Ticarət dövriyyəsinin 42,3%-i Avropa İttifaqı ölkələrinin payına düşüb.
2016-cı ilin yanvar-aprel aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub.
Bu barədə 7news.Az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.
“Bu ilin ilk dörd ayında xarici ticarət dövriyyəsi 6 milyard 453,9 milyon dollar, o cümlədən ixracın dəyəri 3 milyard 859,7 milyon dollar, idxalın dəyəri 2 milyard 594,2 milyon dollar təşkil edib, nəticədə 1 milyard 265,5 milyon dollarlıq müsbət ticarət saldosu (yəni, xaricə satdığımız, xaricdən aldığımızdan çoxdur) yaranıb. Müsbət saldo illik müqayisədə 1 milyard 315,5 milyon dollar və ya 50,97% azalıb.
Ticarət dövriyyəsinin 42,3%-i Avropa İttifaqı ölkələri, 10,7%-i MDB üzvü dövlətləri, 47%-i isə dünyanın digər ölkələrinin payına düşüb”, - deyə komitədən qeyd edilib.
İxrac edilmiş məhsulların ümumi dəyərində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağlarının xüsusi çəkisi daha çox olub.
Komitədən qeyd edilib ki, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.
7news.Az








