Qanunu pozan cəzalanır - Hansı narazılıqdan söhbət gedə bilər?!
Aleksandr Lapşin Azərbaycan sərhədlərini dəfələrlə pozub, dövlətimizin əleyhinə çağırışlar edib və vətəndaşı olduğu dövlətlər tərəfindən tanınan qanunları tapdayıb. Lapşin fikirləşirdi ki, İsrail, Rusiya, Ukrayna vətəndaşı olmasının ona köməyi dəyəcək. Amma bu, alınmadı. Lapşini qəhrəman kimi qələmə verən və onu müdafiə edən ermənilər də artıq baş tutan ekstradisiyadan sonra Azərbaycanın qələbəsini həzm etməlidirlər və etməyə də başlayıblar. Ermənilər çox istədilər ki, bunu böyük siyasi qalmaqala çevirsinlər. Lakin ekstradisiya məsələsində əsas iki prinsip götürülür. Beynəlxalq konvensiyalara görə, əgər saxlanılan şəxs barəsində ölüm hökmü və ya həbsində siyasi motivlər varsa, onu ekstradisiya etməyə də bilərlər. İndiki halda isə bunların heç biri yoxdur. Düşünürəm ki, Azərbaycanın öz üzərinə düşən məsələləri həll etməsı faktı bir daha onun güclü dövlət və böyük beynəlxalq nüfuza malik olmasını göstərdi.

Bunu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyasını Milli.Az-a şərh edən sabiq xüsusi xidmət orqanı əməkdaşı, təhlükəsizlik və geosiyasi məsələlər üzrə ekspert Arzu Nağıyev bildirib.

Ekspertin sözlərinə görə, ekstradisiya cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlığın bir formasıdır: "Burada söhbət əgər iki dövlət arasında müqavilə varsa, şübhəli şəxsin, cinayət törətmiş və ya artıq barəsində məhkəmə hökmü oxunmuş şəxsin təhvil verilməsindən gedir. Eyni zamanda, cinayətkarın təhvil verilməsi dövlətin hüququ olsa da, onun məsuliyyəti və vəzifəsi deyil. Yəni dövlət həmin şəxsi verməyə də bilər. Bu, ikitərəfli razılıqdan sonra mümkün olur. Bizim də Belarus dövləti ilə ekstradisiya məsələsində razılığımız vardı. Təbii ki, burada beynəlxalq konvensiyalar da nəzərə alınmalıdır. Əsas məsələlərdən biri də ondan ibarətdir ki, heç bir dövlət, əgər tələb olunan şəxs öz ərazisindədirsə, öz vətəndaşını ekstradisiya etmir. Bu məsələ bır sıra dövlətlərin konstitusiyasında, qanunvericiliyində də yer alıb".

A.Nağıyev hesab edir ki, əgər bir şəxs konkret olaraq hamı tərəfindən tanınan qanunları pozursa və buna görə cəzalandırılırsa, burada etiraz etməyin heç bir mənası yoxdur: "Əgər istər İsrail, istər Ukrayna, istərsə də Rusiya beynəlxalq konvensiyalar çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və onun vətəndaşı bizim sərhədlərimizi pozursa, burada hansı narazılıqdan söhbət gedə bilər? Azərbaycan sübutları tam şəkildə ortaya qoyur və göstərir ki, Aleksandr Lapşin dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə qarşı qanunsuz hərəkətlər edib. Məhz buna görə də Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb və beynəlxalq axtarışa verilib. Daha sonra Lapşin Belarus ərazisində saxlanılıb və onun Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edilib".

Qeyd edək ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqer Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib.

A.Lapşin "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün "http//puerrtto.livejournal.com" internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyini" dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

O, Azərbaycan tərəfinin tələbi ilə 2016-cı il dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.
Əlavə edək ki, A.Lapşinin həm Rusiya, həm də İsrail vətəndaşıdır. Bundan başqa, onun Ukrayna pasportu da var.//milli.az
7News.az








