı müalicəvi kurort mərkəzi, Duzdağ kurort mərkəzi. “Şahdağ” qış-yay turizm kompleksi Azərbaycanda ilk dağ-xizək kurortudur. Bu turizm kompleksi dünyadakı bu tipli komplekslərdən nadirliyi və universallığı ilə fərqlənir. Başqa bir beynəlxalq səviyyəli turizm mərkəzi - “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksidir. Azərbaycanın dilbər guşələrindən olan Qəbələ rayonunda yaradılıb. Bu iri kompleksin inşası göstərir ki, Azərbaycanda turizmin inkişafına və bu sahədə infrastrukturun yaradılmasına xüsusi diqqət göstərilir. Burada turistlərin istirahətinin təşkili üçün hər cür şəraiti olan restoranlar da inşa olunub. Ölkədə, həmçinin müalicə-kurort turizmi də inkişaf edir. Respublikamızın bütün regionlarını əhatə edən 100-dən artıq turizm firması xarici turistlərin qəbulu və yerli əhaliyə turist xidmətlərinin göstərilməsi ilə məşğul olur, 149 mehmanxana rəsmi qeydiyyatdan keçmişdir. Həmin hotellərdə yerlərin ümumi miqdarı 5000-dən artıqdır. Turizmin inkişaf etdirilməsi üçün ilk növbədə beynəlxalq aləmdə ölkənin tanıdılması, nüfuza sahib olmasıdır. Azərbaycan hökuməti illərdir ki, ölkənin tanınması üçün beynəlxalq forumlarda, tədbirlərdə iştirak edir, iştirak etməklə yanaşı artıq olduqca mühüm tədbirlərə ev sahibliyi edib. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrinin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişib, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaradıb. Bu qəbildən olan tədbirlərin içərisində Eurovision musiqi müsabiqəsini, Avropa Oyunları, “Formula” yarışlarını sadalamaq olar. Elə təkcə ötən il keçirilən Avropa Oyunları zamanı Azərbaycana dünyanın müxtəlif yerlərindən çoxlu sayda turist gəldi. Bu oyunların təşkili və keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük rolu olub. Buna görə Mehriban Əliyevaya Avropa Olimpiya Komitələrinin Ali Ordeni təqdim edilib. Bu ilin Novruz bayramında paytaxt Bakı qonaqlı-qaralı oldu. Paytaxta çoxlu turist üz tutdu. Bir neçə gün sonra keçiriləcək “Formula 1” yarışlanrında da xeyli turistin gələcəyi gözlənilir. Gələn il İslam Həmrəylik Oyunları keçiriləcək. 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının matçları Bakıda təşkil olunacaq. Bütün bunlar göstəriri ki, Azərbaycana gələn turistlərin sayı artan templə inkişaf edir. Müasir dövrdə turizm beynəlxalq mədəni əlaqələrin inkişafında vacib amillərdən birinə çevrilib. Yaxın bir neçə ildə Azərbaycanda turizm sahəsində olan boşluqların doldurulacağına, çatışmazlıqların aradan qaldırılacağına böyük inam var. Bu sahədə görülən işlərin yekununda qüsursuz bir turizm ölkəsinə çevriləcəyi şübhə doğurmur. Yazı Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mətbuat Şurasının “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur. İlkin PİRƏLİ

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ