Azərbaycan Xalça Muzeyində, "Milli Mədəniyyətimizin Beynəlxalq Arenada tanıdılması və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu" mövzusunda seminar keçirildi.
Oktyabrın 28-də Azərbaycan Xalça Muzeyində, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzinin, elm, mədəiyyət və incəsənət xadimlərinin, kulturoloqlar, tarixçi-alimlər və araşdırmacıların iştirakı ilə “Milli mədəniyyətimizin beynəlxalq arenada tanıdılması və bu istiqamətdə vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirdi. Muzeyin direktoru Röya xanım Tağıyeva tədbir iştirakçılarını salamlayaraq onlara işlərində uğurlar arzuladı. Azərbaycan Xalça Muzeyinin Mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, mərkəzin direktoru Asif Usubəliyev seminar iştirakçılarını mövzu ilə tanış edib. Əməkdar mədəniyyət işçisi Azərbaycan Yaradıcılıq Fondu sədrinin birinci müavini Rafiq Kaşanlı “Milli mədəniyyətimizin dünya səviyyəsində yüksəldilməsində Heydər Əliyev Fondunun fəaliyyəti” haqqında, tarix elmləri doktoru, kulturoloq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Fuad Məmmədov, Respublikanın ilk Qeyri Hökumət Təşkilatı olan “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyasının fəaliyyəti, Rəssamlar İttifaqı və Rəssam-Karikaturaçılar Cəmiyyətinin üzvü, heykəltəraş, karikaturaçı rəssam Mir Teymur Məmmədov “Keramika sivilizasiyanın əsasıdır”, tarix elmləri namizədi, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov “Azərbaycan mətbəx mədəniyyətinin tətbiqi və beynəlxalq aləmdə təbliğatı” və digər mövzularla bağlı geniş məruzələr dinlənildi, müzakirələr aparılaraq bu sahədə həlli vacib məsələlər qaldırıldı. Mədəniyyətşünaslıq üzrə Elmi-metodiki Mərkəzin direktoru Asif Usubəliyev qaldırılan mövzuların müzakirəsində və dəyərli təkliflər irəli sürülməsində yaxındaş iştirak etdiklərinə görə iştirakçılara öz təşəkkürünü bildirdi. Tədbirin sonunda qonaqlara musiqi nömrəsi təqdim olundu.










