RU
İlin ən yaxşı həkimi seçildi
16:30
2790

İlin ən yaxşı həkimi seçildi

İlin ən yaxşı həkimi seçildi.
Azərbaycanlı tanınmış həkim Orucova Elza Qüdrət qızı "İlin həkimi" milli mükafatına layiq görülüb.
7NEWS.az xəbər verir ki, fevralın 17-də "Menecment İnternational Qrup" tərəfindən təsis olunan mükafat Azərbaycan Tibb sahəsində göstərdiyi xidmətlərə görə Orucova Elzaya təqdim edilib.
Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru, yoluxucu xəstəliklər üzrə mütəxəssis olan Elza Orucova 1 saylı şəhər klinik xəstəxasında yoluxucu xəstəliklər şöbəsində çalışır.
Haqqında 
Orucova Elza Qüdrət qızı 1955-ci il fevralın 4-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Mığrı bölgəsinin Maralzəmi kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1972-1978 –ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda (indiki ATU) təhsil alıb. Ali təhsili başa vurduqdan sonra Sumqayıt şəhərində həkimlik fəaliyyətinə başlayıb.
1989-cu ildə Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının baş laborantı vəzifəsinə qəbul olunmuş, 1990-cı ildə assistent vəzifəsinə seçilib. 1993-cu ildə "Bağırsaq yersiniozunun kompleks müalicəsində maqnitoterapiyanın tətbiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və ona tibb elmləri namizədi alimlik dərəcəsi verilib. 1996-cı ildə dosent elmi adını alıb. 1996-2005 – ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnfeksionistləri Attestasiya Komissiyasının üzvü olub. 1999-2011- ci illərdə kafedrada tədris hissə müdiri vəzifəsində işləyib. Hazırda "Kəskin respirator virus infeksiyalarının diferensial diaqnozu və və kompleks müalicəsinə müasir yanaşma” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır.
Bundan başaqa 70-ə yaxin elmi və tədris metodik işi, o cümlədən 6 metodik tövsiyə və göstəriş, 1 tədris-metodik vəsait, 3 yoluxucu xəstəliklər fənni üzrə tədris proqramı, 2 yoluxucu xəstəliklər ixttisası üzrə rezidentura tədris proqramı, 1 dərs vəsaiti, 1 dərslik (həm müəlliflərlə) nəşr edilib.
Eyni zamanda Orucova Elza Qüdrət qızı 2003-cü ildə "Vektor” Beynəlxalq Elm Mərkəzinin "XXI əsrin tanınmış həkimi” Beynəlxalq diplomuna layiq görülüb. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının Fəxri Fərmanı (2010) ilə təltif edilib. 1 bədii ədəbiyyatın müəllifidir (Elza Qüdrətqızı "Qüdrət müəllim 30 ildən sonra”, 2011, 660 səh.).
Hal-hazırda kafedranın dosenti vəzifəsində çalışmaqla xəstələrə müalicə və diaqnostik tədbirlərə dair məsləhətlər verir, həmçinin yoluxucu xəstəliklər üzrə mütəxəssis kimi Bakı şəhərinin bir sıra müalicə müəssisələrinə elmi-praktik konsultativ köməklik göstərir.
Üzv olduğu qurumlar 
Hazırda Orucova Elza Qüdrət qızı Avropa klinik mikrobioloqlar və infeksion xəstəliklər cəmiyyətinin (ECCMİD), "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyi, Azərbaycan Səhiyyə Nazirliyində "Qaraciyərin transplantasiyası” üzrə komissiyanın, eləcə də Azərbaycan infeksionistləri elmi-praktik cəmiyyətin idarə heyətinin üzvüdür. Eyni zamanda Dövlət İmtahan Mərkəzidə rezidentura təhsili üzrə yoluxucu xəstəliklər fənnindən ekspert, ATU üzrə rezidentlərin biliklərinin qiymətləndirilməsi üçün buraxılış yekun attestasiya komissiyasının üzvü, həmçinin ATU-nun yoluxucu xəstəliklər kafedrasında test imtahan sualları üzrə baş ekspert, ATU-nun nəzdində olan FD 03.012 Dissertasiya Şurasının 3205.07 - terapiya və 3221.01 - yoluxucu xəstəliklər ixtisasları üzrə aprobasiya və rəsmi müdafiə şuralarının birdəfəlik üzvü, ATU-nun müalicə işi ixtisası üzrə inteqrasiyalı kurikulum komissiyasının üzvü, ATU-nun II MPF-nin həmkarlar bürosunun üzvü  və ATU-nun II MPF-nin elmi şura üzvüdür.
Qeyd edək ki, Elza Orucova təkcə ölkəmizdə deyil, xaricdə də tanınan həkimlərdəndir. O Avropa klinik mikrobioloqlar və infeksionistlər cəmiyyətinin üzvüdür. Tanınmış həkim bu ilin aprel ayında konqresdə iştirak üçün İspaniyaya yola düşəcək.
7News.az
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ