Dünən Biləsuvar rayonunda baş verən qətlin detalları bəlli olub.
Daxili İşlər Nazirliyindən 7news.Az verilən məlumata görə, hadisə yanvarın 31-də Biləsuvar rayonunun Amankənd kəndində baş verib.
Əvvəllər məhkum olunmuş Asim Əliyev kənd sakini Azər Əliyevlə aralarındakı münaqişə ilə əlaqədar onun həyətinə gedib. Orada tüfəngdən açdığı atəşlə Azərin oğlu Şahinə və onu geri qaytarmaq üçün hadisə yerinə gələn öz qardaşı Adilə xəsarət yetirib. Nəticədə Adil hadisə yerində ölüb, baş nahiyəsindən xəsarət alan Şahin isə xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Asim Əliyev tutulub, hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng və 7 ədəd patron götürülüb.
7news.Az








