“İstənilən halda yerli bazarda ucuzlaşma olmalıdır”.
BMT-nin ərzaq və kənd təsərrüfatı təşkilatı (FAO) ərzaqların dünya qiymətləri barəsində statistik məlumatlar yayıb.
Məlumata görə, 2015-ci ilin avqust ayında ərzağın qiymətləri 5,2% ucuzlaşıb. Bu isə 2008-ci ildən bu yana ən kəskin ucuzlaşmadır.
Bundan başqa, FAO-nun məlumatına görə, dənlilərin qiymət indeksi 7% azalıb. Bitki yağı 8,6%, süd məhsulları 9,1% ucuzlaşıb. Ən çox ucuzlaşan isə şəkər olub – 10%.
Təşkilat ucuz qiymətləri, 2014-cü ildə əldə edilən bol məhsul ilə izah edir.
Belə ki, dənlilər üzrə rekord əldə edilərək məhsulun həcmi 2,54 milyard tondan ibarət olub. Cari ildə məhsulun həcminin əvvəlki ildən 0,8% az olacağı gözlənilir.
2014-15 mövsümünün nəticələrinə görə, bütün növ dənli bitkilərin ehtiyatları artıb. Belə ki, onların ümumi həcmi 44 milyon ton artıb. Buğda ehtiyatı 14 milyon ton, yem taxılı 33 milyon artıb. Yalnız düyü ehtiyatları bir qədər azalıb.
Dünya üzrə ərzağın qiymətinin ucuzlaşması Azərbaycanda qiymətlərə necə təsir göstərə bilər? Yaxud ucuzlaşma FAO-nun hesabatında bildirildiyi kimi, ərzağın bolluğu ilə bağlıdır?
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, ərzağın dünya qiymətlərinin ucuzlaşmasının səbəbi neftin qiymətinin düşməsi və dolların bahalaşması ilə bağlıdır:
“Dünya üzrə ərzağın ucuzlaşması əslində son dövrlər müşahidə edilir. Bunun da əsas səbəbi neftin ucuzlaşması səbəbindən yanacağın ucuzlaşması, digər tərəfdən dolların bahalaşması ilə bağlıdır”.
Ekspertin sözlərinə görə, obyektiv və subyektiv səbəblərdən ərzağın ucuzlaşmasının Azərbaycana təsiri yoxdur:
“Azərbaycan daxili istehlakını öz istehsalı ilə təmin edir, amma hamısını yox. Məsələn, bəzi məhsullar (şəkər, çay) ilə ölkə öz tələbatlarını ödəyir. Belə ki, Azərbaycan ərzaqla təminatının 80%-ni daxili istehsal hesabına təmin edir, qalan təxminən 20% məhsul isə idxal olunur.
Ucuzlaşmaya gəldikdə isə bunun istənilən halda bizə təsiri var, amma bir sıra hallarda bu ərzaq məhsullarının ölkəyə idxalı baha başa gəlir. Hətta, neftin qiyməti ucuzlaşsa belə, biz daxildə ucuzlaşma hiss etmirik”.
Ekspertin qənaətinə görə, əgər Azərbaycanda manatın devalvasiyası baş verməsəydi bu halda ölkəyə idxal olunan məhsullar da ucuzlaşardı:
“Bir çox ölkələrdə devalvasiya prosesi baş verib, bunun səbəbindən qiymətlər 15-20% bahalaşıb. Azərbaycanda isə manatın ucuzlaşması prosesi baş verməsə idi, bu halda daxildə ərzağın ucuzlaşmasını hiss etmək olardı. Çünki bildiyiniz kimi, Rusiya, Türkiyə kimi ölkələrdə də dolların bahalaşması müşahidə edilib. Amma bizdə əksinə bahalaşma oldu”.
Onun sözlərinə görə, Rusiyada rubl ucuzlaşır, ölkə isə qiymətləri aşağı salır, bu isə qiymət ucuzlaşmasına gətirib çıxarır.
S.Əliyev onu da əlavə edib ki, ərzağın dünya üzrə qiymətinin ucuzlaşmasına səbəb FAO-nun da qeyd etdiyi kimi bolluq ola bilər:
“Bu gün ərzaq qıt olarsa, dollar nə qədər bahalaşsa da bu qiyməti heç vaxt ucuzlaşdıra bilməz. Deməli, söhbət ərzaq bolluğu olan şəraitdən gedir. Amma ucuzlaşmağa səbəb də təkcə bu deyil. Yanacağın ucuzlaşması ərzaq bolluğuna gətirən səbəblərdən biridir. Daşınma xərci aşağı düşəndə daha çox ərzağı bazara çıxartmaq mümkün olur, xərc çoxalanda isə ərzaqla təminat aşağı düşür. Bunlar bir-biri ilə əlaqəli olan məsələlərdir. Bütün alqı-satqı dollar ilə aparılır. Dolların kursunun dəyişməsi ərzağa təsir göstərir. Amma o fikri də qəbul edirəm ki, ərzağın bol olması qiyməti ucuzlaşdırır” - deyə, ekspert vurğulayıb.
Bundan əlavə, iqtisadçı-ekspert Oqtay Haqverdiyev isə düşünür ki, idxal az olsa da belə, ucuzlaşma yerli bazarda da müşahidə olunmalıdır:
“Birincisi, bizim idxal struktrumuza baxsaq görərik ki, ölkəyə cəmi 10-12% ərzaq gətirilir. Yəni o qədər də çox yox. Hər halda qiymətin dəyişməsi yerli bazara da təsir etməlidir. Amma rəqabət mühiti az olduğundan ucuzlaşmanı hiss etmirik”.
Qeyd edək ki, bir müddət əvvəl Dövlət Statistika Komitəsi qeyd etmişdi ki, Azərbaycanda ərzağın qiymətləri cüzi də olsa ucuzlaşıb. Cəmi 0,3%./oxu
7news.az








