Gəmilər aprelin əvvəlində sifarişçilərə təhvil veriləcək.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC regionda ən güclü gəmi təmiri bazasına malikdir. Gördüyü işin keyfiyyətinə görə tanınan “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodları öz gəmilərimizə texniki xidmət göstərməklə yanaşı, digər ölkələrdən də sifarişlər qəbul edirlər.
Bu barədə QSC-dən 7news.Az-a bildirilib.
“Bu günlərdə “Zığ” gəmi təmiri zavodu Türkmənistan və Qazaxıstan bayrağı altında üzən 4 gəmini təmirə qəbul edib. Onlardan “Wagenborg 107” barjı sifarişdə nəzərdə tutulmuş işlər yerinə yetirildikdən sonra artıq istismarçıya qaytarılıb.
Hazırda “Şirin” yedək gəmisi, habelə “Soltan” və “Bossan” təchizat-yedək gəmiləri zavodun doklarına qaldırılıb. Onların gövdələrinin təmizlənərək rənglənməsi, baş mühərriklərin, vint-sükan kompleksinin və digər mexanizmlərin təmiri nəzərdə tutulub”, - deyə qurumdan qeyd edilib.
Qurum həmçinin bildirir ki, bu gəmilərin aprelin əvvəllərində sifarışçilərə təhvil verilməsi planlaşdırılır.








