Hər il dünyada 24 milyon insana epilepsiya diaqnozu qoyulur. Müxtəlif ölkələrdə hər 100 min nəfər əhali arasında 20-53 epilepsiyaya tutulma halına rast gəlinir. Azərbaycanda isə bu göstərici 25-83 arasında dəyişir.
7news.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda dünyada 50 milyondan çox insan, Azərbaycanda 60 minə yaxın insan epilepsiyadan əziyyət çəkir.
Epilepsiyanın yaranma səbəbləri müxtəlifdir. Bir sıra hallarda, əsasən kiçik yaşlı uşaqlarda və yeniyetmələrdə xəstəliyin əsasında genetik faktorlar durur. Lakin təxminən 50 faiz hallarda epilepsiyanın səbəbi təyin olunmamış qalır. Epilepsiyanın simptomatik növlərində xəstəliyin yaranma səbəbi beynin zədələnməsidir. Epilepsiya çoxillik müalicə tələb edir. Xəstəliyin müalicəsində əsas məqsəd tutmaların tamamilə kəsilməsidir. Müalicə məqsədilə “köhnə” və “yeni” epilepsiya əleyhinə preparatlardan (AEP) istifadə olunur. İlk aşkar olunmuş epilepsiyanın müalicəsi zamanı düzğün dərman seçimi və gündəlik AEP-in qəbul olunması şərti ilə xəstələrin 75 faizində müalicənin müsbət nəticələri müşahidə edilir.
Son 15 ildə Azərbaycanda epilepsiya ilə bağlı problemlərin həlli üçün ciddi işlər görülüb, müxtəlif tədqiqatlar aparılıb. Epilepsiyalar zamanı mövcud olan qeydiyyat sisteminin, diaqnostikanın keyfiyyətinin, müalicənin və sosial yardımın qiymətləndirilməsi aparılıb. Ölkəmizdə epilepsiyadan əziyyət çəkən vətəndaşlara yüksək səviyyədə tibbi yardım göstərilir. Xəstələr tibbi yardım və birinci səviyyə antiepileptik dərmanlarla dövlət hesabına təmin olunur, onlara əlilliyə görə müavinət ayrılır, həmçinin epilepsiyalı hamilə qadınlarda mümkün ola biləcək ağırlaşmaların vaxtında qarşısının alınması məqsədilə onlar daim həkim-epileptoloqun və ginekoloqların ciddi nəzarətində saxlanılır.
7news.Az








