Moskvanın cənubunda inşa edilmiş və Rusiya paytaxtının beş ən yaxşı ticarət-əyləncə kompleksindən biri olan "Columbus" Azərbaycan əsilli yəhudi milyarderlər Roman və Solomon Manaşirovların əllərindən alınır.
7News.Az virtualaz.org-a istinadən bildirir ki, obyekt "Qazprombank"ın mülkiyyətinə keçə bilər. Buna səbəb Manaşirov qardaşlarının "Qazprombank"dan götürdükləri və obyektin tikintisinə sərf etdikləri krediti qaytarmaqda çətinlik çəkməsidir. Qardaşlardan Roman hazırda həbsdədir, Solomon isə İsrailə qaçıb. Onların adları "Forbes"in daşınmaz əmlak kralları siyahısındadır.
Rusiya mənbələri xəbər verir ki, hazırda obyektin icarəçilərinin işləri yaxşı getmir. Böhrana görə bütün daşınmaz əmlak sahiblərinin gəlirləri azalıb. Manaşirov qardaşları isə üstəlik cinayət təqibi ilə üzləşdiklərindən işləri daha qəlizdir.
Moskvanın Kirovqrad küçəsində yerləşən, sahəsi 277 min kvadratmetr olan "Columbus" ticarət-əylənə kompleksinin tikintisi üçün "Qazprombank"dan 300 milyon dollar kredit götürülüb. Əvəzində obyekt girov qoyulub. Kreditin götürülməsi Dövlət Dumasının deputatı İldar Samiyevin dəstəyi sayəsində mümkün olub. Məlumatlara görə, bunun əvəzində deputat obyektə şərikdir. Bildirilir ki, kreditin qaytarılmasında fasilələr yaranır və bank məhkəməyə müraciət edərək obyektin mülkiyyət hüququnu almağa hazırlaşır.
7News.az








