Bu gün Azərbaycan Xalça Muzeyində xalça sənəti ilə baglı Elmi praktik seminar təşkil olunmuşdur. Seminar Azərbaycan xalça sənətində mövcud olan problemləri araşdırmaq və onların həlli yollarını tapmaq, tarixən ərazisində toxunmuş və hazırda xalq sənətkarları, ustalar, rəssamlar tərəfindən toxunan xalçaların qorunub saxlanması, öyrənilməsi, xalça sənətinin təbliği və inkişaf etdirilməsi ilə əlaqədar məsələlərin müzakirəsinə həsr olunmuşdu. Tədbiri Azərbaycan Xalça Muzeyinin direktoru Röya xanım Tağıyeva açaraq, elmi praktik seminarın mövzusu haqqında ətraflı məlumat verdi: “Qədim tarixə malik olan xalça sənətinin qorunması və inkişaf etdirlməsi, 7 dekabr 2004-ci ildə qəbul edilmiş “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanunda öz əksini tapmışdır. İndi milli sərvətimiz qloballaşma və universallaşma həqiqətləri qarşısındadır. Milli mədəniyyəti öz axarında əridə biləcək və dünyanın kütləvi mədəniyyətinə pozitiv hadisə kimi daxil olan unversallaşdırma milli şüurlara da sirayət edir. Universallaşmaq – mədəni irs üçün sos həyəcandır. Qeyd etmək lazımdır ki, qloballaşma prosesi Azərbaycan xalça sənəti ənənələrinin zəifləməsinə gətirib çıxarır və xalq sənətinin tamamilə aradan çıxmasına səbəb olur. Seminarda iştirak edən Azərbaycanın müxtəlif regionlarından - o cümlədən Bakı, Gəncə Qubadan olan peşəkar xalça mütəxəssisləri, xalça rəssamları bildirdilər ki, təəssüf ki, Azərbaycan xalçaları Pakistan və Çində “konveyer” üsulu ilə keyfiyyətsiz şəkildə istehsal edilərək dünyada, o cümlədən Azərbaycanda satışa çıxarılır. Bu, Azərbaycan xalçaçılıq sənətinin tənəzzülə uğramasına səbəb olur, imicinə xələl gətirir, xalq ustalarının fəaliyyətində maneələr yaradır. Azərbaycan Xalça Muzeyinin mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, tədbirdə Mədəniyyət və İncəsənət Universitetinin rektoru, sənətşünaslıq elimlər doktoru, professor Fərəh xanım Əliyeva, Azərxalça İstehsalat Birliyinin direktoru Əlisəfa Nuriyev, Quba Xalça müəssisənin direktoru Humayə xanım Məmmədova, Gəncə xalça müəssisənin rəhbəri Elyar Quliyev, “Atropatena” İstehsalat Kommersiya firmasının direktoru Vahid Məmişov həmçinin L.Kərimov adına “Xalıçaçılığın İnkişafı Fondu” İB-in sədri Eldar Hüseynov, Azərbaycan Rəssamlar İttifaqının “Dekorativ-tətbiqi sənət” bölməsinin sədri Aydın Rəcəbov və digər qonaqlar iştirak etmişlər. Seminarda: - Azərbaycan xalçalarının xüsusiyyətləri hansı yolla qorunub saxlanılmalıdır; - Azərbaycan xalçalarının keyfiyyətli göstəricilərinin fərqli cəhətlərinin izahı; - Azərbaycan xalça sənətinin təhsil sistemində təkminləşdirilməsi məsələləri; - Xaricə ixrac olunan Azərbaycan xalçalarının milli xüsusiyyətlərinin, yüksək keyfiyyətinin üstünlüklərinin araşdırılması mövzuları müzakirə olunmuşdur. Tədbirin sonunda seminar iştirakçıları sözü gedən problemlərin həlli istiqamətində bir sıra konkret təkliflər irəli sürmüş, o cümlədən 16 noyabr 2015-ci il tarixində “Azərbaycan xalçası günü”nün qeyd olunması qərara alınmışdır.








