RU
Azərbaycan Xalça Muzeyində “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçirildi
11:29
1505

Azərbaycan Xalça Muzeyində “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçirildi

Mayın 10-da Azərbaycan Xalça Muzeyinin hazırladığı ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçirilib. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun verdiyi məlumata görə, tədbirdə ərazilərimizin bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova tədbir iştirakçılarını salamlayaraq, onlara Heydər Əliyevin həyat və dövlətçilik fəaliyyəti barədə məlumat verib. “Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun uzaq görən siyasətinə söykənib. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Biz bu gün onun yolunu uğurla davam etdirən cənab prezident İlham Əliyevin fəaliyyətində də mədəniyyət və incəsənətə olan xüsusi diqqəti görürük. Azərbaycan Xalça Muzeyinin gördüyünüz bu yeni, möhtəşəm binasının tikilməsi cənab prezidentin və UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşib. Məhz onların iştirakı ilə 2008-ci il mayın bu günlərində UNESCO-nun o vaxtki Baş katibi Koişiro Matsuura ilə bərabər muzeyin yeni binasının təməli qoyulmuşdur. Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti və şəxsən Mehriban xanımın səyləri sayəsində Azərbaycanın mənəvi inciləri o cümlədən bizim milli sərvətimiz olan xalça sənətimiz bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına daxiledilmişdir” Tədbirdə xalçaçı rəssam Eldar Mikayılzadə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının milli mədəniyyətinə, onun tarixi qaynaqlarına həmişə böyük diqqətlə yanaşıb. Mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq Heydər Əliyev həyatının əsas məqsədinə çevrilib. E.Mikayılzadə Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb. Sonra isə, Azərbaycan Xalça Muzeyi Uşaq muzeyi şöbəsinin rəhbəri Azər Abdullayev cıxış edib və məktəblilərin ümummilli liderə həsr etdikləri “Ən yaxşı inşa” müsabiqəsinin qaliblərinə Azərbaycan Xalça Muzeyinin sertifikatları təqdim edib. Qeyd edək ki, tədbirdə Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru, əməkdar mədəniyyət işçisi, Azərbaycan miniatür kitabının respublikamızda və dünyada fədakar təbliğatçısı, “Şöhrət” ordenli, Prezident təqaüdçüsü Zərifə Salahova, digər muzey əməkdaşları və Cəmşid Naxçıvanski adına hərbi lisey müdavimləri də iştirak edib. Muzeyin 3-cü mərtəbəsində Azərbaycan Xalça Muzeyi Uşaq muzeyi şöbəsinin hazırladığı “Heydər Əliyev mənim duyğularımda” adlı rəsm sərgisidə qonaqlara təqdim olnub. Tədbirin sonunda Bakı şəhəri 7 və 178 saylı tam orta məktəblərin şagirdləri tərəfindən Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şeirlər səsləndirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ