Şirkətdən verilən rəsmi açıqlamada "Azercell” işçilərinin
şəxsi həyatına müdaxilə etməmək tövsiyə olunur
365info.az-da olan məlumata görə, bir neçə "Azercell” əməkdaşı tərəfindən
mətbuata müraciət olunub. Oxuculara xatırladaq ki, bu yazının dərcindən əvvəl
biz redaksiyamıza verilən məlumatları araşdırmağa və qarşı tərəfin də mövqeyini
öyrənməyə çalışdıq.
Qeyd edək ki, aşağıdakı məlumatda ad və soyadları, eləcə də şöbə adlarını
dəyişdirmişik. Lakin oktyabrın 6-da "Azercell” şirkətinin mətbuat xidmətinə
göndərdiyimiz elektron məktubda dəqiqliyi ilə bütün şəxslərin kimliyi və adları
qeyd olunub. Əlbəttə ki, sözügedən məsələnin ailə-məişət mövzusundan
yarandığını anlayırıq, lakin özünü "Azercell” ailəsindən hesab edən
vətəndaşların narahatlığını da nəzərə alaraq, bu məlumatı araşdırmağı və
ictimailəşdirməyi lazım bildik.
365info.az saytına verilən məlumatda bildirilir: "E. Məmmədov (ad-soyad
şərtidir) adlı şəxs uzun müddətdir "Azercell”də şöbələrin birində işləyir.
Hazırda da öz fəaliyyətini davam etdirir. Bu ilin avqust ayında o ailəvi dostu
olan və uzun illər "Azercell”in şöbələrin birində çiyin-çiyinə çalışdığı
N.Atayevin (ad-soyad şərtidir) həyat yoldaşına axşam radələrində SMS yollayaraq
nalayiq təkliflər edib. N.Atayevin həyat yoldaşı E.Məmmədov tərəfindən ona
yazılan SMS-i N.Atayevə göstərib və bundan sonra N.Atayev bu məsələni
E.Məmmədovdan aydınlaşdırmaq üçün görüşüb və xoşagəlməz hərəkətə aydınlıq
gətirməyi tələb edib. E.Məmmədov SMS-i yazarkən içkili vəziyyətdə olduğunu
N.Atayevə bildirib. Və yerindəcə layiqli cavabını alaraq, hadisə yerindən qaçıb.
E.Məmmədov hadisənin növbəti günü "Azercell”in rəhbərliyinin adına ərizə
yazaraq öz xahişi ilə işdən azad olunmağını istəyib. Birinci ərizədə E.Məmmədov
olanları dərk edərək rüsvayçılıqdan qurtulmaq üçün və həmin şirkətdə demək olar
ki,hamının bu hadisədən xəbəri olduğuna görə, rəhbərliyə birinci ərizəni yazıb.
Və dərhal "Azercell” şirkətinin rəhbərliyi onun vəzifədən azad olunmasına
razılıq verib. Lakin "Azercell”in şöbə müdürlərindən biri F.Babaşovun (ad-soyad
şərtidir) təkidi ilə, E.Məmmədov hüquqşunaslarla məsləhətləşəndən sonra,
yenidən rəhbərliyə ərizə yazaraq, birinci ərizəni təzyiq altında yazdığını
bildirib, hətta birinci ərizəni etibarsız sayılmasını xahiş edib. Beləliklə,
F.Babaşov öz yaxın dostu E.Məmmədovu "Azercell”dən xaric olunmasına mane olub,
rəhbərliyə təsir göstərərək, bu şəxsi müdafiə edib. İkinci ərizədən sonra,
F.Babaşov dostu E.Məmmədovu bölgələrdən birinə ezam edib ki, onu çalışdığı
şöbədə saxlasın və ara sakitləşəndən sonra yenidən Bakıya qaytara bilsin. Bizdə
olan məlumata görə bu hadisəni eşidən "Azercell”in bir neçə əməkdaşları "Azercell”
rəhbərliyinə bu hadisəyə həssas yanaşmasını xahiş ediblər və "Azercell”
ailəsində ilk dəfə belə bir hal olduğuna görə, adı çəkilən əməkdaşlar bundan
sonra E.Məmmədovla birgə çalışmaq istəmədiklərini öz müraciətlərində
bildiriblər.
"Yox” cavabıyla tanış olan "Azercell”in bir neçə əməkdaşları ikinci dəfə
təkrarən Azercell rəhbərliyinə müraciət edərək bildiriblər ki, "heç olmasa
E.Məmmədov başqa şöbəyə keçirilsin, biz əməkdaşlar onunla ünsiyyətdə olmayaq”.
Lakin yenə də, çox müəmmalı şəkildə, daha doğrusu, F.Babaşovun müdaxiləsindən
sonra "Azercell”in rəhbərliyi E.Məmmədovu çalışdığı şöbədə saxlamağa qərar
verib. Və bu qərardan narazı olan əməkdaşlara xəbərdarlıq edilib ki,
E.Məmmədovun çalışdığı şöbədə qalması ilə barışmalısınız. Lakin, "Azercell”dən
aldıqları cavab narazı qalanları qane etmədiyi üçün, onlar məcburiyyət
qarşısında qalaraq bu hadisənin ictimailəşməsinə razılıq veriblər”.
Oktyabrın 7-də "Azercell”dən sorğumuza aldığımız cavabda bildirilir: "Hörmətli
Anar Qasımov, "Azercell Telekom” MMC işçilərin şəxsi həyatına aid və iş
vaxtından kənar baş vermiş hadisələrə dair şirkət adından rəsmi açıqlama
verilməsini qanuna uyğun hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının
asağıdakı maddələri vətəndaşların şəxsi və ailə həyatının toxunulmazlığını
təmin edir. Müvafiq olaraq, KİV haqqında qanunun asağıdakı 8-ci maddəsi
şəxslərin şəxsi və ailə həyatı ilə bağlı məlumatların yayımını nəzərdə tutmur.
Tam tərsinə, qanunun 10-cu maddəsində belə hallar jurnalistlərin sui-istifadəsi
hesab edilir və 44-cü, 60-cı maddələrdə bu kimi pozuntu ilə bağlı əks tədbirlər
və məsuliyyət müəyyən edillib. Qeyd olunan hüquqi əsasları nəzərə alaraq,
vətəndaşların şəxsi həyatı ilə bağlı məsələlərin ictimailəşdirilməsindən imtina
etməyinizi təklif edir, Azercell işçilərinin şəxsi həyatında baş verənlərin
şirkət rəsmiləri tərəfindən şərh olunmasına ehtiyac görmürük”. Həmin məktuba
Azərbaycan Konstitusiyasının və "KİV haqqında” Qanunun bir neçə maddəsi də
əlavə olunub.
"Azercell” rəhbərliyinin və oxucuların da diqqətinə çatdırırıq ki, biz
insanların şəxsi həyatına müdaxilə etmirik və şərti olaraq E.Məmmədov kimi qeyd
etdiyimiz şəxsin də münasibətini öyrənmişik. "Yalandır, böhtandır, belə şey
olmayıb”, – deyə E.Məmmədov bildirib. "Yaxşı, bəs sizinlə bağlı niyə belə
ittihamlar səsləndirilsin ki?” – deyə maraqlandıq. "Bilmirəm. Yəqin, kimlərinsə
mənimlə qərəzi var”, – deyə həmsöhbətimiz sualımızı cavablandırdı.
Əlavə edək ki, oktyabrın 7-də "Azercell”ə daha bir sorğu göndərmişdik (şirkətin
birinci cavabından sonra). Lakin hələ də aşağıdakı sorğumuza cavab ala
bilməmişik: "Çox sağolun, təklifinizi dəyərləndirərik, lakin bizdə sual doğuran
məqam odur ki, əməkdaşların "Azercell” rəhbərliyinə E.Məmmədovla bağlı
müraciəti olubmu, bu müraciətin mahiyyəti və ona verilən cavab nədən ibarətdir.
Əlbəttə, biz heç kimin ailə-məişət problemlərini "qurdalamırıq”, şəxsi həyatına
müdaxilə etmirik. Lakin bu məsələylə bağlı şirkət rəhbərliyinə həqiqətən də
müraciət olunub-olunmadığı barədə rəsmi münasibətinizi bildirməyi xahiş
edirik”. Təəssüflər olsun ki, ikinci sorğumuzdan yazının dərcinə qədər keçən 6
gün ərzində "Azercell”dən bizə cavab verən olmadı.
"Azercell”in ikinci sorğumuza cavabını dərc etməyə hələ də hazırıq
365info.az








