Gəncə şəhərində dahi şair - Nizami Gəncəvinin adını daşıyan küçə abadlaşdırma və yenidənqurma işlərindən sonra prospektə çevrilib. Hazırda isə burada Azərbaycan memarlığının tarixində ilk dəfə olaraq açıq səma altında prospekt-muzey yaradılır. Qonaqlar və gəncəlilər prospekt boyu irəlilədikcə dahi şairin yaradıcılığı ilə daha yaxından, əyani şəkildə tanış ola biləcəklər.
Nizami prospekti təbii fəlakətlər, tarixi çəkişmələr və siyasi münaqişələr üzündən dəfələrlə yerdəyişmələrə məruz qalan qədim Gəncə şəhərinin sonuncu tikililərindəndir. Qırmızı kərpicdən hörülən kümbəzli və açıq eyvanlı evlər özündə bu qədim şəhərin memarlıq simasını yaşadır. Azərbaycanın memarlıq tarixində ilk dəfə olaraq qədim məhəllədə açıq səma altında prospekt-muzey yaradılır. Prospekt boyunca divarlarda Nizaminin əsərlərinin motivləri əsasında miniatür üslubunda işlənən nəhəng mozaik pannolar yaradılır. Prospektin hündürlüyü 3 metr, eni isə 1 metr 50 santimetr olmaqla 20 memarlıq nümunəsi bəzəyəcək. Gəncənin baş rəssamı Şərif Şərifovun sözlərinə görə, işlər artıq iki aydır davam edir. Nizami dövrünün mühitini, qədim ab-havanı yaratmaq məqsədilə bərpa zamanı orta əsrlərə və Gəncə memarlığına və xalq sənətinə xas olan ornamentlərdən də istifadə olunur./ttv
7news.az








