Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək. Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta ilə həyata keçiriləcək.
Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Baş həkim qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir. O, rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq”.
D.Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
"Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir”.
O əlavə edib ki, klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.








