“Mütləq mexanizm olmalıdır”.
Azərbaycanda turizm fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısından çıxarılıb. Belə ki, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısında isə bu fəaliyyət növü əksini tapmayıb.
İndiyə qədər isə turizm fəaliyyəti üçün 5500 manat dövlət rüsumu ödənilməklə Mədəniyyət və Turizm Nazirliyindən lisenziya alınıb.
Azərbaycan prezidenti tərəfindən imzalanan bu Fərmanın həm müsbət, həm də mənfi cəhətlərini Azərbaycan Turizm Assosiasiyasının (AzTA) idarə heyətinin sədri Nahid Bağırovla araşdırılıb.
“Fərmana görə, mehmanxana tipli obyektlər, eləcə də turizm şirkəti kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmayacaq. Yəni, onlar lisenziya almadan fəaliyyət göstərə bilərlər. Biz bu Fərmandan dolayı irəli gələn məsələləri alqışlayırıq.
Belə ki, heç kəsə sirr deyil ki, bu biznes mühitinin yaxşılaşdırılması, ölkədə fəaliyyət göstərən sahibkarların daha da səmərəli işləyə bilməsi üçün atılmış addımdır”,- deyə N.Bağırov deyib.
Onun sözlərinə görə, bazarda süni şəkildə turizm şirkətlərinin sayı arta bilər:
“Bununla belə əgər bu gün lisenziyalar yığışdırılırsa, bazarda süni şəkildə turizm şirkətlərinin sayı arta bilər. Sözsüz onlar arasında bunların yaxşısı da pisi də olacaq. Bu halda, dələduzluq halları da arta bilər. Dövlət bu sahədə hər-hansı mexanizm işləyib hazırlamalıdır. Mütləq mexanizm olmalıdır”.
Assosiasiya sədri bazarı tənzimləyən mexanizmin işləməsinin vacib olduğunu qeyd edib:
“Əvvəllər Mədəniyyət və Turizm Nazirliyi turizm şirkətlərinə nəzarət edirdilər, yoxlayırdılar. Amma bundan sonra özbaşına fəaliyyət göstərəcəklər. Bəli, biz bu Fərmanı alqışlayırıq, ancaq bununla bağlı da müəyyən mexanizmlərin işlənməsini vacib hesab edirik. Fikrimcə, bu mexanizmlər nəzarət orqanı tipli deyil, sahibkarların vicdanlı işləməsinə hesablanmalıdır”.
“Elə turizm şirkətləri var ki, göstərdiyi fəaliyyət ilə başqa turizm şirkətinin imicinə xələl gətirirlər. Bu da ümumən bütün bazarın imicini aşağı salır”, - deyə o əlavə edib./oxu
7news.az








