RU
Azərbaycanı artıq bütün dünya tanıyır
21:18
3428

Azərbaycanı artıq bütün dünya tanıyır

"Hesab edirəm bu, strateji hədəfə çatmaq deməkdir"

Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli idman yarışını uğurla başa vurdu. Söhbət"Formula-1" üzrə Avropa Qran-prisi yarışlarından gedir. Belə ki, iyunun 17-19-u tarixlərində Bakıda baş tutan "Formula-1" üzrə dünya çempionatının səkkizinci - Avropa Qran-pri yarışları keçirilib. Məlumat üçün bildirək ki, hər biri iki pilotla təmsil olunan 10 komandanın birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometr təşkil edib. Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri mübarizə aparıblar. Nadir xüsusiyyətlərə sahib Bakı şəhər halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil olan İçərişəhəri, paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərəni görə biliblər.

Məlumat üçün qeyd edək ki, layihənin müəllifi bütün müasir "Formula-1" treklərinin memarı olan Herman Tilkedir. Bakı şəhər halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçib. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. Bundan başqa, trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olub. Ümumilikdə 30 minə yaxın tamaşaçı yarışı tribunalardan canlı izləyə bilib. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edib. İyunun 19-da 11 komandadan 22 pilotun qatıldığı 8-ci mərhələ əsas yarışla yekunlaşıb. Onu da qeyd etmək yerinə düşər ki, yarışları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da canlı izləyib. Gərgin keçən mübarizə şəraitində Avropa Qran-prisinin qalibi "Mercedes" komandasından Niko Rosberq olub. O, 51 dövrədən ən tezini 1:47,023 dəqiqəyə daha sürətli keçib. İkinci yeri isə "Ferrari" komandasından Sebastian Fettel ( 1:48, 921) tutub. İlk üçlüyü isə "Force İndia"dan Serxio Peres bölüşdürüb. Onun nəticəsi 1:48,269 dəqiqə olub. Mükafatçılara kuboku prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva, Avtomobil İdmanı Federasiyasının prezidenti İlqar Ələkbərov və gənclər və idman naziri Azad Rəhimov təqdim ediblər.

İstər yarışlar ərəfəsində bütün dünyanın diqqətinin Bakıya, Azərbaycana yönəlməsi, istər onu izləmək üçün minlərlə xarici turistin ölkəmizə təşrif buyurması onu deməyə əsas verir ki, "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi bütün parametrlər üzrə dövlətimizə yalnız və yalnız xeyir gətirəcək. Elə əksər ekspertlər, ictimai-siyasi fəallar da bu qənaətdədir. Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Analitik Mərkəzinin rəhbəri, siyasi təhlilçi Azər Verdiyevlə söhbətimizdə də "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda keçirilməsinin ölkəmizə verə biləcəyi müsbət dividentlər barədə danışdıq. Azər Verdiyev "OLAYLAR"-a verdiyi müsahibədə bildirib ki, "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizin turizm potensialının təbliğ edilməsi, tanıdılması baxımından da əhəmiyyətlidir.

-Azər müəllim, "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün hansı dividentlər vəd edir?

-Etiraf etmək lazımdır ki, son 5 ildə Azərbaycan bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bu qısa zaman kəsiyində həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmdəki imicinə olduqca müsbət təsir edir. Bu kimi yarışlar ölkəmizə kifayət qədər iqtisadi dividentlər vəd edir. Bilirsiniz ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün əsas şərt iqtisadi və siyasi sabitlik mühitinin olmasıdır. Bu gün hər iki sahə üzrə Azərbaycanda mövud olan vəziyyət qaneedicidir. Əgər belə olmasaydı "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının Azərbaycanda keçirilməsi müvafiq beynəlxalq idman federasiyaları tərəfindən məqsədəuyğun sayılmazdı.

-Bu yarışlar ölkədə turizmin inkişafına hansı töhfələr verəcək?

-Məlumat üçün qeyd edim ki, Birinci Avropa Oyunları öncəsi və yarışın gedişatı zamanı da ölkəmizə kifayət qədər turist axını oldu. Demək olar ki, bütün mehmanxanalar bron olunmuşdu. Eyni hal ilə indi də qarşılaşdıq. Məndə olan məlumata görə turislərin böyük əksəriyyəti 5 ulfuzlu otellər sifariş ediblər. Bu olduqca mühüm haldır. Onu da qeyd edək ki, dünya şöhrətli pilotların Bakı haqqında paylaşımları olduqca böyük rezonansa səbəb olub.

-"Formula-1" üzrə Avropa Qran-pri yarışları eyni zamanda Azərbaycanın regiondakı siyasi gücü, çəkisini sübuta yetirmirmi?

-Bu birmənalı şəkildə belədir. Azərbaycan siyasi və iqtisadi baxımdan regionun lider ölkəsidir. Ölkəmizin icazəsi olmadan regionda heç bir layihə reallaşmır. Artıq idman sahəsində də ölkəmiz liderdir. Dünya Azərbaycanı sabit, dinamik inkişaf edən ölkə kimi tanıyır. Heç şübhəsiz ki, bu Azərbaycan Respublikasının Prezident Cənab İlham Əliyevin apardığı uğurlu siyasətin məntiqi nəticəsidir

-Bu cür tədbirlərin Azərbaycanın mədəniyyəti, ölkəmizin təbliğatında nə dərəcədə rolu var?

-Bəzən bir ölkə özünü dünyada təqdim etmək üçün milyardlar xərcləyir, bundan başqa yüz illər sərf edir. Biz isə son 5 ildə "Avroviziya", Birinci Avropa Oyunlarına və "Formula- 1" üzrə Avropa Qran-pri yarışına ev sahibliyi etməklə yüz illik yolu 5 ilə qət etmiş olduq. Ölkəmizi artıq bütün dünya tanıyır. Hesab edirəm bu strateji hədəfə çatmaq deməkdir.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ