Avropa ölkələrinin rəsmi OGAE (Organisation générale des Amateurs de l'Eurovision) klubları Stockholmda təşkil ediləcək 61-ci “Eurovision” mahnı yarışmasının iştirakçıları üçün səslərini verməyə davam edir.
Artıq 20 ölkə səsvermədə iştirak edib. İndiyənə kimi OGAE fan klublarından bal almayan ölkələrin adları da məlum olub.

Albaniya, Belarus, Bosniya və Herseqovina, Danimarka, Finlandiya, Gürcüstan, Almaniya, Yunanıstan, Moldova, Çernoqoriya, Hollandiya, İsveçrə və Birləşmiş Krallıq səs yığmayan ölkələr sırasındadır.

OGAE Andorra, OGAE Avstriya, OGAE Azərbaycan, OGAE Finlandiya, OGAE Almaniya, OGAE İsrail, OGAE İsveç, OGAE Birləşmiş Krallıq, OGAE Moldova və OGAE Bolqarıstan səsvermədə hələlik iştirak etməyib.
Moldova və Bolqarıstanın OGAE klubları rəsmi olaraq səsvermədə iştirak etməyəcəklərini açıqlayıb.
Ölkələrin qeyri-rəsmi səsverməsinin nəticələrinə görə, birinci yeri 325 balla Fransa tutur.

Siyahıda ikinci Rusiya (304 bal), üçüncü Avstraliya (225 bal), dördüncü Bolqarıstan (137 bal) və beşinci isə İtaliya (125 bal) olub.
Azərbaycan təmsilçisi Səmra Rəhimlinin "Miracle" mahnısı isə 17-ci sırada qərarlaşıb (31 bal).

Qeyd edək ki, OGAE “Eurovision” müsabiqəsinin fan klub təşkilatıdır. Sözügedən klub 40-dan çox ölkədə fəaliyyət göstərir.
2007-ci ildən yaranan təşkilatda səsvermələr rəsmi müsabiqədə olduğu kimi aparılır, hər ölkə bəyəndiyi 10 mahnını 1-8, 10 və 12 xalla mükafatlandırır. Qaydalara əsasən, hər ölkə öz mahnısına səs verə bilməz./qafqazinfo
7News.Az








