Azərbaycanda körpələr evində 3 yaşadək olan uşaqların sayı artıb. Bu barədə məlumat Dövlət Statistika Komitəsindən verilib. Məlumata görə, ötən il körpələr evində 3 yaşadək olan uşaqların sayı 57 nəfər olub ki, onlardan 43,9 faizini qızlar, 56,1 faizini isə oğlanlar təşkil edib. 2014-cü ildə körpələr evində olan 3 yaşadək uşaqların sayı 45 nəfər olub. Onlardan 46,7 faizini qızlar, 53,3 faizni oğlanlar təşkil edib. 2013-cü ildə bu rəqəm 62, 2012-ci ildə 64 nəfər olub. 2011-ci ildə körpələr evində 3 yaşadək olan uşaqların sayı 55 nəfər olub ki, onların da 52,7 faizi oğlan uşaqları olub.
7News.az bildirir ki, "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bu mövzuda ilk olaraq anaların sosial təminat məsələsi önə çıxır: "Uşaqların valideyinləri tərəfindən tərk edilməsi məsələsi çox çətin bir məsələdir. Ümumiyyətlə mən internat məktəblərinə verilən uşaqların sayı ilə bağlı statistikanı öyrənirəm. Bu ölkədə bu sahədə olan durumu daha yaxşı anlamağa kömək edir. Təbii ki, sosial durum bu prosesə ciddi təsir edən amildir. Biz həmişə təklif etmişik ki, ananın sosial müdafiəsinin təmini normal rifahına təminat verir. Hətta ən çətin durumda olan ana sosial müdafiəsi təmin olsaydı o zaman övladından imtina etməzdi. Mən sosial yardımların formasının dəyişməsi ilə bağlı da təklif vermişdim. Hətta normal işlərdə işləyən qadınlar var ki, analıq məzuniyyətində peşəsinə heç uyğun olmayan işlərlə məşğul olur ki, uşaqlarını təmin edə bilsin. Bu gün sosial müdafiənin təmini məsələsi çox önəmli məsələdir.
Bu prosblemlə bağlı ailə dəyərlərinin aşınması mövzusunu da qeyd etmək lazımdır. Əvvələr qadınlar nə qədər çətin durumda olsaydı da övladından vaz keçmirdi. Artıq ana-övlad münasibətlərində dərin çatlar yaranıb. Sarsılmaz dəyər hesab etdiyimiz ana-övlad münasibətləri belə artıq öz müqəddəsliyini müəyyən qədər itirib.
Bu prosesin üçüncü səbəbi isə arzuolunmaz hamiləlikdən doğulan uşaqlarla bağlıdır. Bəzən anaları baş verənlərlə bağlı öz uşaqlarını görməyə belə istəyi yoxdur. Bu cür faktlara ölkəmizdə də rast gəlmişik.
Yəni ümumiyyətlə bu cür amilləri kifayət qədər sadalamaq olar. Amma bütün bunların önündə təbii ki, anaların sosial təminatı mövzusu əsas məsələ kimi irəli çəkilməlidir. Uşaqlar üçün verilən müavinətlərin proqramı hazırlanmalıdır. Elə müavinətlər verilməlidir ki, analar o uşağı saxlamağa imkan versin. Eyni zamanda dəyərlər mövzusu da mütəxəssislərin ən diqqət yetirdiyi mövzulardan olmalıdır"./deyerler.org
7News.az








