"Kim ki Yay Paralimpiya Oyunları zamanı mənə dəstək oldu, hamısına təşəkkür edirəm. Bu mənim üçüncü qızıl medalım idi”.
Bunu Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında üçüncü qızıl medalı qazanan üzgüçü Roman Saley deyib.
Bu gün 100 metr məsafəyə baterflay üsulu ilə üzmədə özünün üçüncü, Azərbaycanın 12-ci qızıl medalını qazanan Roman Saley sevincini belə biruzə verib:
"Mən bu idmanı sevirəm. Çox şadam və uğurların davamını gətirməyə çalışacağam”.
Qeyd edək ki, Roman Saley bu gün üçüncü qızıl medalı qazanmaqla cüdoçu İlham Zəkiyev kimi dördqat Paralimpiya mükafatçısı olub. Belə ki, o, 2016-ci il Rio Paralimpiya Oyunlarında gümüş (100 metr arxası üstə üzmə), 2020-ci il Tokio Paralimpiya Oyunlarında isə üç qızıl medal (100 metr arxası üstə üzmə, 100 metr sərbəst üsulla üzmə, 100 metr baterflay üsulu ilə üzmə) qazanıb.








