"Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasında ekoloji problemlərin azaldılması istiqamətində tədbirlər görülür".
Bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Davamlı inkişaf və ekoloji sivilizasiya” mövzusunda keçirilən dəyirmi masada çıxış edərkən deyib.
Nazir bildirib ki, Azərbaycan karbon birləşmələrinin 30 faiz azaldılması haqqında öhdəlik götürüb. O, hazırda ölkədə mazutdan istifadənin azaldığını və meşə ilə örtülü sahələrin artırıldığını söyləyib: "Mən qeyd etməliyəm ki, iqtisadiyyat 3 dəfə böyüsə də, karbon birləşmələrinin atılması 28 faiz azalıb. Biz öz inkişafımızı davamlı etdirmək istəyirik, alternativ enerji resurslarından istifadə etməklə, bunu həyata keçirməyi qarşıya məqsəd qoymuşuq. Azərbaycan qonşu ölkələrlə müqayisədə meşə ilə az örtülü ərazidir. Ancaq buna baxmayaraq, Azərbaycanda son illər meşə ilə örtülü ərazilər 11,4 faizdən 11,8 faizə qədər artıb və gələn il bu rəqəm 12,1 faiz olacaq. Azərbaycanda son illər 4000 hektar ərazidə yaşıllıq salınıb. Azərbaycanda tarixən olan zeytun əkinlərinin sayı 3 dəfə artıb”. /apa
7News.Az








