“Dünyada son 10 ildə baş verən proseslər onu göstərir ki, demokratik islahatlar aparan və sürətlə inkişaf edən ölkələr qərəz obyektinə daha tez-tez çevrilirlər”. Belə bir açıqlama ilə çıxış edən ASGA Analitik Təhlil Mərkəzinin sədri, ekspert Azər Verdiyev “OLAYLAR”-a bildirib ki, Azərbaycan ərazisinə və əhalisinə görə böyük güclərdən dəfələrlə kiçik olsa da siyasi və iqtisadi gücü demək olar ki, eyni səviyyədədir: “Azərbaycan vətəndaş cəmiyyətinin inkişafına və media azadlığına görə dünyada nümunəvi islahat modelini həyata keçirib və keçirməkdədir. Avrovisiya və Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq qurumların ölkəmizlə bağlı qəbul etdiyi qərərlar da qərəzdən başqa bir şey deyildir. Keyp Taun şəhərində toplaşan Açıq Hökümət Tərəfdaşlığı İdarə Heyəti də artıq dünya miqyasında öz nüfuzunu itirməkdədir. Hesab edirəm ki, ölkəmizdə səmərəli fəaliyyəti ilə seçilən vətəndaş cəmiyyətinin üzvləri bu kimi təşkilatlara yerini göstərməli, adekvat cavablarını verməlidirlər”. Azər Verdiyev bildirib ki, bu tip bəyənatlar qəbul edilməmişdən qabaq ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyətinin üzvləri arasında sorğular keçirilməli idi: “Məndə olan məlumata görə belə bir sorğu keçirilməyib. Belə olan təqdirdə bir sual ortaya çıxır: Bu təşkilat nəyə əsasən belə bir qərara gəlib? Bax əsas məsələ budur”.








