Son vaxtlar əcnəbilərlə evlənənlər xeyli artıb. Xüsusilə də qızların başqa ölkə vətəndaşlarına ərə getməsinə daha çox rast gəlinir. Fərqli mədəniyyətlərə və millətlərə mənsub insanları birləşdirən belə nigahlar müəyyən mənada uğurlu alınsa da, bunu etnik təhlükə hesab edənlər də var.
Azərbaycanda əcnəbilərlə ailə quranların sayı artıb. Ailə Qadın və Uşaq Problemləri komitəsinin məlumatına görə 2015-ci ildə 2 min 680 nəfər əcnəbi ilə nikaha daxil olub. Bu rəqəm 2013-cü ildə 2780 idi və 2014-cü ildə azalaraq 1816 nəfər təşkil etmişdi. Ümumiyyətlə hər il əcnəbilərlə nikaha daxil olanların sayı 2600-2700 arasında dəyişir. Azərbaycan vətəndaşları xüsusilə Rusiya, Türkiyə və Gürcüstan vətəndaşları ilə ailə qururlar.
Sosioloq Rafael Həsənov deyir ki, qarışıq nigahlar etnik tərkibin dəyişilməsi baxımından bütün dünyada birmənalı olaraq təhlükəli hesab olunur.
Bununla belə həm fiziki, həm də intellektual yeni bir nəslin yetişməsi cəhətdən qarışıq nigahların müsbət tərəfləri də var. Ancaq istənilən halda əcnəbi insanla ailə qurmaq daha ciddi düşünülmüş bir addım olmalıdır.
Əcnəbi ilə ailə qurularkən nəzərə alınacaq digər məsələ isə vətəndaşlıq və hüquq aktlarıdır.








